Şriftin ölçüsü :

Saytın rəngi :

Zirvə görüşündə 40-a yaxın ölkənin iştirakı Azərbaycan Prezidentinin şəxsi nüfuzunun, siyasi təcrübəsi və uğurlu siyasətinin nəticəsidir.

11 may 2020 | 16:00

Təəsüflər olsun ki, qlobal əməkdaşlığa güclü ehtiyac duyulduğu bir şəraitdə dövlətlər, eləcə də bir sıra beynəlxalq və regional institutlar çaşqınlıq içərisində qalaraq beynəlxalq həmrəyliyi nümayiş etdirə bilmədilər. Hazırda qlobal liderliyə ehtiyac duyulduğu bir şəraitdə Prezident İlham Əliyev təşəbbüs irəli sürdü və “özünəqapanma sindromu”nun heç kəsə xeyir gətirməyəcəyini nümayiş etdirərək dünyanın dörd bir yanından müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələri bir araya gətirməyə nail oldu. Bu gün biz əyani şəkildə Qoşulmama Hərəkatının fikir mübadiləsi, qlobal həmrəylik və əməkdaşlıq üçün səmərəli platformaya çevrildiyinin şahidi olduq. Azərbaycan Prezidentinin Zirvə görüşünün keçirilməsi ilə bağlı təşəbbüsü üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənmiş və Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak əsasında bütün regional qruplardan olan ölkələr təmsil olunmuşlar. 40-a yaxın ölkənin dövlət və hökumət başçılarının, Xarici İşlər nazirlərinin iştirak etdiyi sözügedən tədbir bir daha ölkəmizə və Prezidentimizə olan inamın, etibarın və etimadın göstəricisidir.

-Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı və multilateralizmi təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunur. Habelə, Zirvə görüşündə bu qədər ölkənin iştirakı Azərbaycan Prezidentinin şəxsi nüfuzunun, siyasi təcrübəsi və uğurlu siyasətinin nəticəsidir. Qəbul olunmuş bəyannamədə dəyərli və vaxtında irəli sürülmüş təşəbbüsə görə Prezidentimizə təşəkkürün öz əksini tapması bunun bariz göstəricisidir.
Təsadüfi deyil ki, BMT-nin Baş katibi çıxışı video müraciəti zamanı qeyd olunan problemə yeganə cavabın cəsarətli, uzaqgörən və birgə rəhbərlik olduğunu bildirmişdir. Eyni zamanda, o, Azərbaycan Prezidentinin belə bir görüşü çağırmasına görə təşəkkürünü bildirərək BMT-nin Prezidentimizin səylərini dəstəklədiyini xüsusilə vurğulamışdır.
Azərbaycan bundan əvvəl də videokonfrans formatında zirvə görüşü keçirmişdir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilmişdir. Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirmişdir. Artıq Türk Şurası çərçivəsində 3 istiqamət üzrə - səhiyyə, nəqliyyat və iqtisadiyyat üzrə əməkdaşlıq mövcuddur. Türk Şurasının Zirvə Görüşündə çıxış zamanı cənab Prezident haqlı olaraq vurğuladı ki, “pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələr və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi olduq”. Belə bir təhlükənin hər kəsin qapısını döydüyü və multilateralizmin demək olar ki can verdiyi şəraitdə belə, Prezident İlham Əliyev nümunəvi addım ataraq pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi.

Keçidlər