Şriftin ölçüsü :

Saytın rəngi :

Kölgədə olan günəşi görə bilməz

21 may 2020 | 16:00

       İqtisadi inkişaf cəmiyyətin rifahı üçün əsas şərtlərdəndir. İnkişaf etmiş iqtisadi sistem yüksək sosial təminat deməkdir. Başqa sözlə, iqtisadiyyatı güclü olan dövlətin vətəndaşı da zəngin olur. İqtisadiyyatı kölgədə olan ölkənin vətəndaşları üçün işıqlı gələcək xəyaldır və iqtisadiyyatın inkişafını ləngidən səbəblər birbaşa vətəndaşın güzəranına da təsir edir. Buna görə də qanunsuz yollarla əldə olunan gəlirlərin həcminin azaldılması və “kölgə”də qalan iqtisadi sahələrin aşkara çıxarılması vacibdir. Azərbaycanda bu sahədə vəziyyət optimist notlara köklənib. Son zamanlar iqtisadi sahədə görülən işlər bu sahədə şəffaflaşmanın təmin olunmasına yönəlib və görünən odur ki, “kölgə”də olan sahələrin gün işığına çıxması müsbət nəticələrə səbəb olub. Qeyd edək ki, 2019-cu ildən başlayaraq qeyri-neft sektorunun özəl bölməsində çalışan, aylıq əməkhaqqı səkkiz min manata qədər olan vətəndaşlar üçün yeddi il müddətində gəlir vergisi üzrə 100 faizlik güzəşt verilib. Əhalinin əksər hissəsinin səkkiz min manatdan az maaş aldığını nəzərə alsaq, bu güzəştin böyük əhatə dairəsi olduğunu görmək çətin deyil.
      Dövlət özəl sektor üçün çox böyük güzəşt etdi. Rəsmi açıqlamalara görə, güzəştin əsas hədəfi “kölgə iqtisadiyyatı”nın həcmini azaltmaq, əhali arasında məşğulluğu artırmaq, xüsusilə əməkhaqlarının leqallaşmasına nail olmaq idi. Dəyişiklikdən sonra -2019-cu ildə əmək müqavilələrinin sayı 153 min artmış, o cümlədən bu artımın 99 mini özəl sektorun payına düşmüşdür. Ümumilikdə son 5 rüb, yəni 2019-cu il və cari ilin birinci rübü ərzində əmək müqavilələrinin sayı 172 mindən çox artmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabinetinin təsdiq etdiyi və pandemiyanın iqtisadiyyata, sosial rifaha və məşğulluğa mənfi təsirlərinin azaldılmasına xidmət edən Tədbirlər Planının mühüm bir istiqaməti də iş yerlərinin və işçilərin əməkhaqlarının qorunması, əhalinin məşğulluq imkanlarının artırılmasına yönəlib.
       Xocavənd rayonu üzrə iqtisadiyyatda işləyənlərin sayı və əmək haqqı barədə olan məlumata əsasən 2020-ci il aprelin 1-i vəziyyətinə rayon iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1391 nəfər olmuş, onlardan 1355 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 36 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir. Muzdla işləyənlərin 42,8%-i təhsil, 6,3%-i sənaye, 19,5%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 13,7%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 2,4%-i nəqliyyat və anbar təsərrüfatı, 1,5%-i peşə, elmi və texniki fəaliyyət, 10,8 istirahət, əyləncə və incəsənət sahəsində, 2,5%-i kənd təsərrüfatı, 0,5%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar. Rayon iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 470,8 manat olmuşdur.
          Pandemiya dövründə dövlət və özəl sektorda işçilərin əsassız yerə işdən çıxarılmaması, ixtisarına yol verilməməsi və məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanması istiqamətində məqsədyönlü işlər aparıldı. Nəticədə mövcud iş yerləri nəinki qorundu, həmçinin “Əmək müqaviləsi bildirişi” altsistemindən mayın 1-də əldə olunan məlumata əsasən, 2020-ci ilin əvvəlindən əmək müqavilələrinin sayında 105 min nəfərlik (o cümlədən özəl sektorda 94 minə yaxın) artım oldu. Beləliklə pandemiya dövründə muzdla işləyən 1 milyon 660 min şəxsin məşğulluğu təmin edildi və onlar işsizlik riskindən qorundu. Şəffaf fəaliyyət iş yerlərinin qorunmasını və dövlətin bütün güzəştlərinə tam çıxış imkanlarını təmin etdi. Dövlət tərəfindən iqtisadi sahələrə və əhaliyə nəzərdə tutulan güzəştlər təbii olaraq öz dövriyyəsini ağartmış subyektləri əhatə edir. Koronavirus pandemiyası dövründə hazırlanan Tədbirlər planı buna mühüm nümunə ola bilər. Tədbirlər planında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə zərər çəkən sahələrdə iqtisadi aktivliyin dəstəklənməsinə 900 mln.manat birbaşa kompensasiya ödənişi ayrılmışdır.
Bu çərçivədə muzdlu işçilərin iş yerləri qorunmuş, zərər çəkən sahibkarlara maliyyə dəstəyi göstərilmiş, onlara geniş vergi güzəştləri verilmiş, fəaliyyət sahələrinə ayrılan 1.5 mlrd.manat bank kreditlərinə dövlət zəmanəti verilmiş və faizləri subsidiya edilmişdir.
           Azərbaycanda dövlət büdcəsinin təqribən 40 faizi sosial yönümlü xərclərə yönəldilib. “Kölgə iqtisadiyyatı”nın həcminin azaldılması ilə bağlı həyata keçirilən tədbirlərin faydasını ən çox vətəndaş görür. Qısa müddət keçsə də, əldə olunan nəticələr sosial sahədə, cəmiyyətin həyatında ciddi bir canlanma yaradıb. Bütün bunlar qeyri-leqal fəaliyyətlə məşğul olanların cibinə gedən vəsaitin büdcəyə yönəldilməsi, dövlət və özəl sektorlarında şəffaflığın təmin edilməsi, struktur islahatları və s. nəticəsində mümkün olub və əldə edilmiş yeni gəlirlərin hesabına baş tutub.
Hazırda dövlət tərəfindən vətəndaşın sosial təminatının qorunması üçün müxtəlif alətlər tətbiq olunur. Lakin bəzi hallarda vətəndaşlar özləri də bilmədən “kölgə iqtisadiyyatı”nın iştirakçısına çevrilirlər və fərqinə varmadan sosial təminatlarını təhlükə altına salırlar. Nəticədə, illərlə işləyib, sonda az məbləğdə pensiya almalı olurlar. Bəzi hallarda isə pensiya almaqdan, ümumiyyətlə, məhrum olurlar. Buna görə vətəndaşlar da təşəbbüskar olmalı və ölkə iqtisadiyyatının “kölgə”dən tam çıxmasına yardım etməlidirlər. Onlar iş yerlərində əmək müqaviləsini tələb etməli, vergiləri ödəməli, qanunsuz yollarla gəlir əldə etməkdən birdəfəlik imtina etməli, alış-veriş zamanı kassa çeki tələb etməli, qısacası, öz hüquqlarını müdafiə etməyi bacarmalı və şəffaf fəaliyyətə can atmalıdırlar. Çünki şəffaflıq parlaq gələcəyin qurulması üçün əsas şərtdir. Məşhur çin filosofu Konfutsinin dediyi kimi, “Günəşi görmək istəyirsənsə, kölgədən çıxmaq” ən düzgün yoldur.

Keçidlər