Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Prezidenti koronavirusla mübarizədə qlobal səyləri birləşdirir

11 iyun 2020 | 16:00

 

Azərbaycan Prezidenti koronavirusla mübarizədə qlobal səyləri birləşdirir.

Məhz həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində Azərbaycanda koronavirus pandemiyasının ağır fəsadları, Avropa ölkələrində olduğu kimi, çoxlu sayda insan itkisi baş vermədi. Bu həm də onu göstərir ki, Azərbaycanda vəziyyət nəzarət altındadır. Qeyd edək ki, Azərbaycanda virusa yoluxanların sayı 8 minə qədər olduğu halda, əhalisi bizdən beş dəfə az olan Ermənistandan yoluxma sayı 13 mini ötüb. Prezident İlham Əliyev bildirib ki, xalqla iqtidar arasında birlik olan yerdə nəticə də yaxşı olur: "Bizim əsas vəzifəmiz insanları bu xəstəlikdən qorumaqdır, onların həyatını xilas etməkdir. Əlbəttə ki, itkilərimiz də olub, amma bəzi ölkələrlə müqayisədə Azərbaycandakı vəziyyət qat-qat yaxşıdır. Bu, onu göstərir ki, düşünülmüş siyasət, xalqla iqtidar arasında birlik, dövlətin addımlarına yüksək inam olan yerdə nəticə də olur”.

Azərbaycan Prezidentinin təşəbbüsləri ilə koronavirusla mübarizə məsələləri yalnız ölkə daxilini əhatə etmir. Respublikamızın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına və Qoşulmama Hərəkatına sədrliyindən irəli gələrək Prezident İlham Əliyevin təşəbbüsləri ilə bir müddət əvvəl Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının Zirvə görüşləri keçirilib. Bununla da Azərbaycan Prezidenti koronavirusla mübarizədə qlobal səyləri birləşdirib. İlham Əliyevin qeyd etdiyi kimi, bizim onsuz da yüksək səviyyədə olan beynəlxalq imicimizə də bu, növbəti bir töhfədir."Koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycanın təklifləri diqqətə alınır. İndiyə qədər bu məqsədlə Azərbaycanın təşəbbüsü ilə videokonfrans formatında bir neçə beynəlxalq tədbirlər keçirilib.Eyni zamanda, biz Qoşulmama Hərəkatının üzvlərinə, ilk növbədə, müraciət edərək təklif etdik ki, BMT Baş Assambleyasının COVID-19 ilə bağlı xüsusi sessiyası keçirilsin. Bu dəstəyi biz aldıq, Qoşulmama Hərəkatının üzvləri bu təşəbbüsümüzü yekdilliklə dəstəklədilər və ondan sonra biz BMT Baş katibinə, - o, Qoşulmama Hərəkatının Zirvə görüşündə öz sözünü demişdi, müraciətini səsləndirmişdi, - müraciət etdik və indi cavab gözləyirik. Hesab edirəm ki, indiki şəraitdə dünya birliyinin bu məsələ ilə bağlı vahid mövqedən çıxış etməsi zəruridir".

Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına fərdi qaydada iki dəfə ianə verməsi və beləliklə də, 29 ölkəyə humanitar yardım göstərməsi, fərdi qaydada isə 14 ölkəyə humanitar yardım etməsi də Azərbaycanın qlobal səviyyədə koronavirusla mübarizəyə verdiyi töhfələrdir. Bütün bunlar beynəlxalq ictimaiyyət, o cümlədən ÜST tərəfindən yüksək qiymətləndirilib.

Ən böyük qiyməti isə Azərbaycan xalqı verir. Bu günlərdə xalqımızın İlham Əliyevin ətrafında sıx birləşməsi ölkəmizdəki milli həmrəyliyin təcəssümüdür. Bu baxımdan bir çox sınaqlardan layiqincə çıxmış Azərbaycanın koronavirusla mübarizədən qalib ayrılacağı da şübhəsizdir.

Keçidlər