Modul xəstəxanalardan dördü hazırdır
Modul xəstəxanalardan dördü hazırdır.
İlham Əliyev: "Azərbaycanda koronavirusdan ölənlərin sayının az olmasının səbəblərindən biri də məhz odur ki, yoluxmuş bütün xəstələr tibbi müəssisələrə qəbul edilir və onlara lazımi xidmət göstərilir."
Virusun yayılmağa başladığı dövrdən dövlət başçısının tapşırığına əsasən zəruri qabaqlayıcı, profilaktik və təxirəsalınmaz tədbirlər görüldü. Bu istiqamətdə görülən kompleks işlər çərçivəsində Prezident İlham Əliyevin təşəbbüsü ilə modul tipli xəstəxanaların tikintisinin xüsusi əhəmiyyəti var. Bu, tətbiq olunan xüsusi karantin rejimi dövründə ölkənin səhiyyə sisteminin indiyədək görünməmiş bu qlobal çağırışa və arta biləcək xəstə sayına tab gətirməsi üçün mövcud xəstəxanaların infeksion çarpayı fondunun artırılması baxımından müstəsna rol oynayır. Belə ki, modul tipli xəstəxanaların quraşdırılması ilə ölkənin səhiyyə sisteminin əlavə 2000 çarpayılıq ehtiyat yeri yaranır. Eyni zamanda bu xəstəxanaların yaradılmasında əsas məqsədlərdən biri də koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni və tibbi əlaqələndirməni təmin etməkdir.
Modul tipli xəstəxanaların yaradılması Prezident İlham Əliyevin "Koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2020-ci il tarixli sərəncamı ilə həyata keçirilir.
Bunun üçün dövlət büdcəsindən 14,8 milyon manat ayrılıb. İlk belə xəstəxana mayın 7-də paytaxtda istifadəyə verilib. Növbəti 3 xəstəxana isə paytaxtın Bilgəh qəsəbəsində, Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılıb. Mühüm məsələlərdən biri də odur ki, 10 modul xəstəxananın 4-nü özəl sektor öz vəsaiti hesabına inşa edəcək. Bununla da dövlətin üzərinə düşən yük bir qədər azalır. Bu barədə danışan Prezident İlham Əliyev özəl sektora və vətəndaşlara təşəkkür edərək deyib: "Özəl sektorun nümayəndələrinə və eyni zamanda, adi vətəndaşlara koronavirus dövründə göstərdikləri maliyyə dəstəyinə görə təşəkkürümü bildirmək istəyirəm”.