Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd Rayon İcra Hakimiyyətində videomüşavirə keçirilib

05 iyun 2020 | 16:00

Xocavənd Rayon İcra Hakimiyyətində videomüşavirə keçirilib

Müşavirədə Rayon İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynov, inzibati ərazi dairələri üzrə nümayəndələr, idarə və təşkilat müdirləri iştirak ediblər. Online müşavirədə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirdi ki, hazırda dünyanın ən böyük problemi olan koronavirus pandemiyasının qarşısının alınması məqsədilə bütün dövlətlər qabaqlayıcı tədbirlər görür, virusun təsirinin azaldılması üçün addımlar atırlar. Dünyada “COVİD-19” infeksiyasının artım tempi, insanlar və bəşəriyyət üzərindəki fəsadları hər birimizin gözləri önündə cərəyan etməkdədir.

Dünya ölkələrində olduğu kimi, ölkəmizdə də əhalinin təhlükəsizliyi və sağlamlığının qorunması üçün effektiv, ən təxirəsalınmaz tədbirlər uğurla həyata keçirilir. Ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə təhlükəli virusdan vətəndaşlarımızın sağlamlığının qorunması, xalqımızın bu bəladan daha az itkilərlə xilas olması ilə bağlı görülən mühüm işlər uğurlu nəticələrini göstərməkdədir.

Qabaqlayıcı tədbirlərin görülməsi, dünya üçün nümunə olacaq addımların atılması sayəsində kəskin şəkildə azalmaqda olan yoluxma sayı, təəssüflər olsun ki, vətəndaşlar tərəfindən son zamanlar karantin rejiminin tələblərinə əməl edilməməsi, sosial məsuliyyət prinsipinin pozulması ilə sağalanlara nisbətdə kəskin mənfi fərq yaratmışdır.

Son yoluxma sayını nəzərə alsaq, artıq həftə sonlarında küçəyə çıxmağın, ictimai və fərdi nəqliyyat vasitələrinin hərəkətinin qadağan edilməsi bir zərurətdir. Bu hal koronavirusla mübarizədə daha həlledici mərhələnin başlamasına zəmin yaratmış olur. İki günlük sərt karantin rejimi bəşəriyyətin ümumi bəlasına çevrilmiş bu pandemiyanın ölkəmizdə sabitləşməsinə və idarə olunan həddə enməsinə təminatlar yaratmaqla yanaşı, həm də bizim milli birliyimizin, xarakterimizin indikatoru kimi də əhəmiyyətli olacaqdır. Qapanmanın yalnız həftənin 2 gününü əhatə etməsi, ölkədə kifayət qədər ərzaq ehtiyatının olması, həmçinin, maskaların və tibbi spirtin ölkəmizdə istehsalının təşkili vətəndaşlarımızın heç bir narahatçılığının olmamasına xidmət edir.
Başçı həmçinin qeyd etdi ki, Cənab Prezident İlham Əliyevin Tərtər rayonunda səfərdə olarkən tibbi maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmaqla yanaşı, həm də vətəndaş məsuliyyətinin ən bariz nümunəsidir.

Bu örnək hər birimizin əsas istiqaməti olmaqla bərabər, məsuliyyətimizi daha da dərindən dərk etməyə səbəb yaratmalıdır. Yaşadığımız cəmiyyətdə, dostlarımız və qohumlarımız arasında tibbi maskaların taxılması, fərdi dezinfeksiya məhlullarından istifadənin vacibliyi elə bizim səylərimizlə təbliğ edilməlidir.
Konfrans zamanı rayon rəhbəri xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Nazirlər Kabinetinin 2020-ci il 29 may tarixli 189 nömrəli Qərarının tələblərinə İH başçısı aparatında, nümayəndəliklərdə, təşkilat və müəssisələrdə qeyd-şərtsiz əməl olunması üçün tapşırıqlarını verdi.
Bununla əlaqədar qurumların rəhbərləri və işçiləri arasında sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadənin vacibliyi barədə təbliğat-izahat işləri aparılmalı olduğunu vurğuladı və mövcud tələbləri pozan vəzifəli şəxslər və işçilərin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə cəlb olunacaqlarını bildirdi.

 

Keçidlər