Xocavəndli məcburi köçkünlər qanvermə aksiyasına qoşulublar
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün keçirilən qanvermə aksiyasına xocavəndli məcburi köçkünlər də qoşulublar.
Aprelin 30-da xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində qanvermə aksiyası keçirilib. Aksiyada Xocavənd Rayon İcra Hakimiyyətinin, eləcə də rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların işdə olan və sağlamlığı imkan verən əməkdaşları könüllü olaraq iştirak ediblər.
Mərkəzi Qan Bankının Bərdə Regional bölməsinin peşəkar həkim kollektivi tərəfindən həyata keçirilən xeyirxah aksiya zamanı 75 nəfər könüllü qan verib.
Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.