Heydər Əliyev və Azərbaycanın milli iqtisadi inkişaf modeli.
Heydər Əliyev və Azərbaycanın milli iqtisadi inkişaf modeli.
Biz respublikamızda hüquqi - demokratik dövlət qurmaq yolu ilə gedirik. Bu, dövlət quruculuğunda, siyasi sahədə strateji yolumuzdur. Bununla çox sıx əlaqədə olan ikinci sahə iqtisadiyyatın demokratik yollarla idarə edilməsidir, yəni iqtisadiyyatda demokratik islahatlar aparılması, bazar iqtisadiyyatı yoludur. Bütün bunlar kompleks şəkildə respublikamızı gələcəyə aparan yollar, istiqamətlərdir.
Müstəqilliyimiz düşmən dövlətlər tərəfindən açıq-aşkar hərbi təcavüz və siyasi təzyiqlərlə boğulurdu. Həm də xalqımız iqtisadi sarsıntılar, çətinliklər girdabına düşmüşdü. Bunun isə kökləri olduqca dərindir. İstehsal olunan məhsullar tələbata cavab vermədiyi üçün anbarlarda yığılıb qalır, strateji məhsullar isə blokada vəziyyətində olduğumuz üçün xarici bazarlara böyük çətinliklə çıxarılırdı. Həm valyuta çatışmazlığı, həm də yolların təhlükəli olması ilə əlaqədar mal idxalı da böyük çətinliklə həyata keçirilirdi. Ölkə əhalisi açıq-aşkar aclıq imtahanına çəkilirdi. Ərzaq anbarları boşalmış, ilkin tələbat mallarının istehsalı fəlakətli dərəcədə azalmışdı. Elə gün olurdu ki, Qazaxıstandan yola salınmış un gecə Bakıya çatmasaydı, səhəri gün şəhərdə aclıq baş verə bilərdi.
Ölkəni bu ağır vəziyyətdən 1993-cü ildə xalqın istəyi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev çıxardı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: "Belə bir çətin anda, çətin dövrdə xalqımızın müdrikliyi bir daha özünü göstərdi. Xalqın təkidi və tələbi ilə ümummilli liderimiz Heydər Əliyev Azərbaycana qayıtdı, xalq onu Prezident seçdi və ondan sonra ölkəmizin inkişaf dövrü başlandı. Bütün xoşagəlməz meyllərə son qoyuldu, sabitlik, ictimai asayiş bərqərar olundu, qeyri-qanuni silahlı dəstələr tərksilah edildi. Bir sözlə, Azərbaycan inkişaf yoluna qədəm qoydu".
Tarixdən yaxşı məlumdur ki, əgər dövlətin, xalqın strateji, perspektiv mənafeyi baxımından onun daxili və xarici siyasətinin ümumiləşmiş konsepsiyasını müəyyən edə bilən, bu mənafeyi beynəlxalq forumlarda, yüksək tribunalardan müdafiə edə bilən, dövlətin strateji xəttini xalqa sadə şəkildə bəyan edən və dövlətçiliyi ümumxalq işinə çevirməyi, xalqı öz arxasınca aparmağı bacaran şəxsiyyət yoxdursa və nəhayət, dövlətçiliyi qorumağı, onun müdafiəsini təşkil etməyi əməli surətdə həyata keçirən praktik siyasətçi-diplomat, sərkərdə və komandan yoxdursa, daxildə əmin-amanlığı, ölkənin iqtisadi inkişafını təmin etməyi üzərinə götürə bilən qurucu, yaradıcı təsərrüfat rəhbəri yoxdursa, həmin ölkənin gələcəyindən nikbin ruhda danışmaq çətin olar.
Dövlət idarəçiliyi sahəsində zəngin təcrübəyə malik olan Heydər Əliyevin müdrik daxili və xarici strateji kursu ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial və psixoloji böhran və sarsıntılardan çıxararaq müstəqilliyin əbədi yolu ilə inamla irəliləməsi üçün möhkəm zəmin yaratdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: "Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra gedən proseslər, təəssüflər olsun ki, ölkəmizi uçurum kənarına gətirmişdi. Sosial-iqtisadi, siyasi, hərbi böhran hökm sürürdü. Azərbaycan torpaqları Ermənistanın işğalçı qüvvələri tərəfindən zəbt olunurdu, ölkədə xaos, anarxiya, hərc-mərclik mövcud idi, vətəndaş müharibəsi başlamışdı. O illərdə baş verən iqtisadi tənəzzül ölkəmizi çox çətin vəziyyətə salmışdı".
