Əsrə sığmayan " Əsrin Müqaviləsi"
Əsrə sığmayan " Əsrin Müqaviləsi".
"Əsrin müqaviləsi ilə qoyduğumuz təməl 21-ci əsrdə Azərbaycan xalqının inkişafı,firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, 21-ci əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır". Heydər Əlirza oğlu Əliyev.
Ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətdə gördüyü hər bir iş onun ağıllı,uğurlu və tayı bərabəri olmayan siyasətinin bəhrəsidir. Ümummilli liderin həyata keçirdiyi inkişaf yönümlü işlər respublikamızı bir mənalı olaraq zirvəyə daşıdı. Məhz yürütdüyü uğurlu siyasət nəticəsində Heydər Əliyev konkret olaraq bir siyasi sistemə, idealogiyaya sığmayan bir lider olduğunu sübut etdi. O, hər bir idealogoiyanı öz zəngin və əzəmətli təfəkkür süzgəcindən keçirir, yaxşıdan da yaxşı cəhətlərini götürüb dövlət və xalq naminə istifadə edir, pis tərəflərini isə atırdı, özü idealogiyanın əsirinə çevrilmirdi.. Dünyada tarix haqqında yazanlar çox olsa da, tarix yaradanların sayı azdır. Çünki tarix yaratmaq tarix yazmaqdan qat-qat çətin və məsuliyyətlidir. Ulu öndər Heydər Əliyev də tarix yaradan dahi şəxsiyyətlərdəndir. Ulu öndər Heydər Əliyev də tarix yaradan dahi şəxsiyyətlərdəndir.Məhz belə bir tarixlərdən biri 1994-cü il Sentyabr ayının 20-də Gülüstan sarayında özünü dövrün şah əsəri kimi əsrlərin tarixinə qızıl hərflərlə yazdı. Bəli, ulu öndər Heydər Əliyevin təşəbbüsü və böyük səyləri nəticəsində həmin tarixdə əsrə sığmayan “Əsrin müqaviləsi” adlı tarix bütün bəşəriyyətin gözü önündə yarandı. Bəs bütün bunlar necə baş verdi?
“Əsrin müqaviləsi” nin imzalanmasından 1 il əvvəl, yani 1993-cü ildə ölkə başında Əbülfəz Elçibəy idi. Təbii ki , belə bir dövrdə ölkənin tam iqtisadi və siyasi böhran həddinə gəlib çatması həm ölkə başçısını, həm də Azərbaycan xalqını narahatçılıq içində yaşatmaya bilməzdi. Belə bir zamanda ölkə başçısı Əbülfəz Elçibəy təcili olaraq xarici dövlətlərlə iqtisadi və siyasi əlaqələr qurmağı vacib bildi. Böhrandan yaxa qurtarmaq üçün azərbaycan Respublikası Xəzərin neft və qaz ehtiyyatlarının xarici şirkətlərlə birgə işlənməsi yolunu tutdu. Sözsüz ki, bu yol Azərbaycanın xarici şirkətlərdən yardım almaq yolu ilə öz iqtisadiyyatını qurmaqla yanaşı, dövlət müstəqilliyinin qorunub saxlanılması məsələsini də güdürdü.Artıq beynəlxalq şirkətlərdən “British Petroleum” şirkəti ilə əlaqələr sürətlə genişlənirdi. 1993-cü ilin yayında ilkin neft müqaviləsi belə imzalanmağa hazır idi. Elə həmin ilin may ayında ARDNŞ ilə bir neçə Qərb neft şirkəti arasında Azərbaycan neftinin birgə işlənməsi haqqında bəyannamə imzalandı. Bu bəyannamədə “Azəri” , “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi nəzərdə tutulurdu. 7 şirkətin – ARDNŞ, Böyük Britaniya – Norveç alyansı olan “British Petroleum – Statoyl”, ABŞ-ın “Yunokal”, “Mak Dermot”, ABŞ – Böyük Britaniyanın “Penzoyl-Repuko” və Türkiyənin “Törkiş Petroleum Korporeyşn” Bəyannamədə iştirakı və bəyannaməni imzalaması hər bir şirkətə müəyyən olunmuş qədər pay ayırdı. İşlərin belə sürətlə getməsi 1993-cü ilin yazında Azərbaycan neftinin nəql olunması məsələsini gündəmə çıxartmışdır. Bütün bunlar həmin ilin martında Azərbaycan və Türkiyə arasında Bakıdan Türkiyənin Aralıq dənizi sahillərinə İran ərazisindən keçməklə neft kəmərinin tikintisi haqqında dəyəri 1,4 milyard ABŞ dolları olan müqavilə hazırlanması ilə nəticələndi.
