Eyvaz Hüseynov : Ümummilli lider Heydər Əliyev müdrik dövlət xadimi, dahi siyasətçi olmaqla bərabər, həm də alovlu vətənpərvər idi.
Ulu Öndər Qarabağı böyük coşqu ilə sevirdi
Azərbaycan xalqı bəşər tarixinə görkəmli dövlət xadimləri, qüdrətli sərkərdələr, istedadlı alimlər, məşhur sənətkarlar bəxş edib. Millətimizin adını uca edən, azərbaycanlı məfhumuna geniş məkanlarda hörmət gətirən böyük şəxsiyyətlər arasında ulu öndər Heydər Əliyevin müstəsna yeri var. Mənalı və şərəfli ömrünü Azərbaycan dövlətinə, xalqına təmənnasız xidmət etməklə əbədiyaşarlıq rəmzinə çevrilən ümummilli lider haqlı olaraq "Dünyanın ən böyük azərbaycanlısı" adlandırılır. Xalqın əsrlər boyu ən ülvi arzusu olan müstəqillik və azadlıq məramını gerçəyə çevirən, ona sosial rifah və sivil cəmiyyət bəxş edən, ölkəsinin beynəlxalq məkanda böyük nüfuzunu təmin edən insan həqiqətən də, ən ali həmvətənimiz, bütün zamanların əsl Azərbaycanlısıdır.
Ümummilli lider Heydər Əliyev müdrik dövlət xadimi, dahi siyasətçi olmaqla bərabər, həm də alovlu vətənpərvər idi. Azərbaycanımızın hər bir guşəsi, hər bir bölgəsi kimi Dağlıq Qarabağ da onun üçün əziz və doğma olmuşdur. Zaman-zaman Azərbaycan torpaqlarına göz dikən ermənilərin ötən əsrin ikinci yarısında fəallaşmalarının qarşısı məhz ulu öndərin qətiyyəti sayəsində alınmışdı. Hələ Dövlət Təhlükəsizlik Komitəsinin sədri olarkən erməni millətçilərinin hərəkətlərinin qarşısını dəfələrlə qətiyyətlə alan Heydər Əliyev 1967-ci ilin iyun ayında Xankəndidə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini tələb edən vərəqələri yayanların və bu işlərin təşkilatçılarının tutulub cəzalandırılmalarına nail olmuşdu. Dağlıq Qarabağda yaşayan azərbaycanlılar 1967-ci ildən başlayaraq ulu öndərin xilaskar fəaliyyətinin şahidi olmuş, onun vətənpərvərliyini, millətsevərliyini daha yaxından hiss etmişlər.
1969-cu ilin iyulun 14-də Azərbaycan KP MK-nın plenumunda birinci katib seçilən Heydər Əliyev Dağlıq Qarabağa münasibətində öz prinsipiallığı və milli dəyərlərə köklənmiş iş üslubu ilə sübut etdi ki, Azərbaycana əsl milli lider rəhbərlik edəcəkdir. Keçmiş vilayətdə yaşayan azərbaycanlıların öz aralarında bir-birinə göz aydınlığı verməsi, nəhayət öz hüquqlarından sərbəst istifadə edəcəklərini böyük sevinclə qeyd etmələri yəqin ki, çoxlarının yadındadır. 70-ci illərdə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında böyük bir dirçəliş yaradan Heydər Əliyev son dərəcə barışmaz mövqe və ardıcıl siyasətlə Dağlıq Qarabağda erməni millətçiliyinə və daşnak xislətinə sipər çəkdi. Qəti və prinsipial mövqe bildirərək vilayət partiya komitəsində ermənilərin də iştirak etdiyi toplantıda "Dağlıq Qarabağ Azərbaycan torpaqlarıdır, kim burada yaşamaq istəmirsə çıxıb gedə bilər" bəyanatını verdi. Moskvadakı yüksək dairələrin təzyiqinə baxmayaraq muxtar vilayət millətçi cinayətkar ünsürlərdən təmizləndi. Vilayətin partiya, sovet, hüquq-mühafizə, o cümlədən, dövlət təhlükəsizlik orqanlarında köklü dəyişikliklər edildi. Separatçılar və onların ideoloqları vilayətdən qovuldular. Vilayətdə yaşayan azərbaycanlılar isə yeni bir həyata qədəm qoydular. Mübaliğəsiz demək olar ki, Dağlıq Qarabağda yaşayan azərbaycanlılar məhz Heydər Əliyevin rəhbərliyə gəlişindən sonra özlərini yaşadıqları dədə-baba yurdunun əsl sahibi kimi hiss etməyə başladılar. Onlar sözün həqiqi mənasında vətəndaşlıq hüquqları əldə etdilər. Orta və yaşlı nəslin yaxşı yadındadır ki, ulu öndərimizin hakimiyyətə gəlişinin ilk illərindən başlayaraq bütün azərbaycanlılar yaşayan kəndlər abadlaşmağa, yeni və yaraşıqlı evlər tikilməyə, sosial infrastruktur qurulmağa başlandı. Vilayətin mənəvi-siyasi iqliminin dəyişməsi real həqiqət kimi hər kəsin ovqatına hakim kəsilmişdi.