Daxili çəkişmələrə son qoyulması, siyasi sabitliyin təmin olunması, atəşkəs haqqında razılaşma əsasında erməni təcavüzünün dayandırılması, "Əsrin müqaviləsi"nin bağlanması, balanslaşdırılmış xarici siyasət və qonşu dövlətlərlə münasibətlərin normallaşdırılması bütün diqqəti ölkədə çoxdan yığılıb qalmış və yatmış vulkana bənzəyən daxili sosial-iqtisadi problemlərin həll olunmasına yönəltməyə imkan verdi. Həyat isə bütün kəskinliyi ilə tələb edirdi ki, heç bir ölkənin tarixində rast gəlinmədiyi strateji əhəmiyyətli üç taleyüklü vəzifə eyni zamanda yerinə yetirilsin:
1. Müstəqil, demokratik, hüquqi dövlətin yaradılması və inkişaf etdirilməsi;
2. inzibati-amirlik sistemi ləğv edilərək bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olunması;
3. qapalı sosial-iqtisadi sistemin xaricə açılması və açıq qapı siyasətinin tətbiq edilməsi ilə bərabərhüquqlu dövlət kimi qlobal iqtisadi sistemə inteqrasiya edilməsi.
Bu tarixi vəzifələrin hər biri istənilən bir dövlət üçün kifayət qədər ciddi və əhəmiyyətli idi və bütün qüvvələrin bu məqsədlərə səfərbər edilməsini tələb edirdi.
Totalitar sosialist sisteminin süqutu nəticəsində yaranmış yeni müstəqil dövlətlər qarşısında duran problemlərin orijinallığı və tarixdə mövcud olmuş iqtisadi sistemlərin heç birində analoqu olmaması dünya iqtisadi və siyasi ədəbiyyatına bu ölkələrin real durumunu və perspektivlərini əks etdirən yeni bir termin "keçid iqtisadiyyatı ölkələri" terminini də gətirdi. "Keçid" anlayışı yalnız iqtisadi termin deyildir və cəmiyyətin bütövlükdə mövcud siyasi, iqtisadi və sosial quruluşundan imtina edildiyi və hələlik yenisinin yaradılmadığı bir vəziyyəti ifadə edir, cəmiyyətin sosial-iqtisadi strukturunun transformasiya prosesində olduğunu göstərir. Problemin çətinliyi bir də onda idi ki, totalitar rejimin 70 illik despotik hakimiyyəti dövründə cəmiyyət demokratiya, sərbəst bazar iqtisadiyyatı, azad sahibkarlıq, siyasi plüralizm və bu kimi digər çağdaş dəyərlərdən uzaq məsafədə saxlanılmışdır, üstəlik əhalidə uzun illər boyu xüsusi mülkiyyət, bazar iqtisadiyyatı, sahibkarlıq anlayışlarına mənfi münasibət formalaşdırılmışdır. Həyat isə bütün kəskinliyi ilə tələb edirdi ki, cəmiyyət "dövlət, demokratiya, millət, kimlik, ideologiya, siyasət və iqtisadiyyat kimi həyati əhəmiyyətli məsələlərin yenidən qurulmasını bir vəzifə kimi qarşıya qoysun" və uğurla həll etsin.
Akademik Ramiz Mehdiyevin göstərdiyi kimi: "1993-cü ilin ortalarında, Heydər Əliyev ölkəyə rəhbərliyə qayıtdıqdan sonra milli transformasiyanın dördüncü mərhələsi başlandı - modernləşdirmə mərhələsinə başlamağın əsası qoyuldu. Onun mahiyyəti Azərbaycanın tənzimlənən bazar iqtisadiyyatına keçməsində və demokratik islahatların həyata keçirilməsində idi ki, bu da beynəlxalq aləmdə ölkənin dünya siyasətinin subyekti kimi tanınması ilə nəticələndi".
