9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş musiqili ədəbi-bədii gecə keçirilmişdir.
6 noyabr 2019-cu il tarixdə Rayon Mədəniyyət evində Salakətin kənd tam orta məktəbinin 4-b sinif şagirdlərinin iştirakı ilə Dövlət Bayrağı Gününə həsr olunmuş musiqili ədəbi-bədii gecə keçirilmişdir. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov da iştirak etmişdir. "Şərəf rəmzi” adlı tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanmışdır. Üçrəngli dövlət bayrağımız təntənəli musiqi sədaları altında səhnəyə gətirilmişdir.
Tədbirdə dövlətin atributlarından biri olan bayrağın müstəqilliyin, dövlətçiliyin və dövlət quruculuğunun rəmzi hesab olunmasından, Bakıda Dövlət Bayrağı Meydanının açılmasından və dünyanın ən uca bayrağının - Azərbaycan bayrağının təntənəli qaldırılmasından danışılmışdır. Hər birimiz üçün tükənməz qürur mənbəyi olan üçrəngli bayrağımızın ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis olunduğu, dövlət bayrağımızın indiyədək dəfələrlə dəyişdirildiyi, sovet imperiyasının əsarətindən qurtulandan sonra üçrəngli bayrağımızın yenidən bərpa olunduğu diqqətə çatdırılmışdır.
Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov ümummilli lider Heydər Əliyevin “Bayrağı sevmək, onu uca tutmaq hər bir vətəndaşın borcudur” sözlərini xatırlatmış, dövlətimizin müqəddəs rəmzlərindən olan bayrağımızın doğma Qarabağımızda dalğalanmasını arzulamış, məktəblilərin bayrağa və digər dövlət rəmzlərinə hörmətlə yanaşmasının vacibliyini vurğulamışdır.
Məktəbin şagirdləri Vətən, bayraq, azadlıq, müstəqillik haqqında şeirlər söyləmiş, kompozisiyalar ifa etmişdir.
Tədbirdə şagirdlər tərəfindən oxunan “Çırpınırdı Qara dəniz” "Yaşa, Azərbaycan" mahnıları alqışlarla qarşılanmışdır.