Ulu öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Azərbaycan KP MK-nın və Nazirlər Sovetinin 280 və 360 nömrəli qərarları qəbul olundu və Şuşa şəhəri çox sürətlə inkişaf etməyə başladı. Bu qərarlardan biri Şuşanın kurort şəhəri kimi kompleks şəkildə inkişafı haqqında, ikinci isə Şuşanın "qoruq şəhər" elan edilməsi barədə idi. Az bir vaxtda şəhər əhalisinin içməli suya olan tələbatının yaxşılaşdırılması məqsədi ilə Turşsu xətti Şırlandan Şuşaya gətirildi, iki sanatoriya binası, 600 yerlik sanatoriya yeməkxanası, 210 yerlik turist bazası, 1176 yerlik xüsusi internat məktəb, radiozavodun filialı, toxuculuq kombinatı, minlərlə kvadratmetr mənzil sahəsi tikildi. Qeyd etmək lazımdır ki, bu kimi abadlıq-quruculuq işləri Dağlıq Qarabağın bütün yaşayış məntəqələrində aparılırdı. Xüsusi ilə uzun illər diqqətdən kənarda qalan azərbaycanlılar yaşayan kəndlər inkişaf etməyə başlayır, əhalinin güzəranı günbəgün yaxşılaşırdı. Birmənalı olaraq qeyd etmək lazımdır ki, 70-ci ildən başlayaraq Dağlıq Qarabağda milli ruhun yüksəldilməsi vüsət aldı.
Ümummilli lider Qarabağın tarixini, mədəniyyətini, incəsənətini mükəmməl bilirdi və onu böyük coşqu ilə hər yerdə tərənnüm etdirirdi. Ulu öndərin tövsiyəsi ilə dünyanın ən qədim insan məskənlərindən olan Xocavənd rayonu ərazisində yerləşən "Azıx" mağarası haqqında sənədli film çəkilmişdi və bu film dünyanın müxtəlif ölkələrində keçirilən Azərbaycan mədəniyyəti günlərində nümayiş etdirilirdi. Sürətlə inkişaf etməyə başlayan Şuşa şəhərində respublika əhəmiyyətli 187 tarixi abidə qeydə alındı və onların hamısının əsaslı təmiri başlandı. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin tələbələrinin Azıx mağarasında arxeoloji ekspedisiyalarda iştirakı, ölkənin diğər bölgələrindən olan gənclərin buradakı yerli əhali ilə yaxından təmasda olması, ünsiyyət qurmaları onlarda Dağlıq Qarabağa bağlılıq tellərini daha da möhkəmləndirirdi.
Bütün bunlar Heydər Əliyevin DQMV-də yaşayan azərbaycanlılara xüsusi və doğma münasibətinin təzahürü idi. 70-ci illərdə Azərbaycanın bütün bölgələri kimi, onun ayrılmaz hissəsi olan Dağlıq Qarabağın sənayesi, kənd təsərrüfatı, təhsil, səhiyyə, mədəniyyət, bir sözlə bütöv infrastruktur inkişaf etməyə başladı. Faktlara nəzər saldıqda aydın görünür ki, bütün istehsal növləri üzrə 1979-cu ildə istehsalın həcmi 1970-ci ilə qədər olan dövrə nisbətdə 2-3 dəfə artmışdır. Elə bir il olmurdu ki, Dağlıq Qarabağın sosial-iqtisadi və mədəni həyatında əsaslı yenilik olmasın. 1978-ci ildə Xankəndini respublikanın paytaxtı ilə birləşdirən dəmiryol xəttinin çəkilişi Dağlıq Qarabağın iqtisadiyyatının Azərbaycanın digər bölgələri ilə bağlılığına geniş zəmin yaratdı. Yollar abadlaşdırılır, yeni körpülər tikilir, istehsal sahələri yaradılır, azərbaycanlılar yaşayan kəndlərin uzun illərdən bəri məhrum olduqları enerji və qaz təchizatı yaxşılaşdırılırdı.
