Azərbaycan dünya birliyinin məsuliyyətli və səmərəli üzvü kimi pandemiya ilə beynəlxalq səviyyədə mübarizəyə böyük töhfə verir
Koronavirus infeksiyası hər bir dövləti ciddi sınaq qarşısında qoymuşdur. Bəzisi bu sınaqdan layiqincə çıxmaqdadır, bəzisi isə çoxsaylı insan itkisi ilə. COVID-19 pandemiyası zamanı hər bir dövlətin öz strategiyası, koronavirusa qarşı mübarizədə fərqli yanaşma tərzi və öz metodları mövcud oldu. Azərbaycanın pandemiyaya qarşı mübarizədə göstərdiyi nümunə diqqətəlayiqdir. Məsələ ondadır ki, Azərbaycanda koronavirus pandemiyasından bir qədər əvvəl həyatın bütün sahələrinə təsir göstərən böyük islahatlar elan edildi və qısa müddətdə həyata keçirildi. Koronavirus pandemiyası başlamazdan öncə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə kölgə iqtisadiyyatına qarşı ciddi tədbirlər görüldü, şəffaflıq təmin edildi və dövlət orqanlarının fəaliyyətində informasiya texnologiyalarının tətbiqi təmin edildi, dövlət xidmətləri sahəsində mərkəzləşdirilmiş elektron məlumat sistemi yaradıldı. Bir sözlə, Prezident Əliyevin rəhbərliyi ilə vaxtında aparılan düzgün siyasət və atılan zəruri addımlar tektonik fəlakət zamanı öz sözünü deyə bildi. Pandemiya zamanı Prezidentin keçirdiyi müşavirələr, vətəndaşlara ayrılan sosial yardım, vergi güzəştləri, sahibkarlara dəstək, sosial həssas qruplara dəstək və atılan digər addımlar Azərbaycan nümunəsinin başlıca göstəricisidir. Ölkə başçısı pandemiyaya qarşı mübarizədə bir sıra mühüm addımlar atdı. Belə ki, Prezidentinin sərəncamı ilə Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Kütləvi yoluxmanın qarşısını almaq üçün demək olar ki, dərhal respublikada vəziyyət nəzarət altına alındı. Vaxtında təhsil prosesi dayandırıldı, bütün kütləvi tədbirlər ləğv edildi və təxirə salındı, ticarət və əyləncə mərkəzlərinin fəaliyyəti dayandırıldı. Bütün bu addımlar koronavirusun qarşısının alınmasında müstəsna rol oynadı. Vaxtında xüsusi karantin rejimi tətbiq edildi, vətəndaşlar sutkanın yalnız müəyyən vaxtında, “SMS icazəsi” ilə evlərini tərk edə bildilər. Bakı Metropoliteninin işi dayandırıldı, yerüstü ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırıldı.
Prezident İlham Əliyevin adından və bilavasitə nəzarəti altında həyata keçirilən və iqtisadiyyatın bütün həssas sahələrinə dövlət dəstəyi göstərməyə yönəlmiş geniş fəaliyyət də xüsusi qeyd edilməlidir.
Bunlara iş yerlərinin qorunması, koronavirus pandemiyasından zərər görən fərdi sahibkarlara maddi dəstək, o cümlədən vergi güzəştləri və vergi tətilləri verməklə sahibkarların vergi yükünü yüngülləşdirmək, kreditləri stimullaşdırmaq və ən əsası əhaliyə birbaşa sosial dəstək göstərmək kimi tədbirlər daxildir.
Prezident İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə Azərbaycanda istehsal həcmi gündə 250 min ədəd olan tibbi maskalar istehsal edən müəssisə açıldı.
Azərbaycan Respublikasi Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.
Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat ayrılıb. Prezidenti İlham Əliyev bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.
Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus tərəfindən mart ayının 23-də Prezidentimizə ünvanladığı məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilmişdir. Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir. Prezident İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirlər sayəsində bu gün koronavirusa qarşı ən effektiv mübarizə aparan ölkələrdən söz açdıqda Azərbaycanın adı birincilər cərgəsində gəlir.