1993-cü ilin iyununda Qərb şirkətləri ilə Londonda imzalanmalı olan müqavilə imzalanmadı. Buna əsas səbəb isə Əbülfəz Elçibəyin Bakını tərk edərək Naxçıvana getməsi oldu. Baş verən bu hal müqavilənin imzalanması ilə yanaşı, artıq gerçəkliyə çevrilməkdə olan ölkə iqtisadiyyatının inkişafının pik həddinə çatmasının da üstündən xətt çəkdi. 1993-cü ilin oktyabr ayında xalqın dəvəti ilə Azərbaycana gəlmiş Heydər Əliyev ölkə başçısı seçildi. 1994-cü ilin əvvəllərində Heydər Əliyev Azərbaycan Xəzər neftinin xarici neft şirkətləri ilə birgə işlənməsi üçün intensiv danışıqlar aparmağa başladı. Ulu öndər Heydər Əliyev öz ölkəsinin yeni neft strategiyasının işlənib hazırlanması üçün çalışırdı. Həmin ildə Azərbaycan qeyri-sabit ictimai-siyasi quruluşa malik son dərəcə riskli ölkə sayılırdı. Heydər Əliyev ən iri maliyyə korporasiyalarının münasibətini dəyişməyə, onları inandırmağa nail oldu ki, Azərbaycanda bərqərar olmuş yeni dövran ciddi və həmişəlikdir. Ümummilli liderimiz neft müqavilələrinin yenidən işlənib hazırlanması üçün durmadan çalışırdı. Beləki, dövlət iqtisadiyyatının inkişaf relsinin üzərinə keçirmək üçün ölkə prezidenti Heydər Əliyev öz dahi siyasətini həyata keçirərək önəmli addımlar atmağa başladı. 1994-cü ilin fevralında Azərbaycan prezidenti Heydər Əliyev Böyük Britaniyaya mühüm səfər etdi. Bu səfər zamanı Azərbaycan-Böyük Britaniya arasında “Neft sənayesi sahəsində əməkdaşlıq haqqında” müqavilə imzalandı. Bundan əlavə İngiltərənin “British Petroleum” şirkətinə “Azəri” və “Çıraq” yataqlarının işlənməsi üzrə yaradılmış beynəlxalq konsorsiumda Qərb iştirakçıları üçün ümumi investisiya payında 31 faiz yer ayrıldı. Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin Böyük Britaniyaya rəsmi səfərindən sonra beynəlxalq konsersiumda neft yataqlarının işlənməsi barədə danışıqların aparılması rəsmi səviyyədə sürətləndirildi. 1994-cü ilin yazında və yayında Hyuston və İstanbulda danışıqların son mərhələsini aparan Azərbaycan nümayəndə heyyəti milli maraqlara tamamiylə cavab verən müqavilə şərtləri imzaladı.Bu danışıqların nəticəsində 1994-cü il sentyabr ayının 20-də ölkəmizin “Gülüstan” sarayında “Əsrin müqaviləsi” kimi tarixi bir ad almış ilk neft müqaviləsi imzalandı. “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq”, və “Günəşli” yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” sazişin imzalanması ilə Azərbaycanın neft sənayesi tarixində yeni səhifə açıldı. Müqavilə 11 şirkət arasında imzalandı. “ARDNŞ” (Azərbaycan) , “British Petroleum” (Böyük Britaniya) , “Amoko” (ABŞ) , “Lukoyl” (Rusiya) , “Penzoil” (ABŞ) , “Statoil” (Norveç) , “Yunokal” (ABŞ) , “İtochu Siodzi” (Yaponiya) , “Delta Nimur Khazar” (Səudiyyə Ərəbistanı) , “Ramko Energy Group” (Böyük Britaniya) , “Turkish Petroleum Corperation” (Türkiyə) şirkətləri bu tarixi sənədə öz imzalarını atdılar. Azərbaycanın neft strategiyasında baş verən bütün bu tarixi olaylar sübut etdi ki, Azərbaycan nefti dünya etalonudur.