60-cı illərdə təhsil, səhiyyə və mədəniyyət ocaqları Azərbaycan kəndlərində yox dərəcəsində idi. Onlar da yuxarıda qeyd etdiyimiz kimi, uçuq-sökük, darısqal idi, adi parta və oturacaq çatışmırdı. Müəllim, həkim, mədəniyyət işçisi kadrları barmaqla sayılacaq vəziyyətdə idi. Ucqar kəndlərdə isə məktəblər çatmırdı. Ulu öndərimiz vilayətdə azərbaycanlı əhalinin maariflənməsi işində də təqdirəlayiq tədbirlər həyata keçirdi. Bütün iri kəndlərdə orta məktəblər yaradıldı. Bir çox yeni məktəb binaları inşa olundu. Yaxın keçmişin statistikasına nəzər salsaq aydın görünər ki, Heydər Əliyev Dağlıq Qarabağda təhsilə və müəllim kadrlara çox ciddi və həssas münasibət göstərmişdir. Belə ki, Şuşa şəhərində 875 yerlik orta məktəb binası, 375 yerlik xüsusi internat, rayonun azərbaycanlılar yaşayan Zarıslı, Xəlfəli, Şırlan, Səfixanlar, Xanlar kəndlərində 375, Malıbəyli kəndində 625 yerlik orta məktəb, Turşsu kəndində səkkizillik məktəb məhz 70-ci illərdə istifadəyə verilmişdir. Ağdərənin azərbaycanlılar yaşayan Umudlu kəndində 625, Çərəkdar, Ortapəyə və Manikli kəndlərinin hər birində 475 nəfərlik, Xatınbəyli, Sırxavənd və Narınclar kəndlərinin hər birində 275 yerlik məktəblər də məhz həmin illərin yadigarıdır. Xocavənd rayonunun Əmirallar, Qaradağlı, Tuğ, Edilli kəndlərinin hər birində 625 yerlik məktəblərin tikilməsi Heydər Əliyevin DQMV-də yaşayan azərbaycanlı əhalinin maariflənməsinə göstərdiyi qayğının ən bariz nümunəsidir.
Yeni yaradılmış təhsil ocaqlarını kadrlarla təmin etmək məqsədilə 1973-cü ildə Xankəndidə Pedaqoji İnstitut açıldı. Təbii ki, bu təhsil ocağı azərbaycanlı kadrların yetişdirilməsində, milli ziyalıların Xankəndidə fəaliyyət göstərməsində müstəsna rola malik idi. Bütün sahələr üzrə yerli kadr ehtiyatının yaradılması məqsədi ilə hər il Dağlıq Qarabağdan olan gənclər müsabiqədən kənar ölkənin müxtəlif ali məktəblərinə qəbul olunurdular.
Heydər Əliyevin Dağlıq Qarabağdakı ən böyük xidmətlərindən birincisi isə heç şübhəsiz, Azərbaycan dilinin dövlət dili səviyyəsinə qaldırılması olub. Həmin dövrə qədər vilayətdə idarə, müəssisə və təşkilatlarda, məktəblərdə, səhiyyə və mədəniyyət müəssisələrində ad göstəriciləri erməni və rus dillərində, habelə bütün yazışmalar da bu dillərdə aparılırdı. Ulu öndərin qəti tapşırığı ilə vilayətin erməni və rus dilli məktəblərində Azərbaycan dili tədris olunmağa başlandı. Vilayətin partiya, sovet, hüquq-mühafizə orqanlarının və digər təşkilatların inzibati binalarının lövhələrinin Azərbaycan dilində yazılmasına başlanması da 70-ci illərə təsadüf edir. Dağlıq Qarabağda səhiyyənin inkişafı da məhz Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Tibb İnstitutunu bitirən azərbaycanlılar təyinatla vilayətə göndərilir, milli kadrlarla həmin səhiyyə ocaqları möhkəmləndirilirdi.
