Şriftin ölçüsü :

Saytın rəngi :

Könüllülərin karantin dövründəki fəaliyyəti.

18 may 2020 | 16:00

        Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca məqsədlərindən biri vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi, sağlamlıqlarının qorunması və əhalinin sosial müdafiəsinin təmin edilməsidir. Son bir neçə ildə iqtisadiyyatın inkişafında əldə edilən nailiyyətlər bu məqsədin uğurla reallaşmasına şərait yaradıb. Bütün kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, əhalinin aztəminatlı təbəqələrinə kömək göstərilməsi Azərbaycanda dövlət siyasətinin başlıca istiqamətlərindən biridir.

        Yeni növ koronavirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə ölkə Prezidentinin və Birinci vitse-prezidentin çağırışlarına cavab olaraq yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin keçirdiyi aksiyalara rayonumuzun könüllüləri də dəstək verərək müxtəlif aksiyalar həyata keçirir, ölkəmizdə belə tədbirlərin geniş vüsət almasına öz töhfələrini verirlər.

        Xocavənd rayon fəalları və könüllüləri "Sağlamlığımız milli həmrəyliyimizdədir" aksiyasına qoşulmuş, tənha və ahılları, köməyə ehtiyacı olan ailələri ziyarət edib, tibbi və gigiyenik vasitələr paylayıblar. Həmçinin vətəndaşlara bir daha gigiyena qaydalarına riayət olunmasının əhəmiyyətini çatdırıb, özlərinin və yaxınlarının müəyyən edilimiş qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyini xatırladıblar. Könüllülər tərəfindən əhali arasında koronavirus (COVİD-19) epidemiyasına qarşı maarifləndirmə işləri aparılmış, sosial şəbəkələr vasitəsilə koronavirus epidemiyasına qarşı təbliğat video və foto məlumatlar mütəmadi olaraq paylaşılmışdır.
Xocavənd könüllüləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün keçirilən qanvermə aksiyasına qoşulublar.

        Cənab Prezidentin "Biz birlikdə güclüyük" çağırışına qoşulan Xocavənd könüllüləri "Dəstək olaq" sosial layihəsi çərçivəsində Beyləqan rayon ərazisində salınmış qəsəbələrdə yaşayan şəhid ailələri, aztəminatlı ailələr, tənha yaşayanlara müxtəlif çeşidli ərzaq bağlamaları çatdırılıb.

         Vətəndaşlar göstərilən diqqət və qayğıya, eləcə də ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə görülən tədbirlərə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər