Nəyə görə 1993-cü il iyunun 15-ni Qurtuluş Günü adlandırırıq?
Nəyə görə 1993-cü il iyunun 15-ni Qurtuluş Günü adlandırırıq?
1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etsə də, Ermənistanın işğalçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti gərginləşdirmişdir. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi ölkəni tamamilə xaosa sürükləmişdi. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti düzəltməmiş, əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürülmüşdür. Qiyamçı hərbi hissənin rəhbərliyi Baş nazir və Milli Məclis Sədrinin, sonra isə Prezidentin istefasını tələb etmişdir. Vəziyyət nəzarətdən çıxmış, ətraf rayonların icra başçıları zorla dəyişdirilmiş, Surət Hüseynovun qiyamı məhdud Gəncə civarlarından çıxaraq, üzü Bakıya doğru geniş miqyas almışdır. Belə böhranlı və ağır vəziyyətdə ölkə vətəndaşları yeganə çıxış yolunu yenə də müdrik rəhbərinin hakimiyyət sükanı arxasına keçməsində görmüşdür. Bu taleyüklü sınaq anında xalqın çağırışına səs verən, dövlətin gələcək taleyinə biganə qalmayan böyük strateq Heydər Əliyev Bakıya dönərək respublikada yaranmış hakimiyyət böhranının aradan qaldırılması istiqamətində əməli fəaliyyətə başlamışdır. Ümummilli liderin bir qrup ziyalı ilə Gəncəyə səfər etməsi və heç bir riskdən çəkinməyərək silahlanmış qüvvələrlə danışıqlar aparması vətəndaş müharibəsi təhlükəsinin qarşısının alınmasında mühüm addım olmuşdur. Bundan bir neçə gün sonra - iyun ayının 15-də isə ulu öndər parlamentdə səslənən təkidli xahişləri, ən əsası xalqın istəyini nəzərə alaraq o zamankı Azərbaycan Respublikası Ali Sovetinin Sədri vəzifəsinə seçilməsinə razılıq vermişdir. Bu tarixi hadisə respublika həyatında xaos və anarxiyadan qurtuluşa doğru yeni mərhələnin başlanğıcına çevrilmişdir. Beləliklə də, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil edilmişdir.
Ulu öndərin Ali Sovetin Sədri seçilməsi Azərbaycanda eyni zamanda mütərəqqi parlamentarizm ənənələrinin formalaşmasını təmin etmişdir. Heydər Əliyev parlamentin cəmiyyətdəki nüfuzunun sağlamlaşdırılması tədbirlərinə başlamış, yüksək idarəçilik keyfiyyətləri sayəsində ali qanunverici orqanda xoşagəlməz siyasi çəkişmələrin, qeyri-etik davranışların qarşısını almışdır. Müzakirə və diskussiyaların sivil, demokratik meyarlar çərçivəsində aparılması üçün şəxsi nümunə göstərmiş, parlament idarəçiliyinə yeni ruh və müasirlik gətirmişdir. Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verilmişdir.
Sonralar millət vəkilləri 15 iyun tarixinin təqvimə Azərbaycanın Qurtuluş günü kimi salınması təklifi ilə çıxış etmişlər və Milli Məclis bu təklifi bəyənmişdir. O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş günü kimi qeyd edilir.