Bir sözlə, azərbaycanlıların vilayətə axını üçün münbit şərait yaradılmışdı. Bir fakta diqqət yetirək. 1970-ci ildə DQMV-nin ümumi əhalisinin 18 faizi azərbaycanlı olduğu halda, bu rəqəm 1989-cu ildə 30 faizi keçmişdi. Erməni millətçilərinin ciddi narahatçılığına səbəb olan bu artım xalqımızın dahi oğlu Heydər Əliyevin uzaqgörən və müdrik siyasətinin bəhrəsi idi. 80-ci illərin əvvəllərində vilayətdə azərbaycanlıların sayı daha da yüksək həddə çatmışdı. 1982-ci ildə Heydər Əliyev Moskvaya SSRİ rəhbərliyinə aparılan zaman ermənilər sanki yasa batmışdılar. Onlar bu yüksək təyinatı qısqanclıq hissi ilə həzm edə bilmirdilər və öz daxillərindəki məkr və sərsəm xəyallarının həyata keçirilməsinin daha da müşkülə düşdüyünü dərk edirdilər.
Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrün ən xarakterik xüsusiyyəti ondan ibarətdir ki, bu dövrdə erməni millətçiləri bir dəfə də olsun torpaq iddiasına cəsarət edə bilməmişdilər. 1982-ci ildə Qarabağın ən uca zirvəsində - Şuşada Azərbaycan varlığının canlı təcəssümü kimi Vaqifin məqbərəsini ucaldanda Heydər Əliyev tarixi missiyasının - bu vilayəti tam olaraq azərbaycanlılaşdırdığının təntənəsini yaşadı.
1987-ci ildə Heydər Əliyev SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən və Siyasi Büro üzvlüyündən istefa verdikdən sonra ermənilər Dağlıq Qarabağda toy-bayram etməyə başladılar. Bundan 15 gün sonra Qorbaçovun iqtisadiyyat üzrə müşaviri, milliyyətçə erməni olan Aqambekyan Parisdə keçirdiyi bir mətbuat konfransında "Dağlıq Qarabağ Ermənistana verilməlidir" bəyanatı ilə çıxış etdi. Bununla da ermənilərin uzun illər ərzində Dağlıq Qarabağı ələ keçirmək məqsədi ilə hazırladıqları planların həyata keçirilməsinə start verildi. Onlar açıq-aşkar deyirdilər ki, son iyirmi ildə onların iyrənc, separatçılıq planlarının həyata keçirilməsinin qarşısı məhz Heydər Əliyev tərəfindən alınmışdır. Daşnak tör-töküntülərinin, erməni emissarlarının, vaxtı ilə ulu öndər tərəfindən Azərbaycandan sürgün edilmiş yerli "ideoloq"larının Dağlıq Qarabağa axını da məhz 1987-ci ildən sonra başlandı.
1987-ci ildən Dağlıq Qarabağda ermənilərin təşkilatlanması, silahlı dəstə yaratması, bir çox ölkələrdən gəlmiş muzdluların ermənilərə hərbi təlim keçməsi, bir sözlə, münaqişəyə hazırlıq görmələri heç kəsə sirr deyildi. İrəvan Xankəndi arasında emissarlar daha çox diqqəti cəlb edirdilər. Belə olan halda azərbaycanlılar respublika rəhbərliyinə, hüquq-mühafizə orqanlarına müraciət etsələr də, Moskvanın diktəsi ilə oturub-duran respublika rəhbərliyi azərbaycanlılara "sakit olun", "emosiyalara qapılmayın", "fitnəkarlığa uymayın" və s. "səbr dərsi" keçir, ermənilər isə daha da azğınlaşırdılar. Ermənilər öz mənfur planlarını həyata keçirmək üçün hər cür dona girir və bizə deyirdilər: arxa-dayağınız gedib, daha bizə mane ola biləcək heç bir kəs yoxdur! Həqiqətən də hadisələrin sonrakı inkişafı düşmənlərimizin dediyini sübut etdi və Azərbaycan xalqının xilaskarı, arxa və dayağının yalnız Heydər Əliyev olduğu bir daha təsdiqləndi. Münaqişə isə gündən-günə alovlanırdı. Ermənilər artıq silahlı basqına və terrora keçmişdilər. Avtobuslar, maşınlar, adamlar atəşə tutulur, günahsız insanlar həlak olurdular. Ən acınacaqlısı isə o idi ki, ermənilərin törətdikləri bu cinayətlər cəzasız qalırdı.
