Xocavənd rayonunun 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunmuşdur.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Ağa-Əli Əhmədov iştirak etmişdir.Tədbir iştirakçıları ilk öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq dahi rəhbərin xatirəsini yad etmişlər. Rayon Mədəniyyət evində davam edən hesabat yığıncağında qonaqlar müxtəlif sahələrə aid statistik məlumatları özündə əks etdirən stendlərlə tanış olmuşlar. Daha sonra 2019-cu ildə keçirilmiş tədbirlərdən bəhs edən slayd nümayiş olunmuşdur.
Hesabatda geniş məruzə ilə çıxış edən başçı bildirmişdir ki, Yeni Qaradağlı qəsəbəsində 12 ədəd artezian quyusunun elektrik xətti (9 km məsafə) dəyişdirilmiş, N saylı hərbi hissəyə 13 km uzunluğunda elektrik xəttinin çəkilməsinə elektrik naqili ilə köməklik göstərilmiş, Yeni Tuğ qəsəbəsində kəndarası yollar çınqılla örtülmüş, Yeni Xocavənd qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış Abidə Kompleksində 12 ədəd, Xocavənd qəsəbəsi ilə 320 ailəlik qəsəbəni birləşdirən yolun işıqlandırılması üçün isə 20 ədəd işıq dirəkləri quraşdırılmış, 320 ailəlik qəsəbədə 2 qrup üzrə uşaq bağçası fəaliyyətə başlamışdır. Həmçinin Yeni Tuğ qəsəbəsinə yeni su xətti çəkilmiş, Xocavənd qəsəbəsində içməli su xəttinin əhəmiyyətli hissəsi yenilənmiş, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının inzibati binasının qarşısında və Xocavənd qəsəbəsinin girişində abadlıq- quruculuq işləri aparılmış, rayon ərazisində 320 ailəlik qəsəbəyə gedən yolun kənarında 700 ədəd həmişəyaşıl küknar ağacı əkilmışdir. Xalçaçılıq sənətinin inkişafı etdirilməsi və məcburi köçkünlərin işlə təmin edilməsi üçün Azərbaycan Respublikası “Azərxalça”Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon ərazisində xalça istehsalı emalatxanasının tikintisi nəzərdə tutulmuş, bu məqsədlə məcburi köçkünlər üçün salınmış 320 ailəlik qəsəbənin ərazisindən 0.4 (63X63) hektar torpaq sahəsi ayrılmışdır.
Daha bir əlamətdar hadisə ondan ibarətdir ki, ötən ildə rayonda yeni Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd Rayon İdarəsi fəaliyyətə başlamışdır.
Rayonumuzda şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, kimsəsizlərin, yataq xəstələrinin və digər kateqoriyalardan olan aztəminatlı ailələrin sosial vəziyyətini qismən yaxşılaşdırmaq məqsədilə Xocavənd Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 2019-cu il ərzində 117 ailəyə orta hesabla 154 manat maddi yardım göstərilmişdir. “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” ilə Xocavənd rayonundan olan ümumilikdə 1401 məcburi köçkün ailəsi evlə təmin edilmişdir. Ötən ildə 75 ailə olmaqla 279 nəfər rayon sakinləri, o cümlədən 24 şəhid ailəsi evlə təmin olunmuşdur.