İlham ƏLİYEV: Mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olub.
İlham ƏLİYEV: Mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olub.
Bir neçə aydır bütün ölkələrdə ciddi təhdid mənbəyinə çevrilən koronavirus pandemiyası hər gün on minlərlə insanın həyatını təhlükə altına atır. Təsadüfi deyil ki, son statistikaya görə, dünyada bu virusa yoluxanların sayı 7,3 milyon, ölənlərin sayı isə 413 min nəfəri ötüb. Ən inkişaf etmiş ölkələr belə bu təhlükənin qarşısında aciz durumda qalıb.
Bu müddətdə xəstəliklə mübarizə tədbirləri təsdiq etdi ki, yoluxuculuq forması yüksək olan virusdan qorunmağın ən yaxşı yollarından biri sosial izolyasiya, insanlar arasında ünsiyyətin məhdudlaşdırılması, karantin rejiminin tətbiqidir. Bu xüsusda müvafiq addımlar atan, qabaqlayıcı tədbirlər görən ölkələrdə virusun tüğyan etməsinin qarşısı alınıb və itkilər digər dövlətlərlə müqayisədə xeyli az olub.
Bunun ən real nümunəsi qismində çıxış edən ölkələrdən biri də Azərbaycandır. Təsadüfi deyil ki, bu gün koronavirusa qarşı ən effektiv mübarizə aparan ölkələrdən söz açdıqda Azərbaycanın adı birincilər cərgəsində gəlir. Bu da təsadüfi deyil. Çünki fevralın sonlarında respublikamızda virusa ilk yoluxma halı qeydə alınandan sonra dərhal, operativ şəkildə qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə başlanıldı. Virusun qonşu ölkələrdən gəlməsi nəzərə alınaraq yük avtomobillərinin hərəkəti istisna olmaqla, bütün sərhədlərimiz bağlanıldı və yalnız Azərbaycan vətəndaşlarının vətənə qayıtmalarına imkan yaradıldı. O cümlədən bütün istiqamətlərə təyyarə uçuşları dayandırıldı.
Qlobal pandemiya ilə mübarizə məsələsi ilk gündən Prezident İlham Əliyevin diqqət mərkəzində oldu. Mart, aprel, may və iyun aylarında dövlət başçısının fəaliyyəti, keçirdiyi görüşlər, verdiyi qərarlar bunu təsdiq edir. Koronavirusla mübarizə bu gün dövlət siyasətinin prioritetlərindən biridir. Bu istiqamətdə ən vacib məsələ isə ilk növbədə vətəndaşların sağlamlığıdır. İyunun 9-da modul tipli xəstəxanaların açılışı zamanı Prezident İlham Əliyev bir daha bildirdi ki, görülmüş bütün tədbirlərin mərkəzində məhz Azərbaycan vətəndaşlarının sağlamlığı dayanmışdır.
"Mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olub" - deyən cənab Prezident əsas vəzifəmizin insanları bu xəstəlikdən qorumaq, onların həyatını xilas etmək olduğunu vurğulayıb.
"Koronavirus pandemiyası başlayandan bu günə qədər Azərbaycan dövləti çox böyük məsuliyyət göstərib, ilk növbədə, ölkə daxilində. Çünki iki seçim var idi - ya iqtisadiyyatı xilas etmək, ya da insanların sağlamlığını. Şəxsən mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olubdur, o cümlədən pandemiya dövründə. Ona görə biz şüurlu şəkildə, bunun iqtisadi fəallığımıza mənfi təsir göstərəcəyini bilərək məhdudlaşdırıcı addımlara getdik."
Məhz həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində Azərbaycanda koronavirus pandemiyasının ağır fəsadları, Avropa ölkələrində olduğu kimi, çoxlu sayda insan itkisi baş vermədi. Bu həm də onu göstərir ki, Azərbaycanda vəziyyət nəzarət altındadır. Qeyd edək ki, Azərbaycanda virusa yoluxanların sayı 8 minə qədər olduğu halda, əhalisi bizdən beş dəfə az olan Ermənistandan yoluxma sayı 13 mini ötüb. Prezident İlham Əliyev bildirib ki, xalqla iqtidar arasında birlik olan yerdə nəticə də yaxşı olur: "Bizim əsas vəzifəmiz insanları bu xəstəlikdən qorumaqdır, onların həyatını xilas etməkdir. Əlbəttə ki, itkilərimiz də olub, amma bəzi ölkələrlə müqayisədə Azərbaycandakı vəziyyət qat-qat yaxşıdır. Bu, onu göstərir ki, düşünülmüş siyasət, xalqla iqtidar arasında birlik, dövlətin addımlarına yüksək inam olan yerdə nəticə də olur”.