Bütün bunlara qarşı respublika rəhbərliyindən heç bir tədbir və reaksiya verilmədiyini görən ermənilər daha da azğınlaşaraq növbəti qanlı planlarını hazırlayırdılar. Bunları ölkə rəhbərinin nəzərinə çatdırmaq üçün Xocavənddən böyük bir nümayəndə heyəti 11 sentyabrda Prezident Aparatında Ayaz Mütəllibovun qəbulunda oldu. Yenə də həmişə olduğu kimi, yalançı vədlər və biganə münasibət. Bundan əvvəl də dəfələrlə Dağlıq Qarabağdakı mövcud durum haqqında respublikanın rəhbərlərinə müraciət olunmuşdu. Çox təəssüf ki, heç bir tədbir görülmürdü. Bu laqeydliyə cavab olaraq xocavəndlilər prezident seçkilərində iştirak etməməyi qərara aldılar. Buna onların haqqı çatırdı. Öz vətəndaşlarının təhlükəsizliyinə və torpaqların müdafiə olunmasına biganə qalan, Moskvanın göstərişləri ilə oturub-duran, ermənilərin törətdikləri cinayətlərə göz yuman Mütəllibovun prezident seçilməsi boş və mənasız bir addım idi. Məhz buna görə xocavəndlilər seçki bülletenlərində Mütəllibovun adını silərək onun üzərindən Heydər Əliyevin adını yazmışdılar.
Qədim yurd yerlərimiz oda qalanır, dinc insanlar vəhşiliklə qətlə yetirilirdi. 1991-ci ilin noyabrında bir qrup nümayəndə heyəti yenidən Bakıya-Prezidentlə görüşə getdi. Mövcud vəziyyət ona çatdırıldı. Yenə də həmişə olduğu kimi kömək olunacağı barədə yalançı vədlər verildi. Bu görüşlərin heç bir fayda verməyəcəyi göz qabağında idi. Bütün bunlar isə bizi sarsıdır və üzürdü. Münaqişənin ilk günlərindən ölkə rəhbərliyinin qətiyyətsiz mövqeyini görən Dağlıq Qarabağ azərbaycanlıları bu məsələnin birdəfəlik həllinə yalnız Heydər Əliyevin nail ola biləcəyinə, ermənilərin hər zaman Heydər Əliyev qətiyyəti, iradəsi və zəkası qarşısında aciz olduqlarını inamla bildirirdilər. Azərbaycan xalqı, eləcə də qarabağlılar çıxış yolunu Heydər Əliyevin hakimiyyətə gəlməsində, xalqı düşdüyü ağır vəziyyətdən, ən başlıcası isə dərin ümidsizlikdən yalnız onun qurtara biləcəyində görürdülər. Nicat yalnız Heydər Əliyevdə idi!
1991-ci ilin noyabrında Xocavənd əhalisinin sözlərini və arzularını çatdırmaq üçün Naxçıvana xalqımızın dahi oğlu Heydər Əliyevin yanına getməyi özümə borc bildim. Noyabr ayının 16-da ulu öndər Naxçıvan Muxtar Respublikası Milli Məclisində məni qəbul etdi. Həmin vaxt Naxçıvanın özü ağır şəraitdə idi. Burada da ermənilər sərhəd boyu hücuma keçirdilər. Mövcud vəziyyətlə bağlı ulu öndərə ətraflı məlumat verdim, xocavəndlilər və o cümlədən, Dağlıq Qarabağda yaşayan azərbaycanlılar adından kömək istədim. Ulu öndər çox dəyərli tövsiyələri ilə bərabər nəyin bahasına olursa-olsun torpaqları müdafiə etmək tapşırığını verdi. Geriyə qayıtdıqdan sonra Azərbaycanın böyük oğlunun tövsiyə və salamlarını xocavəndlilərə çatdırdım.
Bu, əhali arasında çox böyük ruh yüksəkliyi ilə qarşılandı və qısa zamanda torpaqların müdafiəsi üçün hamı silaha sarılaraq əzmlə döyüşə atıldı. El-obanın igid və cəsur oğullarından təşkil olunmuş Xocavənd özünümüdafiə dəstəsində nizam-intizam möhkəmləndi və döyüş ruhu yüksəldi.
