Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin idarə Heyətinin üzvləri xocavəndlilərlə görüşmüşdür.

02 oktyabr 2019 | 16:00

         Görüşdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlərdən danışıb. Təəssüflə bildirib ki, uzun illər keçməsinə baxmayaraq, Ermənistanın təcavüzkar siyasətini davam etdirməsi nəticəsində münaqişənin həlli istiqamətində irəliləyişə nail olunmayıb. ATƏT-in Minsk qrupunun 27 illik fəaliyyətinin heç bir müsbət nəticəsi yoxdur. İşğal altındakı torpaqlarımızın azad edilməsi üçün hər birimiz Ali Baş Komandanın, Azərbaycan Ordusunun yanında olmalıyıq.

        E.Hüseynov ötən dövrdə Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini, ordu quruculuğu, ölkəmizin haqq işinin dünyaya tanıdılması sahəsində böyük işlərin görüldüyünü diqqətə çatdırıb.

        “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri, icma rəhbəri Tural Gəncəliyev çıxışında qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. Ermənistanla informasiya müharibəsinin davam etdiyini bildirən icma rəhbəri deyib: “İşğalçı Ermənistan hakimiyyəti və onların Dağlıq Qarabağdakı əlaltıları olan cinayətkar ünsürlər Azərbaycana qarşı informasiya müharibəsi aparırlar. Bizim əsas vəzifələrimizdən biri Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq mövcudluğumuzu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, ermənilərin dünyada yalan təbliğatının qarşısını almaq, Dağlıq Qarabağdan qovulmuş, yaşamaq və mülkiyyət hüququndan məhrum olmuş 80 mindən çox azərbaycanlının həmin torpaqların sahibi olduğunu vurğulamaqdır. Ermənilərin ifşa edilməsi, informasiya müharibəsində önə keçmək üçün fəaliyyətimizi daim gücləndirməliyik. Sosial şəbəkə istifadəçiləri də bu işdə fəal olmalı, erməni təbliğat maşınına qarşı mübarizəyə öz töhfələrini verməlidirlər".

      Milli Məclisin deputatı Elman Məmmədov görüşün əsas məqsədinin Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının fəaliyyəti ilə bağlı məcburi köçkünlərin məlumatlandırılması, onların fikir və təkliflərinin dinlənilməsi olduğunu bildirib. O, xocavəndli məcburi köçkünləri Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri kimi fəal olmağa çağırıb.

         Görüşdə məcburi köçkünlərin fikir və təklifləri dinlənilib, sualları cavablandırılıb.

Keçidlər