Doğma Azərbaycan dövlətinin qarşısında duran ali məqsədə nail olunması, ilk növbədə iqtisadi sabitliyin də təmin olunmasını tələb edirdi. Çünki 1992-1994-cü illərdə mövcud olmuş hiperinflyasiya iqtisadiyyatın əsaslarını sarsıdır və əhalinin maddi və sosial vəziyyətini getdikcə ağırlaşdırırdı. Birmənalı şəkildə aydın idi ki, həyata keçirilən iqtisadi siyasətin müvəffəqiyyəti genişmiqyaslı sabitləşdirmə tədbirləri ilə inflyasiyanın cilovlanmasından və makroiqtisadi səviyyədə maliyyə sabitliyinin təmin olunmasından asılıdır. Həyat bütün kəskinliyi ilə iqtisadi islahatların da sürətləndirilməsini tələb edirdi. Ona görə də ölkə iqtisadiyyatında bazar prinsiplərinin bərqərar olmasını təmin etmək üçün onun liberallaşdırılması istiqamətində radikal addımlar atıldı. 1994-1995-ci illərdə xarici ticarət əməliyyatlarının liberallaşdırılmasına başlandı. Xarici ticarət sahəsində liberallaşdırma tədbirlərinin önə çəkilməsi qısa bir zamanda açıq qapı siyasətinin tətbiq edilməsi zərurətindən doğurdu.
İqtisadi liberallaşdırma qiymət islahatlarının da radikal şəkildə davam etdirilməsini tələb edirdi. Bununla əlaqədar olaraq 1995-1996-cı illərdə qiymətlərin formalaşması prosesinin inzibati-amirlik sisteminin qalıqlarından azad olunması başa çatdırıldı. Bununla da bazar iqtisadiyyatının əsas prinsiplərindən birinin, yəni qiymətlərin bazarda sərbəst şəkildə tələb və təklif amillərinin qarşılıqlı təsiri altında formalaşması prosesinin başlanması üçün yol açılmış oldu. Bu proses bazar iqtisadiyyatının digər vacib elementi olan valyuta rejiminin sərbəstləşdirilməsi prosesi ilə tamamlandı.
Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli iqtisadi islahatlar az bir zamanda geniş beynəlxalq dəstək aldı. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Azərbaycanda iqtisadi islahatlar haqqında xüsusi proqram hazırladılar və ölkəmizə maliyyə yardımı göstərdilər. Həmin təşkilatlarla sıx əməkdaşlıq şəraitində hazırlanmış sabitləşdirmə proqramına uyğun olaraq iqtisadiyyatın liberallaşdırılmasına yönələn radikal islahatlar həyata keçirildi. Sərt və çevik pul-kredit, büdcə, vergi, gömrük siyasətinin aparılması, qiymətlərin, xarici iqtisadi fəaliyyətin və valyuta bazarının liberallaşdırılması və xarici kapitalın cəlb olunması nəticəsində tezliklə ölkədə makroiqtisadi səviyyədə maliyyə sabitliyinin təmin edilməsinə nail olundu.
Ölkədə özəlləşdirmə proqramının həyata keçirilməsi azad sahibkarlığın və şəxsi təşəbbüskarlığın inkişafını sürətləndirdi. 1998-ci ilə qədər 28 mindən çox kiçik müəssisə özəlləşdi və demək olar ki, kiçik özəlləşdirmə başa çatdırıldı. 1997-ci ildən isə özəlləşdirmənin həlledici mərhələsi olan böyük özəlləşdirməyə - orta və iri dövlət müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsi prosesinə başlandı. Təkcə 1998-ci ildə 800-dən çox orta və iri dövlət müəssisəsi səhmdar cəmiyyətlərə çevrildi.
Beləliklə, ölkədə iqtisadi tənəzzülün qarşısı nəinki alındı, hətta 1996-cı ildə onun artımına nail olmaq mümkün oldu. 1996-cı ildən 1,3% olan iqtisadi artım 1997-ci ildə 5,8%-ə çatdırıldı. Real sektordakı bu canlanma Cənubi-Şərqi Asiyada və qonşu Rusiyada baş vermiş dərin maliyyə böhranına baxmayaraq 1998-ci ildə daha da inkişaf etdi. 1998-ci ilin yekunları respublikanın sosial-iqtisadi inkişafında müsbət meyllərin ildən-ilə möhkəmləndiyi, bu prosesin dönməz xarakter almasını göstərirdi. Az bir zamanda Azərbaycan iqtisadi inkişafın artım sürətinə görə postsovet respublikaları arasında qabaqcıl mövqe tutmağa və lider olmağa başladı.