Erməni hərbi birləşmələrinə qarşı hər qarış vətən torpağı uğrunda qanlı döyüşlər gedirdi. Bütün yaşayış məntəqələrində insanlar öz ocaqlarını, ata-baba yurdlarını mərdliklə müdafiə edirdilər. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, hələ 1967-ci ildə milli münaqişə zəminində baş vermiş hadisələrlə bağlı ulu öndərin olduğu Xocavənd rayonunun Qaradağlı kəndi 77 şəhid verdi. Bu da kənd əhalisinin hər 10 nəfərindən biri demək idi. Lakin qüvvələr qeyri-bərabər idi.
Bütün cəhdlərə baxmayaraq kəndlər işğal olunur, yandırılır və dağıdılırdı. Bu döyüşlərdə Xocavənd rayonu 145 şəhid verdi, yüzlərlə insan yaralandı. 1992-ci ilin fevral ayında Xocalı şəhərində azərbaycanlılara qarşı misli görünməmiş soyqrım törədildi, may ayında isə Şuşa şəhəri işğal edildi. Vaxtilə Heydər Əliyevin çox böyük coşqu və fədakarlıqla qurub-yaratdığı Dağlıq Qarabağ ermənilərin caynağına keçmişdi. Artıq müharibə Dağlıq Qarabağın sərhədlərindən kənarda, digər şəhər və kəndlərimizdə gedirdi. Azərbaycan faktiki olaraq parçalanmaq, məhv olmaq astanasında idi.
Xalq çıxış yolunu özü tapdı. Naxçıvana Heydər Əliyevə saysız-hesabsız müraciətlər olundu. Xalq üzləşdiyi çətinliklərdən xilas olmaq üçün öz dahi oğlunu Bakıya çağırdı. Azərbaycan xalqının təkidli tələbi və xahişi ilə 1993-cü ilin iyununda xalqımızın böyük oğlu Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi ilə müstəqil Azərbaycanın tarixində yeni eranın başlanğıcı qoyuldu. Həmin vaxt öz xalqının iradəsinə arxalanan ulu öndər iki cəbhədə - cəbhə xəttindəki düşmənlərlə və eyni vaxtda, daxili dönüklərlə mübarizə aparırdı. Daxili və xarici qüvvələr Azərbaycanda bir neçə dəfə dövlət çevrilişinə cəhd göstərsələr də, Heydər Əliyev qüdrəti qarşısında məğlub oldular. 1993-cü ilin noyabrında Heydər Əliyevin xalqa müraciətindən sonra cəbhədə dönüş yarandı. Bütün cəbhə boyu əks hücuma keçən milli ordu Füzuli rayonunun 22 kəndini işğalçılardan azad etdi. Bu döyüşlərdə Xocavənd istiqamətində döyüşən silahlı qüvvələr rayon ərazisinin bir hissəsini işğalçılardan azad etdi. Həmin döyüşlərdə Xocavənd taburu xüsusi igidlik və cəsarət nümayiş etdirdi. Ağır sarsıntılar keçirmiş xalq bir qədər yüngülləşmiş kimi rahat nəfəs aldı: Heydər Əliyev gəlibsə hər şey yaxşı olacaq!
1994-cü ilin aprelində Heydər Əliyev Xocavənd rayonu ərazisində cəbhə xəttinə səfəri zamanı Xocavənd taburunun döyüşçüləri ilə səmimi görüşdü, igid vətən oğullarına öz təşəkkürünü bildirdi. Bir neçə cəsur döyüşçünü isə vətənin yüksək mükafatı ilə təltif etdi. Bu görüşdən ruhlanan əsgərlərimiz həm Xocavənd, həm də Ağdam cəbhələrində "Vətən uğrunda!", "Heydər Əliyev uğrunda!" deyərək böyük şücaət və qəhrəmanlıqlar göstərdilər. Xocavənd rayonunun - Dağlıq Qarabağın 14000 hektar ərazisi düşməndən azad edildi. Hazırda həmin ərazilər ordumuzun nəzarəti altındadır və rayon sakinləri orada gündəlik təsərrüfat işləri ilə məşğul olurlar.
