Ümummilli lider Heydər Əliyev ölkəmizi tarixin bu sınaqlarından da üzüağ çıxarmağı bacardı.
Ümummilli lider Heydər Əliyev ölkəmizi tarixin bu sınaqlarından da üzüağ çıxarmağı bacardı.
Gəncə qiyamı ağıllı siyasi gedişlər və böyük şəxsi nüfuz hesabına sülh yolu ilə yatırıldıqdan sonra 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. O, problemlərin həlli üçün ilk növbədə ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin son dərəcə vacib olduğu barədə qənaətini açıqladı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”. Bunun ardınca isə “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – söyləyərək böyük risklər altında xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.
Ən azından həyatda və siyasətdə qaldıqlarına görə Heydər Əliyevə borclu olan cəbhəçilər ümumxalq məqsədləri naminə legitim hakimiyyətə dəstək verməli olduqları halda, təəssüf ki, öz nankor xislətlərini bu dəfə də ortaya qoydular. Onlar hər vəchlə Heydər Əliyevin müstəqilliyimizin qorunması və dövlət quruculuğu istiqamətində başladığı fəaliyyətə mane olur, onun gördüyü taleyüklü işləri gözdən salmağa çalışdılar. Bunun üçün də yenə Qarabağ kartından istifadə etməyə cəhd göstərirdilər.
Şuşanın və Laçının işğalına şərait yaratmaqla hakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyü bu dəfə digər rayonların işğalına şərait yaratmaqla hakimiyyətdə qalmaq kimi mənfur niyyətlərini həyata keçirmək istəyirdilər. Bu məqsədlə də faktiki olaraq cəbhəçilərin nəzarətində olan silahlı birləşmələr döyüş zonalarından uzaqlaşdırılır və orduda hərc-mərclik yaradılırdı. Heydər Əliyevin güclü və müstəqil bir siyasətçi olduğunu bilən xarici qüvvələr də bu ərəfədə işğalçı Ermənistana dəstək verirdilər. Nəticədə 1993-cü ilin iyul-avqust aylarında Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı rayonları düşmənin nəzarəti altına keçdi.
Bütün bu gərgin vəziyyətə baxmayaraq Azərbaycanda dövlət orqanlarının fəaliyyətini və dövlətçiliyi bərpa etmək məqsədilə 1993-cü il oktyabrın 3-də prezident seçkiləri keçirildi və Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti seçildi.
Bu, elə bir dövr idi ki, cəbhə bölgəsində böhran davam edirdi. Nəticədə Zəngilan rayonu da işğala məruz qaldı. 1993-cü ilin son ayları ərzində ərazi itkilərinin əsas səbəbi o idi ki, bu dönəmdə yerlərdə, xüsusilə ordu bölmələrinin rəhbərliyində hələ də Elçibəy hakimiyyətinin təyin etdiyi şəxslər təmsil olunurdular və hadisələrin gedişinə ciddi təsir göstərmək imkanına malik idilər.
1993-cü ikin dekabr ayında Heydər Əliyev bütün daxili çəkişmələri kənara qoyub torpaqları azad etmək naminə Azərbaycan hərbiçilərini səfərbər olmağa çağırdı. Azərbaycan ordusunun həmin günlərdə başlayan hücum əməliyyatları 1994-cü ilin yanvarında Horadizin və Füzuli rayonunun bir hissəsinin azad olunması ilə başa çatdı. Bu tarixin ən obyektiv qiymətini Heydər Əliyevin sonrakı addımlarının timsalında zamanın özü verib. Qarabağ savaşında ciddi uğur nümunəsi olan Horadiz əməliyyatının əsas siyasi əhəmiyyəti budur ki, öz havadarlarına arxayın olan rəsmi Yerevanın bu məğlubiyyətdən sonra atəşkəs rejiminə imza atmaqdan başqa çıxış yolu qalmadı. İllər sonra Azərbaycan ordusunun bu zəfəri 2016-cı ilin aprel ayında da yenidən təkrar olundu.
1993- cü ilin ortalarında ölkə daxilində ictimai-siyasi vəziyyəti daha da mürəkkəbləşdirən və cəbhədəki durumu ağırlaşdıran başqa ciddi səbəblər də var idi. Bundan öz maraqları naminə istifadə etmək istəyən və xarici havadarlarının dəstəyinə güvənən daxili separatçı qüvvələr də siyasi meydanda görünməyə başlamışdılar. 1993-cü ilin iyun-avqust aylarında cənub bölgəsinin 7 rayonunu əhatə edən bir ərazidə saxta polkovnik Əlikram Hümbətovun ortaya atdığı üzdəniraq “Talış-Muğan Respublikası” ideyası, şimalda isə 1990-cı ildən bəri milli zəmində millətçi “Sadval” hərəkatının fəallaşması respublikanın müstəqilliyi üçün əlavə təhlükə mənbəyinə çevrilmişdi. Həmin qüvvələr əslində Elçibəy hökumətinin yürütdüyü yanlış milli siyasət nəticəsində baş qaldırmışdılar. Separatçılar öz hədəflərinə çatmaq üçün Heydər Əliyevin məğlubiyyətini hamıdan çox arzulayan cəbhəçilərin mövqeyinə arxayın idilər. Vəziyyətin belə gərgin olmasına baxmayaraq Heydər Əliyev xalqın dəstəyi ilə həm şimalda, həm də cənubda süni yaradılmış separatçı meyllərin qarşısını aldı.
Sonrakı mərhələlərdə daxili sabitliyi pozmaq cəhdləri göstərilsə də, Heydər Əliyev ölkəmizi tarixin bu sınaqlarından da üzüağ çıxarmağı bacardı. “Əsrin kontraktı”nın imzalanması ərəfəsində, 1994-cü il oktyabrında Surət Hüseynov tərəfindən idarə olunan dövlət çevrilişinə cəhdin qarşısı alındı. Heydər Əliyevin bircə çağırışı ilə bir anın içində Prezident Aparatının qarşısına toplaşan on minlərlə insanın yaratdığı izdiham xalqın möhtəşəm Heydər Əliyev sevgisinin, öz liderinə sədaqətini və inamını nümayiş etdirən silinməz tarix kimi yaddaşlardadır. 1995-ci ilin martında radikal müxalifətə işləyən xarici anti-azərbaycan qüvvələrinin təsiri altına düşmüş OMON-çuların qiyamı yatırıldı.
Bundan sonra, nəhayət, ölkədə ictimai siyasi sabitlik ümumən bərqərar olmağa başladı. 1995-ci il noyabrın 12-də bilavasitə Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul olunduqdan sonra dinc quruculuq işləri yeni keyfiyyətdə davam etdirilməyə başlandı.