15 iyunadək olan şəraitin mənzərəsi: ümumi böhran məngənəsində.
15 iyunadək olan şəraitin mənzərəsi: ümumi böhran məngənəsində.
Dövlət müstəqilliyi bərpa edilən Azərbaycan xalqının qarşısında bir sıra mühüm vəzifələrin həll edilməsi dayanırdı: dövlət müstəqilliyini qorumaq və məhkəmləndirmək; planlı sosialist təsərrüfatından azad bazar iqtisadiyyatına keçmək; təkpartiyalı sistemdən çoxpartiyalı sistemə, demokratiyaya keçmək; fəal xarici siyasət yürütmək; Ermənistanın əsassız ərazi iddiaları ilə başlatdığı hərbi təcavüzünü dayandırmaq, onun nəticələrini aradan qaldırmaq və s. Azərbaycanın dövlət müstəqilliyi bərpa edilən zaman Ermənistanın əsassız ərazi iddiaları səbəbindən bir neçə il əvvəl başladığı hərbi təcavüzü davam edir, tarixi torpaqlarında yaşayan azərbaycanlılar qovularaq qaçqına çevrilir, təcavüzün gedişində ərazilər bir-birinin ardınca işğal edilir, etnik-tarixi mənsubiyyətini itirmək üçün yaşayış məntəqələri yandırılır, əhali məcburi köçkün düşürdü. Digər tərəfdən isə hakimiyyət uğrunda müxtəlif qruplaşmalar arasında amansız mübarizə gedirdi.
1992-ci ilin may ayında silahlı çevriliş yolu ilə hakimiyyəti ələ keçirən Azərbaycan Xalq Cəbhəsi Azərbaycanın problemlərini həll edə bilmədi, onları daha da dərinləşdirdi. İdarəçilikdə səriştəsizlik, problemlərin yanlış qoyulması və onların həllinə primitiv, məhdud yanaşma, hakimiyyətin qanunverici, icraedici və məhkəmə qanadları arasında qarşıdurma, xalq ilə hakimiyyət arasında ziddiyyətlər, dükanlarda satılan keyfiyyətsiz çörək üçün növbələrin artması, iqtisadi tənəzzül, vətəndaşlara qarşı kobud hərəkətlər ölkədə ümumi böhrana gətirib çıxardı. Yürütdüyü siyasət nəticəsində xalqdan ayrı düşmüş hakimiyyət ona bəslənən ümidləri doğrulda bilmirdi. Ölkənin şimalında və cənubunda xaricdən qızışdırılan separatçılıq hərəkətləri Azərbaycanı didib-parçalayır, milləti və ölkəni dağıdan, dövlətin varlığını təhdid edən qondarma qurumlar yaradılırdı. Tarixən tək və vahid millət olmuş Azərbaycan parçalanmaq ərəfəsində idi.
Cəbhədəki uğursuzluqlar bir-birinin ardınca gəlirdi. Hərbi və mülki hakimiyyət arasında ixtilaflar hökm sürürdü. Hakimiyyətə tabe olmayan hərbçilər Gəncədə "Hərbi birlik” yaratmışdılar. 1993-cü il iyunun 4-də Gəncədə Surət Hüseynovun rəhbərliyi altında hərbi qiyam baş verdi. Qiyamı yatırmaq üçün 130 saylı hərbi hissədən 709 saylı hərbi hissəyə hücum edildi. Qan töküldü. Gəncəyə gedən dövlət və hökumət nümayəndələri girov götürüldülər. S.Hüseynovun dəstələri Bakıya doğru yürüş etdilər. Azərbaycan öz tarixində o zamanadək görünməmiş bir faciənin - qardaş qanının tökülməsi, vətəndaş müharibəsi astanasında dayanmışdı. Bəlkə də Azərbaycan öz tarixində millət və cəmiyyət olaraq heç bir zaman bu qədər qütbləşməmiş və bir-birinə qənim kəsilməmişdi.
Dövlətin xarici siyasət fəaliyyəti də bərbad halda idi. Hissiyyatlara əsaslanan xarici siyasət yürüdülürdü. Beynəlxalq aləmdə Azərbaycanın səsi eşidilmirdi. Təşkilati, dövlət idarəçilik bacarığına və qabiliyyətinə malik olmayan, xalqın dəstəyini itirmiş hakimiyyət beynəlxalq aləmdə ölkəni təcridçiliyə gətirmişdi. Diplomatiya dostlar əvəzinə daha çox düşmənlər qazandırırdı. Qonşularla münasibətlər gərgin idi. Ölkənin maraqları etibarlı qoruna bilmirdi.
Azərbaycan dəhşətli bir vəziyyətə düşmüşdü. Bu, Azərbaycanın iqtisadi, siyasi, hərbi, mədəni, humanitar və psixoloji həyatını tamamilə bürümüş ağır ümumi böhran idi. Müstəqil dövlət sanki kağız üzərində, bəyanat xarakteri daşıyırdı. Bərpa edilmiş dövləti təmsil edən hakimiyyət real olaraq hər hansı bir məsələni həll etmək gücündə deyildi. Azərbaycan öz tarixinin ağır günlərini yaşayırdı.
Xalqın və dövlətin taleyini öz üzərlərinə götürmüş vəzifə sahibləri belə şəraitdə bir-birinin ardınca istefa verərək məsuliyyətdən yaxa qurtarmaq yolunu tutdular. Bəziləri vəzifələrini "dondurdular”, bəziləri isə qaçıb gizləndilər. Azərbaycan vətəndaşının yaranmış şəraitdən çıxmağa, sabaha ümidi yox idi. Bu, Azərbaycan dövlətçiliyi tarixinin utancverici anı olub, gələcəkdə xatırlanası və müraciət ediləsi bir səhifə deyildi.