Azərbaycanda iqtisadi artım sürəti 1995-ci ildən başlayaraq MDB üzrə orta göstəricidən xeyli yüksək olmuşdur. Deyilənləri yekunlaşdıraraq göstərmək lazımdır ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilən strateji kurs Azərbaycanı qlobal zirvələrə doğru gedən ölkələr qrupunda öncül mövqeyə çıxarmışdır. Ölkənin inkişaf səviyyəsində ciddi kəmiyyət və keyfiyyət dəyişiklikləri baş vermiş və verməkdə davam edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: "Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq təcriddən çıxdı. Bu gün Azərbaycan beynəlxalq aləmdə çox görkəmli yer tutur, beynəlxalq təşkilatların üzvüdür, onlarda fəal iştirak edir. Bütün dövlətlər tərəfindən tanınır. Azərbaycanın böyük hörməti var. Artıq demək olar ki, regional məsələlərdə Azərbaycanın sözü həlledici sözdür. Azərbaycanın iştirakı olmadan bölgədə heç bir regional layihə keçirilə bilməz. Beləliklə, Azərbaycan region üçün mərkəzə çevrilibdir. Bizim nüfuzumuz artır, gücümüz artır. Bu, bizə imkan verəcək ki, qarşımızda duran bütün məsələləri öz xeyrimizə həll edək. Bütün bunlar Heydər Əliyevin xidmətləridir".
Ölkəmizin iqtisadi inkişaf səviyyəsi yaxın perspektivdə daha da yüksələcəkdir. İqtisadi inkişaf sürəti baxımından dünyada analoqu olmayan Azərbaycan Respublikası bir çox inkişaf parametrlərinə görə inkişaf etmiş ölkələr arasında olan fərqi azaltmaqdadır. Möhkəm iqtisadi təməl demokratik proseslərə dinamizm qazandırmış, əhalinin sosial-rifah halının daha da yaxşılaşdırılması üçün geniş perspektivlər açmışdır.
Beləliklə, iqtisadi inkişafın tarixdə analoqu olmayan Azərbaycan modelinin formalaşması və inkişafı nəticəsində uzunmüddətli perspektivdə Azərbaycanın sosial-iqtisadi inkişaf trayektoriyası yüksək dərəcədə perspektivlidir. Belə ki, ölkəmizdə:
1. İnzibati-amirlik sistemi ləğv edilərək bazar iqtisadiyyatı prinsipləri bərqərar olmuşdur;
2. müstəqil, demokratik, hüquqi dövlətin əsasları qoyulmuş və ölkə yüksək inkişaf mərhələsinə daxil olmuşdur;
3. transformasiya prosesi uğurla aparılmış və özünün son mərhələsinə qədəm qoymuşdur;
4. qapalı sosial-iqtisadi sistem xaricə açılmış və "açıq qapı" siyasətinin tətbiq edilməsi nəticəsində bərabərhüquqlu dövlət kimi qlobal iqtisadi sistemə inteqrasiya prosesi sürətlənmişdir;
5. xarici kapital geniş miqyasda cəlb edilərək, resurs amillərindən intensiv istifadə edilməsinə başlanmışdır;
6. ölkədə yaradılmış yeni imkanlar daxili mənbələrin hərəkətə gətirilməsi, iqtisadiyyatın strukturunun yenidən qurulması, informasiya texnologiyalarının sürətli inkişafı və bütün sahələrdə modernləşdirmə xəttinin həyata keçirilməsi məqsədlərinə xidmət edir və bu sahədə ciddi irəliləyişlər mövcuddur;
7. həyata keçirilən qlobal əhəmiyyətli infrastruktur layihələri Azərbaycanın Avrasiya məkanında mərkəzi nəqliyyat dəhlizinə çevrilməsi üçün geniş imkanlar yaratmışdır;
8. siyasi müstəqillik iqtisadi müstəqilliklə möhkəmləndirilmişdir. Tam müstəqil və balanslaşdırılmış iqtisadi siyasət yeritməklə ölkənin milli təhlükəsizliyini və onun mühüm tərkib hissələri olan iqtisadi təhlükəsizliyini, enerji təhlükəsizliyini və ərzaq təhlükəsizliyini qısa zaman kəsiyində təmin edə bilmişdir;
9. ölkə qısa tarixi dövr ərzində kapital idxal edən ölkədən ixrac edən ölkəyə, təbii qaz idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmiş, bir çox həyati əhəmiyyətli məhsullarla öz ehtiyaclarını təmin edir;
10. ölkənin əlverişli geosiyasi vəziyyətindən məharətlə istifadə edilməsi Azərbaycanın regionda lider dövlətə çevrilməsinə və qabaqcıl dünya dövlətləri arasında mövqeyinin möhkəmləndirilməsinə səbəb olmuşdur.
Yaradılmış möhkəm iqtisadi təməl siyasi və sosial-mədəni proseslərə də dinamizm verir, Azərbaycanın "mənliyinin dünya miqyasında təsdiq edilməsinə imkan yaradır".