“Son zəng” münasibətilə tədbir keçirilmişdir.
31 May 2013-cü il tarixdə Xocavənd Rayon ümumtəhsil müəssisələrində “Son zəng” münasibətilə bir sıra tədbirlər həyata keçirilmişdir. Xocavənd rayon “Xocavənd” qəsəbəsində yerləşən Salakətin kənd tam orta məktəbində keçirilmiş tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Eyvaz Hüseynov da iştirak etmişdir. Məzunlar ilk öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstləri qoymuşlar. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır. Məktəbin direktoru Rəmziyə Aslanova tədbiri giriş nitqi ilə açaraq on birinciləri məzun olmaları münasibətilə təbrik etdi. Daha sonra çıxış edən məktəbin dil-ədəbiyyat müəllimləri Gültəkin Ağayeva, Tahirə Balakişiyeva və on birincilərin sinif rəhbəri Telli Alıyeva məzunlara öz səmimi arzularını çatdırdı, onlara gələcək həyat yollarında xeyir dualarını verdilər. Çıxış edən Rayon İcra Hakimiyyəti başçısı cənab Eyvaz Hüseynov məzunları təbrik edərək onlara ali məktəblərə qəbul olunma yolunda öz arzularını bildirdi. İnsan həyatında “Son zəng” hadisəsinin əhəmiyyətindən danışarkən başçı bu günün məzunlarının bir gün öz doğma məktəblərini ali təhsilli, vətənə, millətə yararlı şəxsiyyətlər kimi ziyarət edəcəklərinə ümidvar olduğunu bildirdi. Bu gün Xocavənd rayonunun kadrlara olan ehtiyacından söz açan başçı bütün məzunları uğurla ali məktəbləri bitirərək rayonumuzun gələcək həyatında fəal rol oynamağa səslədi. Başçı əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət təhsil siyasətinin prioritet istiqamətlərindən birini məhz gənclərin hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasının təşkil etdiyini vurğuladı. Bu baxımdan gənclərə yaradılmış şəraitdən danışdı. Tədbir məzunların ürək sözlərini söyləməsi və “Son zəngin” səsləndirilməsi ilə başa çatdı.