Məcburi köçkünlər üçün “Bir gün Qarabağda” adlı muğam konserti təşkil edilib
Avqustun 24-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şamaxı rayonunda Beynəlxalq Azərbaycan Muğamı Gününə həsr olunmuş “Bir gün Qarabağda” adlı konsert keçirilib. Avaxıl kəndi yaxınlığında yaşıllıq ərazidə açıq havada məcburi köçkünlər üçün təşkil olunmuş konsertə Beynəlxalq Muğam Mərkəzi, Xocalı, Xocavənd, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Zəngilan, Füzuli, Cəbrayıl, Qubadlı və Şamaxı Rayon İcra hakimiyyətləri dəstək veriblər.Azərbaycan mədəniyyəti tarixində muğam ifaçılığının Qarabağ və Şirvan məktəbləri önəmli yer tutur. Hər iki məktəbin yetirmələri milli mədəniyyətimizin inkişafına sanballı töhfələr veriblər və bu missiyanı gənc ifaçılar nəsli davam etdirir. Təbii gözəllikləri və muğama sevgisi ilə Qarabağın qan qardaşı, can sirdaşı sayılan Şirvan torpağında təşkil olunan konsert xalqımızın mədəni-mənəvi dəyərlərinə, onların qorunmasına və zənginləşdirilməsinə məcburi köçkünlərin dəstəyini nümayiş etdirmək məqsədi daşıyıb.
Tədbirdə qonaqları Dövlət Komitəsinin gənc könüllüləri qarşılayıblar. Onlar üçün milli və hərbi üslubda xüsusi hazırlanmış geyimlər xüsusilə göz oxşayıb. Gənc könüllü xanımlar baş örtüyü olan kəlağayılardan və araxçından istifadə edib, oğlanlar isə hər an döyüşə hazır olduqlarını göstərən, xüsusi hərbi geyimi xatırladan formada olublar. Geyimlərin məhz bu cür seçilməsində əsas məqsəd Azərbaycan mədəniyyətinin tarixi ənənələrinin qorunmasına göstərilən diqqətin bariz ifadəsidir.
Konsertin təşkil edildiyi ərazidə milli-adət ənənələri və xüsusilə əsl kənd həyatını özündə əks etdirən etnoelementlərdən istifadə olunub. Belə ki, ərazidə arabalar, arı yeşikləri, pətəklər, xüsusi zövqlə hazırlanmış saxsı və küp qablar, səhənglər, qədim samovarlar, təndir, bulaq, su quyusu və s. nümayiş olunub. Çobanın qoyun-quzunu yemləməsi, saman tayalarının hazırlanması isə kənd həyatını real şəkildə özündə əks etdirib.
Konsert proqramı zamanı qeyd olunub ki, qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət tədbirləri bu gün daha geniş miqyasda davam etdirilir. Otuz ildir işğalçılıq siyasəti həyata keçirən Ermənistan xalqımızın Qarabağda əsrlər boyu yaratdığı mədəniyyət abidələrini məhv etməklə yanaşı, qeyri-maddi mədəni irsimizə də sahib çıxmağa cəhd göstərir.
Bir daha diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin apardığı cəsarətli və qətiyyətli siyasət nəticəsində ölkəmizin ərazi bütövlüyü tezliklə bərpa olunacaq. Hazırda dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə məcburi köçkünlərin sosial problemlərinin həlli sahəsində genişmiqyaslı tədbirlər həyata keçirilir, indiyədək onlar üçün 104 qəsəbə salınıb. Bu layihələr işğaldan azad ediləcək ərazilərdə də davam etdiriləcək.
Artıq bir neçə ildir ki, 26 avqust - Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunur. Bu, xalqımızın milli sərvəti, dünya mədəniyyətinin şah əsəri sayılan muğama verilən bəşəri dəyərin ifadəsidir. Azərbaycan muğamının şöhrəti artıq bütün dünyaya səs salıb. Tarixin dərin qatlarından bizə gəlib çatan bu mədəni-mənəvi sərvətin qorunub saxlanmasında və daha da zənginləşdirilməsində, muğam sənətinin inkişafı üçün hər cür şərait yaradılmasında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müstəsna xidmətləri var. Məhz Mehriban xanımın təşəbbüsü ilə Azərbaycan muğamı UNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin inciləri siyahısına salınıb və beləliklə də onun dünya miqyasında təbliğinə geniş imkanlar açılıb. Azərbaycanın ərazi bütövlüyü məsələsinin, Qarabağ həqiqətlərinin bütün dünyaya çatırılması Fondun fəaliyyətinin ən mühüm istiqamətidir.
Tədbir iştirakçıları xalqımızın mədəni-mənəvi dəyərlərindən olan muğamlarımızın bir gün işğaldan azad edilmiş yurd yerlərimizdən bütün dünyaya yayılacağına əminliklərini ifadə ediblər.
Konsertdə muğamlarımız Beynəlxalq Muğam Mərkəzinin ansamblının və solistlərinin ifasında çoxsaylı tamaşaçılara təqdim olunub.