1994-cü ilin may ayında atəşkəs elan olunduqdan sonra ölkə yeni nəfəs almaq üçün vaxt əldə etdi. Qısa müddət ərzində bütün sahələr üzrə yeni quruculuq işlərinə başlanıldı. Dağılmaq və parçalanmaq təhlükəsi ilə üzləşmiş Azərbaycanı dərin bir uçurumdan xilas edən ümummilli liderimiz ölkəni inkişaf və tərəqqi yoluna çıxardı.
Ermənilər Heydər Əliyevin tarixi qayıdışını heç zaman gözləmirdilər. Bu qayıdış Azərbaycanı parçalanmaq və dağılmaq təhlükəsindən xilas etdi. Başıpozuq qüvvələrin və xarici kəşfiyyatın Azərbaycanda gerçəkləşdirmək istədikləri vətəndaş müharibəsinin qarşısını aldı. Azərbaycanın sosial-iqtisadi inkişafında yeni mərhələnin təməli qoyuldu və gələcək tərəqqi üçün möhkəm zəmin yaradıldı. Heydər Əliyevin həyatı, fəaliyyəti Azərbaycan tarixinin şanlı və qızıl hərflərlə yazılmış səhifələri, bütöv bir epoxanın canlı salnaməsidir. Heydər Əliyev siyasətlə ağlın gücünü birləşdirərək mənsub olduğu xalqı qabaqcıl dövlətlər sırasına çıxardı. Məhz Heydər Əliyevin çevik siyasəti, böyük dövlətçilik təcrübəsi və siyasi uzaqgörənliyi, eyni zamanda sarsılmaz Xalq-Heydər Əliyev həmrəyliyi sayəsində Azərbaycan xalqı qardaş qırğını və dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas oldu. Özünün dünya miqyasındakı böyük nüfuzundan məharətlə istifadə edərək Azərbaycanın haqq səsini və ermənilərin işğalçılıq siyasətini bütün dünya ölkələrinə çatdırılması istiqamətində ölçüyəgəlməz işlər gördü. Səfər etdiyi bütün xarici ölkələrdə əlində Azərbaycan xəritəsi mövcud reallığı əyani şəkildə sübut etdi. Bunun nəticəsidir ki, indi dünya ictimaiyyəti Azərbaycanın ərazi bütövlüyünü qəbul edir, Ermənistanın işğalçılıq siyasəti beynəlxalq təşkilatlar tərəfindən pislənilir. Müdrik insan, qüdrətli şəxsiyyət olan Heydər Əliyevin xalqına xidmət etmək potensialı güclü idi.
Bu gün ulu öndərimizin müdrik siyasəti Heydər Əliyev məktəbinin layiqli yetirməsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğur və inamla davam etdirilir. Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli islahatlar Azərbaycan dövlətinin siyasi xarakterini və inkişaf yolunu müəyyən edir. Bu müəyyənləşmə Azərbaycanın qısa müddət ərzində iqtisadi inkişaf göstəricilərinə görə bütün dünyada lider ölkəyə çevrilməsi faktıdır. Ulu öndər Heydər Əliyevin dərindən düşünülmüş yeni neft strategiyası nəticəsində nəhəng layihələrin gerçəkləşməsi, respublikamızın ümumilikdə Avropa regionunun gələcək enerji təhlükəsizliyi missiyasını üzərinə götürməsi xalqımızın dünya arenasında layiqli yerini təmin edir. Azərbaycan dövlətinin beynəlxalq nüfuzu artır, ölkə daxilində yaradılmış ictimai-siyasi vəziyyət, sabitlik sürətli inkişafa imkan verir. Yurd-yuvalarından didərgin düşmüş soydaşlarımıza dövlət qayğısı prioritet məsələ kimi daim ölkə Prezidentinin diqqət mərkəzindədir.
