Şriftin ölçüsü :

Saytın rəngi :

“Yeni növ koronovirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərin iştirakçısı olmaq qürurverici hissdir”.

18 may 2020 | 16:00

        Xocavənd Rayon İcra Hakimiyyətində könüllü fəaliyyətə qoşulan Muradxanlı Fəridə öz fikirlərini bölüşüb. Könüllümüz ilk öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq gənclərin dövlət qurumlarında təcrübə keçmələri üçün yaradılan yüksək şərait üçün könüllülərin adından dərin minnətdarlığını bildirib. O, qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatları və hərəkatları tərəfindən yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) öz fəaliyyətini yüksək səviyyədə davam etdirməkdədir. Yeni növ koronovirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə bütün qurumlarda fəaliyyət göstərən, o cümlədən Xocavənd Rayon İcra Hakimiyyətinin könüllüləri xüsusi fəallıq nümayiş etdirirlər. Əslində bu hər birimizin vətəndaşlıq borcumuzdur.

        Könüllülər tənha yaşlılara, aztəminatlı ailələrə baş çəkir, onların zəruri ehtiyaclarının qarşılanmasına köməklik göstərir, həmçinin koronavirus infeksiyası ilə əlaqədar olaraq qan qıtlığının təcili qana ehtiyacı olan şəxslərin həyatı üçün yaratdığı təhlükənin aradan qaldırılmasına fəal töhfə verirlər. Qısa zamanda demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər olunmuş, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirilmişdir.

      Biz könüllülər ölkəmizdə xüsusi karantin rejiminin tətbiq olunduğu ilk günlərdə prospekt, küçə və rayonumuzun digər ərazilərində evlərini tərk etmiş 65 yaşdan yuxarı şəxslərlə maarifləndirici söhbətlər apardıq. Onları bütün təlimatlarla tanış etdik. Qısa müddət ərzində isə səylərimizin müsbət nəticəsini gördükdə və artıq ahıl yaşlı sakinlərimizin bayıra çıxmamaqlarının şahidi olduqda biz bu istiqamətdə işimizi daha da həvəslə davam etdirməyə başladıq.

       Cənab Prezident İlham Əliyevin, Birinci Vitse-prezident Mehriban xanım Əliyeva ilə bilrikdə ölkəmizin ən böyük şəfa ocağı olan “Yeni klinika” tibb müəssisəsinin açılışında “Biz birlikdə güclüyük!” çağırışı ilə start verilən sosial aksiya bir anda bütün ölkəmizə səs saldı. Karantin rejimi dövründə aztəminatlı ailələrə sosial yardım göstərmək istəyən şəxsləri bir araya gətirmək və bu işdə vətəndaş həmrəyliyini genişləndirmək məqsədi ilə keçirilən aksiya Xocavənd rayonunda da uğurla həyata keçirildi. Belə ki, bir sıra xocavəndli iş adamları və sahibkarların təşəbbüsü ilə yüzlərlə ailəyə yardım sovqatları paylanıldı. Sovqatların ünvanlara çatdırılması tədbirlərinin iştirakçısı olmaq xüsusi hiss idi.

        Eyni zamanda təlim dövründə Xocavənd Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbələrinin fəaliyyəti ilə tanışlıq, vətəndaşların qəbulu prosesində və karğüzarlıq işlərinin həyata keçirilməsində yaxından iştirakımızda bizim hər birimiz üçün yaxşı təcrübə oldu. Fürsətdən istifadə edib bütün xocavəndli gənclərə könüllü təlimlərində iştirak etməyi tövsiyə edirəm.

Keçidlər