Ulu öndər Heydər Əliyevin böyük səyləri nəticəsində imzalanmış “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatının dinamik inkişafına şərait yaratdı.Azərbaycan Respublikasının prezidenti müvafiq fərman imzaladıqdan sonra bu müqavilə Azərbaycan Respublikasının qanunu kimi qüvvəyə mindi. “Əsrin müqaviləsi” labüd olaraq Azərbaycanda sosial tədbirlərin miqyasının dəyişməsinə doğru aparırdı. Ölkəyə külli miqdarda pul axını üçün yaranmış olan bu vasitə ölkə əhalisinə parçalanmaqdan və hərc-mərclikdən yaxa qurtarmaq imkanı qazandırdı. “Əsrin müqaviləsi”nin həyata keçirilməsinin əsasını Azərbaycanda aparılan demokratik quruculuq prosesleri, ölkəmizin bütün dünyaya açıq olması prinsipi və ümummilli liderimiz olan Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Azərbaycanda ardıcıl olaraq daxili-ictimai-siyasi vəziyyətin sabitləşdirilməsi təşkil edir.Məhz Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə gəlməsindən sonra xalqımızda özünə inamın artması və ölkədə sabitləşmənin sürətlə getməsi xarici dövlətlərin bizə qarşı olan inamını artırdı və nəticədə əsrə sığmayan “Əsrin müqaviləsi” imzalandı. “Əsrin müqaviləsi”nin uğurla həyata keçirilməsi Azərbaycan xalqında nikbinlik və gələcəyə ümüd hissi yaratdı."Əsrin müqaviləsi"nin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən düzgün neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.400 səhifə həcmində və 4 dildə olan bu sazişin Azərbaycan iqtisadiyyatında oynadığı rol uzun illərdir müzakirə mövzusudur. “Əsrin müqaviləsi”nin 5-ci il dönümündə ki mərasimdə Heydər Əliyevin söylədiyi nitq,hər bir Azərbaycanlının ürəyində vətənə sevgini,bağlılığı daha da artırdı.Çünki ümummilli liderin sözləri hər bir vətəndaşın ürəyindən xəbər verir və onlara ilham bəxş edirdi. “Bizim gördüyümüz bütün işlər Azərbaycanı bir dövlət kimi möhkəmləndirmək, gücləndirmək, onun iqtisadi potensialını artırmaq üçündür”
Bu sözlər Azərbaycanın dövlətçilik tərəfinə yeni və unudulmaz bir səhifə yazan ölməz rəhbərin - Heydər Əliyevin nəsillərə ən müqəddəs tövsiyəsi kimi səslənir. Tarix zamanın sınaqlarında yaranır. Zaman dəyişsə də tarix əbədiliyi heç bir zaman dəyişmir..
Görülən uğurlu işlərlə yanaşı söylənilən bu nitq də təbii ki Azərbaycan xalqını xoşbəxt etməyə bilməz.Heydər Əliyevin neft strategiyası ilə ölkəmizdə qüdrətli iqtisadiyyat və çiçəklənən cəmiyyətin qurulması üçün zəmin yaradılıbdır.“Əsrin müqaviləsi”nin bağlanması Azərbaycanın bir dövlət kimi tanınmasına, onun dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə şərait yaratdı. Ulu öndərin təməlini qoyduğu uğurlu siyasəti ölkə prezidenti,cənab İlham Heydər oğlu Əliyev layiqli davam etdirərək ölkəmizi və xalqımızı ümummilli liderin yüksəltdiyi zirvələrdən daha da yüksək zirvələr daşıyır.Atalar düz demişlər:
-Ot kökü üstə bitər.