Məhz atəşkəsin əldə olunması əsasında Azərbaycan iqtisadiyyatının sürətli böyüməsi, neft-qaz sektorunun inkişafı başladı.
Məhz atəşkəsin əldə olunması əsasında Azərbaycan iqtisadiyyatının sürətli böyüməsi, neft-qaz sektorunun inkişafı başladı. Bu genişmiqyaslı transformasiya əsasında Bakı milyonlarla insanın diqqətini çəkən möhtəşəm şəhərə çevrildi, əla infrastruktur yaradıldı və artan Azərbaycan əhalisi daha yüksək həyat səviyyəsi əldə etdi.
Dağlıq Qarabağda baş verən proseslərə seyrçi münasibət bəsləyən bacarıqsız və iradəsiz yerli rəhbərlər burada baş verən mərkəzdənqaçma meyllərinin qarşısını yerindəcə almaq əvəzinə, fəaliyyətsizlik göstərmişdilər. Xalqımızın böyük oğlu Heydər Əliyev SSRİ-nin yüksək dövlət rəhbərlərindən biri olduğu dövrdə də Dağlıq Qarabağ Muxtar Vilayətində respublikamızın üstün maraqlarını qətiyyətlə qorumuşdu.
Ümummilli lider ali sovet rəhbərliyindən uzaqlaşdırılıb ciddi nəzarət altında yaşamağa məhkum ediləndən dərhal sonra Ermənistanın Azərbaycana qarşı ərazi iddiası baş qaldırdı. Prezident İlham Əliyevin dediyi kimi: “Heydər Əliyev vəzifədən uzaqlaşdırılandan sonra bu meyllər daha da gücləndi və Azərbaycana qarşı açıq ərazi iddiası prosesi başlandı. Əfsuslar olsun ki, bu prosesə başçılıq edən o vaxtkı sovet rəhbərliyi idi. Əgər sovet rəhbərliyinin bu işlərdə əli olmasaydı, Cənubi Qafqazda heç vaxt münaqişə yaranmazdı”.
Ulu öndər sonralar öz istefasının doğurduğu nəticələrdən danışarkən deyirdi: “Azərbaycan üçün bəla ondan başladı ki, 1987-ci ildə ermənilər bizim azərbaycanlıların bəziləri ilə yığışdılar, mənim Kremldən istefa verməyimə nail oldular. Bundan iki ay sonra Dağlıq Qarabağda üsyan, münaqişə başlandı. О vaxtdan ermənilərin bir məqsədləri var idi ki, Heydər Əliyevi Kremldən uzaqlaşdırsınlar. Çünki bilirdilər ki, mən Moskvada oturmuşam və belə məsələlərin qaldırılmasına yol verməyəcəyəm. Məni Kremldən uzaqlaşdırdılar. Bundan sonra Azərbaycan nə günə düşdü”.
Heydər Əliyevin SSRİ rəhbərliyindən getməsi məqamını gözləyən erməni millətçiləri, guya, sosial vəziyyətin pisləşməsini və buna görə də Azərbaycan hökumətinin rəhbərliyi altında yaşamağın mümkünsüzlüyünü özlərinə şüar edərək, Ermənistanda və Dağlıq Qarabağda ictimai fikri çaşdıra bildilər, açıq separatizm başlandı. Respublika rəhbərləri bundan sonra da muxtar vilayətdə sürətlə genişlənən antiazərbaycan hərəkatının qarşısını almaq üçün ciddi tədbirlər görə bilmədilər, bacarıqsızlıqlarından bu zəruri işi ittifaq orqanlarının vəzifəsi saydılar.
Ermənipərəst Mixail Qorbaçovun timsalında sovet rəhbərliyi isə münaqişənin qarşısını vaxtında almaq əvəzinə, onun qanlı müharibəyə çevrilməsinə şərait yaratdı, Azərbaycanı süni surətdə oyundankənar vəziyyətə salmaqla ərazilərimizin 20 faizinin itirilməsinə bais oldu. Dünya miqyaslı siyasət və dövlət xadimi Heydər Əliyevin böyük siyasətdən kənarda qaldığı həmin illərdə respublikada baş verən qarışıqlıq, hakimiyyət uğrunda qruplararası mübarizə də düşmənin təcavüzkarlığı qarşısında ölkəmizi müdafiəsiz qoydu.
Xalqımızın zəkalı və qeyrətli oğlu Heydər Əliyev belə bir mürəkkəb şəraitdə dağılmaqda olan sovet imperiyasının mərkəzində ciddi nəzarət altında yaşamağa məhkum edilsə də, çətinliklə imkan tapıb Vətənin harayına yetişdi. Respublika rəhbərliyinin xəyanətkarlığı və üzüdönüklüyündən Bakıda yaşamaq imkanı tapmayan ümummilli lider Naxçıvana – doğmalarının və həmyerlilərinin yanına qayıtmağa məcbur oldu. Tezliklə muxtar respublikaya blokada şəraitində rəhbərlik onun üzərinə qoyuldu. Ulu öndərin burada gerçəkləşdirdiyi zəruri tədbirlərlə Naxçıvan işğaldan xilas edildi, qəbul edilmiş tarixi qərarlarla dövlətçiliyimizin bərpası ilə bağlı ciddi addımlar atıldı.
Müstəqilliyin ilk illərində naşı, xain siyasətbazların hakimiyyət davası ölkəni uçuruma sürükləyəndə isə xalqın təkidli tələbi və iradəsi ilə 1993-cü ilin böhranlı yayında ümummilli lider Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdı. Zamanın hökmü ilə Azərbaycan dövlətinə və xalqına rəhbərliyin ağır məsuliyyətini öz üzərinə götürən praqmatik və xarizmatik lider Heydər Əliyevin siyasi qayıdışı ölkəmizin müstəqillik yolu ilə irəliləyişi üçün dönüş məqamı oldu.
Bundan sonra çoxsaylı terror aktlarının, dövlət çevrilişlərinə cəhdlərin qarşısını alaraq, siyasi sabitliyə və sosial-iqtisadi dirçəlişə nail olan Prezident Heydər Əliyev Qarabağ müharibəsinin gedişində də dönüş yaratdı və düşməni atəşkəs müqaviləsi bağlamağa məcbur etdi. Ümumiyyətlə, açılmaz bir düyünü xatırladan Dağlıq Qarabağ münaqişəsinin həlli müstəqil Azərbaycana rəhbərliyi dövründə Heydər Əliyevin siyasi xəttinin və diplomatik fəaliyyətinin əsasını təşkil etdi.
Ölkəmizin ətrafında baş verənləri, başımızın üstünü alan qara buludları görən, prosesləri uzaqgörənliklə qiymətləndirən Heydər Əliyev respublikamızın pozulmuş ərazi bütövlüyünün bərpa olunması və işğalçıların ölkə ərazisindən çıxarılmasının düzgün yolunu müəyyənləşdirdi. Bundan sonra Dağlıq Qarabağ probleminin həlli ilə bağlı beynəlxalq aləmin dəstəyinin qazanılması Azərbaycan diplomatiyasının qarşısında duran ən mühüm vəzifələrdən biri oldu.