2003-cü ildə prezident seçkiləri ərəfəsində tezliklə Azərbaycanda bir dənə də olsun çadır şəhərciyinin qalmayacağını bildirən dövlət başçının verdiyi vəd tam reallaşmış, Azərbaycanda bütün çadır şəhərcikləri ləğv edilmiş, onların yerində müasir və hər cür şəraitə malik yeni evlər tikilib məcburi köçkünlərin istifadəsinə verilmişdir. Lakin biz məcburi köçkünlər yaxşı bilirik ki, bütün bunlar müvəqqətidir. 2008-ci il oktyabr ayının 4-də rayonumuzdan olan məcburi köçkünlər üçün Beyləqan rayonu ərazisində tikilmiş yeni qəsəbənin açılışındakı nitqində cənab İlham Əliyev qeyd etmişdir ki, "Tikilmiş bu qəsəbələr müvəqqətidir. Biz bu qəsəbələri tikirik ki, siz burada rahat yaşayasınız. Biz nəyin bahasına olursa-olsun torpaqlarımızı azad edəcəyik. Dağlıq Qarabağdan olan insanlar öz doğma yurdlarına qayıdacaqlar."
Torpaqlarımızın sülh yolu ilə işğaldan azad olunması üçün ölkə rəhbərliyi beynəlxalq səviyyədə böyük işlər həyata keçirir. Beynəlxalq qurum və təşkilatlarda Azərbaycanın haqq səsi eşidilir və qəbul edilir. Aparılan sülh danışıqları ilə yanaşı ordu quruculuğunda, ölkənin hərbi qüdrətinin artırılması istiqamətində uğurlu addımlar atılır. İyun ayının 24-də Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 91-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili Qoşunların birləşmə və hissələrinin birgə keçirdiyi irimiqyaslı əməliyyat - taktiki təlimin əsas mərhələsini izləyən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bildirmişdir: "Biz müharibə şəraitində yaşayırıq, buna görə də biz ilk növbədə, ordu quruculuğu ilə məşğul olmalıyıq və məşğul oluruq. Müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıbdır və hər an hazır olmalıyıq ki, öz doğma torpaqlarımızı düşməndən silahlı yolla azad edək".
Son illərdə mütəşəkkil qüvvəyə çevrilən Dağlıq Qarabağın azərbaycanlı icması həmişə olduğu kimi, indiki həssas dövrdə də Heydər Əliyev siyasi kursunu birmənalı dəstəkləyir və bu xətti layiqincə həyata keçirən Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün təmininə yönələn siyasətinə dayaqdır. Qeyd edim ki, bu yaxınlarda qurultayını keçirən Dağlıq Qarabağ bölgəsi Azərbaycanlı İcması İctimai Birliyi fəaliyyətində yeni mərhələnin əsasını qoyub. Ümumiyyətlə, icmanın fəaliyyətinə hüquqi statusun verilməsi onun beynəlxalq miqyasda fəal şəkildə təşkilatlanmasına, erməni lobbisinin qərəzli təbliğat kampaniyasına qarşı effektiv mübarizə aparmasına imkan yaradır. İcma Dağlıq Qarabağ azərbaycanlılarının üzləşdikləri acınacaqlı vəziyyət barədə, eyni zamanda Ermənistanın azərbaycanlılara və türklərə qarşı tarixən apardığı soyqırımı cinayətləri ilə bağlı məlumatların dünya birliyinə çatdırılmasını qarşısına əsas məqsəd qoyub. Qurultayda haqlı olaraq vurğuladıq ki, Dağlıq Qarabağ icmasının üzvləri müasir informasiya resurslarından, kompüter texnologiyalarından istifadə etməklə ölkə həqiqətlərini bütün dünyaya yaymalı, ermənilərin təcavüzkar siyasətinin ifşasına çalışmalı, həmçinin icmanın internet saytının yaradılmasına nail olunmalıdır. Bir sözlə, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində bu bölgənin sakinlərinin mövqeyi nəzərə alınmalıdır.
Dağlıq Qarabağdan olan azərbaycanlılar inanırlar və əmindirlər ki, Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımız işğaldan azad olunacaq, özülü ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müasir Azərbaycanımız onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə daha parlaq gələcəyə nail olacaqdır. Çünki Prezident İlham Əliyevin qətiyyətli iradəsi bu gün münaqişənin ədalətli həllinə yaranan ümummilli ümidin əsas amilinə çevrilib. Vətəndaşlarımızda qələbəyə olan əminlik də dəfələrlə artıb. İndi Azərbaycanın Dağlıq Qarabağ münaqişəsini bütün variantlarda həll etmək üçün imkanları - siyasi və hərbi qüdrəti var. Seçim, şübhəsiz ki, xalqın və Ali Baş Komandanındır!..
Eyvaz HÜSEYNOV,
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı
Azərbaycan.- 2009.- 14 iyul.