1-9 dekabr “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində yekun görüş keçirildi
Xocavənd rayonunda 9 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən həyata keçirilən 1-9 dekabr “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində yekun görüş keçirildi. Görüşdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov da iştirak etmişdir.
Könüllülük fəaliyyəti haqqında məlumat verən başçının müavini Əfsanə Quliyeva bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur. Bu məqsədilə Xocavənd Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviqinə başlamışdır. Hal-hazıra kimi icra hakimiyyətində 11 könüllü iş təcrübəsindən keçmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov əvvəlcə könüllü kimi fəaliyyətlərini uğurla başa vuran gəncləri səmimi qəlbdən təbrik edib, bundan sonrakı fəaliyyətlərində də daim nailiyyət qazanmalarını arzulayıb. Ölkəmizdə Könüllülük hərəkatının inkişafından söz açan rayon rəhbəri dövlət başçısının göstəriş və tapşırıqlarına uyğun olaraq gənclər üçün geniş şəkildə proqramlar icra olunduğunu, gənclər siyasətinin uğurla davam etdiyini, Azərbaycan gənclərinin ölkə başçısının ətrafında sıx birləşdiyini qeyd edib. Ölkə Prezidentinin Könüllülük hərəkatına göstərdiyi diqqətdən danışan icra başçısı bu fəaliyyətin istər dövlətimiz, istərsə də gənclər üçün çox önəmli olduğunu bildirib. “Bu Könüllülük fəaliyyəti siz gənclərin qarşısında hər zaman geniş imkanlar açacaq”, - deyən rayon rəhbəri bu fəaliyyət sayəsində böyük təcrübə əldə etdiklərini qeyd edib. Bildirib ki, bu fəaliyyət dövründə sizlərə olan qayğı bir daha onu göstərdi ki, Xocavənd Rayon İcra Hakimiyyətinin timsalında bütün qapılar siz gənclərin üzünə hər zaman açıqdır. Sonda rayon rəhbəri cəsarətli addım ataraq fəaliyyətə qoşulan gənclərə gələcək işlərində bir daha uğurlar arzulayıb.
Görüşdə koordinator Şirinov Nicat Yengibar oğlu könüllük fəaliyyətinin təşkil olunmasında fəal iştirakına görə Xocavənd Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunmuşur.