Heydər Əliyev Bakıya gəldikdən sonra qısa bir müddətdə daxili ictimai-siyasi vəziyyəti nəzarət altına aldı, sabitlik təmin edildi
Heydər Əliyev Bakıya gəldikdən sonra qısa bir müddətdə daxili ictimai-siyasi vəziyyəti nəzarət altına aldı, sabitlik təmin edildi
Azərbaycanın bu gün sosial-iqtisadi inkişaf dinamikasına, apardığı islahatların səmərəliliyinə görə dünyada öncül mövqe tutması hər bir vətəndaşın qürur və iftixar mənbəyidir. Qısa müddət ərzində əldə edilən bu nailiyyətlər həm də xalqımızın günü-gündən yaxşılaşan güzəranında, ölkəmizin yüksəlişində, kənd və şəhərlərin intibahında təcəssüm edir. Çox yox, sadəcə 27 il öncəki Azərbaycanla - böhranlar məngənəsində, parçalanma təhlükəsi ilə yaşayan dövlətlə bugünkü qüdrətli, tərəqqi edən Azərbaycanın müqaiyisəsi ötən müddət ərzində görülən cahanşümul fəaliyyətin miqyasını tam əks etdirir.
Bütün bu uğurların səbəbkarı və müəllifi məhz ulu öndər Heydər Əliyevdir. Dünyanın ən böyük azərbaycanlısının dövlətinə və xalqına bəxş etdiyi əsl müstəqillik, milli inkişaf əslində Azərbaycanın ən mühüm nailiyyəti, əbədi davam edəcək yüksəlişinin əsas rəhnidir. Fəqət unutmamalıyıq ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanın xaosdan qurtuluşa keçidi missiyası heç də asanlıqla başa gəlməmişdi. Ulu öndər böyük uzaqgörənliklə bilirdi ki, hər bir müvəffəqiyyətin yolu məhz ictimai sabitlikdən keçir. Bu baxımdan ulu öndər fəaliyyətinin ilk günündən etibarən respublikada kriminogen durumun nəzarətə götürülməsi və ictimai asayişin təminatı yönümündə əsaslı dönüş yaratdı. Həmin dövrdə ölkədə tüğyan edən cinayətkarlıq, qanunsuz silahlı dəstələr, dövlət aparatında özlərinə yuva qurmuş siyasi intriqantların məkrli niyyətlərini həyata keçirən qruplar və bandalar vətəndaşlarımızın həyatları, həmçinin dövlətimizin müqəddəratı üçün əsas təhlükəyə çevrilmişdilər. Heydər Əliyev bu sahədəki problemlərin aradan qaldırılmasını özü üçün əsas vəzifələrdən biri kimi elan etdi. Bu məqsədlə də ulu öndər ilk növbədə daxili işlər orqanlarının daxilən təmizlənib, öz səlahiyyətlərinin icrasını ləyaqətlə həyata keçirməsini təmin etdi.
Bir məqamı da xatırladaq ki, Azərbaycanın daxili işlər orqanlarının əsl inkişafı tarixən ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun 1969-cu ildə respublikaya rəhbər seçilməsindən sonra Daxili İşlər Nazirliyinə dövlət qayğısı gücləndi, sıralarının saflaşdırılmasına, xalqa, vəzifə borcuna sədaqətli kadrların irəli çəkilməsinə, əməkdaşların vətənpərvərlik, milli-mənəvi dəyərlər əsasında təlim-tərbiyəsinə, peşəkarlığının yüksəldilməsinə xüsusi önəm verildi.
Ötən dövrdə qazanılan nailiyyətləri bərpa etmək məramı ilə ulu öndərin sədrliyi altında 1994-cü ilin aprelin 29-da DİN-də xüsusi müşavirə keçirildi və Heydər Əliyev bu qurumda özünü göstərən mənfi təzahürləri rəhbər şəxslərin səriştəsiz fəaliyyəti, onların işində şəxsi maraqların vəzifə məsuliyyətindən önə keçməsi ilə əsaslandırdı. Fəaliyyətində böyük problemlər olan daxili işlər orqanlarında köklü islahatlara başlamaq və vəziyyətin qaydaya salınması məqsədilə DİN rəhbərliyində əsaslı kadr dəyişiklikləri apararaq, Ramil Usubovu Azərbaycan Respublikasının daxili işlər naziri təyin etdi. Ümummilli liderimizin uğurlu kadr siyasətinin bu nümunəsinin seçimi də təsadüfi deyildi. Heydər Əliyev hələ 1993-cü ildə Bakıya ali hakimiyyətə gəldikdən sonra kriminallaşan siyasi avantüristlərin hegemonluğu altına keçmək mərhələsini yaşayan rəsmi nəzarətdən çıxmaqda olan Naxçıvanda asayişi qorumaq, silahlı bandaları zərərsizləşdirmək, qanunçuluğu təmin etmək kimi çox ağır, taleyüklü vəzifəni məhz polkovnik Ramil Usubova həvalə etmişdi. Hələ o təyinat zamanı ulu öndərimiz bilirdi ki, terrorun, silahlı kriminal dəstələrin hədəfinə çevriləcək Naxçıvanın daxili işlər naziri postunu təhdidlərdən çəkinməyən, xidməti borcunu və rəhbərin tapşırıqlarını yerinə yetirmək üçün riskə getməkdən qorxmayan, tam inandığı qətiyyətli bir şəxs tuta bilər. Heydər Əliyev həmin iclasda birmənalı dəstək verdiyi yeni daxili işlər nazirinin fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirdi.
Aprel müşavirəsindən sonra daxili işlər orqanlarının fəaliyyətində əsl inqilabi dəyişikliklər baş verdi. Ulu öndərin tapşırıqlarına uyğun olaraq, Ramil Usubov başda olmaqla bütün şəxsi heyət vəzifə səlahiyyətlərini layiqli formada həyata keçirməyə səfərbər oldu. Azərbaycan polisi qısa müddət ərzində dövlət və millət qarşısında peşəkarlıq imicini yenidən yaratdı, ümumxalq etimadını bərpa etdi, ən əsası isə ulu öndərin inamını doğrultdu. Heydər Əliyev 1994-cü ildə imzaladığı "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında" fərmanla ölkədəki mütəşəkkil cinayətkarlıqla mübarizənin başlanğıcını qoydu.
Ümumiyyətlə, ümummilli liderin tövsiyələri və göstərişləri, daxili işlər orqanlarına olan etimadı fəaliyyətdə əsas istinadgah kimi qəbul edildi. Heydər Əliyevin misilsiz xidmətləri, böyük dəstəyi sayəsində həlli qeyri-mümkün olan problemlər belə az vaxtda aradan qaldırıldı. Ölkədə sabitlik bərqərar edildi, cinayətkarlığın artan dinamikasının qarşısı alındı və o, günü-gündən azaldıldı, kriminogen durum tam nəzarətə götürüldü, respublikada tüğyan edən mütəşəkkil cinayətkarlığa, sabitlik üçün təhlükə doğuran zərərli meyillərə, qanunsuz silahlı birləşmələrə qarşı uğurlu tədbirlər həyata keçirildi. Əməkdaşlar cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təminində, daxili sabitliyin yaradılması sahəsində qanunla müəyyən edilmiş vəzifələrini layiqincə yerinə yetirdilər, eyni zamanda idarəetmədə keyfiyyətcə yeni prinsiplərin və təkmilləşmələrin tətbiqi sürətləndi. Dövlət çevrilişlərinin, kütləvi iğtişaşların qarşısının alınmasında, silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsində qətiyyət, yüksək peşəkarlıq, anda sədaqət nümayiş etdirdilər.