Heydər Əliyev və Azərbaycanda İqtisadi Dirçəliş.
Heydər Əliyev və Azərbaycanda İqtisadi Dirçəliş.
"İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir". Heydər Əliyev
İqtisadiyyat bütün dövlətlərin inkişafının özəyini təşkil edir. İqtisadiyyatı zəif olan bir dövləti heç zaman güclü hesab etmək olmaz. Onda demək olar ki, dövlətin inkişafı onun iqtisadi inkişafından bilavasitə asılıdır. Azərbaycanda iqtisadi inkişaf üçün bütün imkanlar mövcuddur. Azərbaycanda iqtisadi inkişaf özünəməxsus inkişaf metodu ilə fərqlənir.
Heydər Əliyev Azərbaycana rəhbərliyin birinci dövründə (1969-1982) iqtisadiyyatın dirçəlməsi və sürətli inkişafı baxımından xeyli işlər görmüşdür. 1969-cu ilin iyul plenumunda onun Azərbaycanın rəhbəri seçilməsi əslində çağdaş tariximizə ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasının qoyulması kimi daxil olunmasıdır. Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə ölkənin müstəqil iqtisadiyyatının təşəkkülü, ardıcıl sosial-iqtisadi islahatların həyata keçirilməsi, bu sahənin dayanıqlı inkişafını təmin edəcək qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi sahəsində görülən işlər Azərbaycanın iqtisadi inkişafına xeyli təkan vermişdir.
1991-1995-ci illər Azərbaycan iqtisadiyyatının iqtisadi xaos və tənəzzül dövrü kimi səciyyələnir. Yeni müstəqillik qazanmış ölkə üçün müharibə gözlənilməz idi. Ölkədə gedən bu müharibə həm büdcəni zəiflədir, həm də yeni iqtisadi problemlər meydana gətirirdi. Pərakəndəlik və özbaşınalıq artıq baş alıb gedirdi. Buna görə ölkədə bütün bu problemləri tənzimləyən və ölkənin hələ möhkəmlənməyən müstəqilliyini qoruyub saxlayan güclü siyasətçiyə – bir el atasına ehtiyac var idi. Xalq artıq öz seçimini etməyə qərar vermişdi. 1993-cü il oktyabrın 3-də xalqın tələbi və istəyi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti oldu. Heydər Əliyev kimi dahi siyasətçi Azərbaycanın ağır vəziyyətini yaxşı görürdü. Heydər Əliyev başa düşürdü ki, bu problemlər öz həllini tapmasa Azərbaycan heç zaman qüdrətli bir dövlət ola bilməz. Müstəqillik dövründən bu günə kimi, ölkədə gedən iqtisadi inkişafı bir neşçə mərhələyə ayırmaq olar. 1991-1995-ci illəri əhatə edən iqtisadi xaos və ya tənəzzül dövrü. İkincisi, 1996-cı ildən başlayaraq davam edən makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf dövrü.
Heydər Əliyev bu iqtisadi inkişafda geriliyi tez zamanda aradan qaldırmağa, iqtisadiyyatı inkişaf etdirməyə Azərbaycanın gücü olduğunu dönə-dönə vurğulayırdı:
“Respublika iqtisadiyyatı, demək olar ki, tamamilə dağıdılıb, xalqın rifah ahlı aşağı düşüb. Lakin respublikanın böyük sosial-iqtisadi, elmi-texniki potensialı var. Azərbaycanın coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır böhrandan çıxarmağa imkan verir. Digər tərəfdən yeni islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik”.
Heydər Əliyevin söylədiyi bu fikirlər qısa zamanda öz nəticəsini göstərdi. Azərbaycan tez bir zaamanda bu iqtisadi böhrandan xilas ola bildi. Heydər Əliyev iqtisadi böhrandan xilas olmaq üçün, vergi və sahibkarlığın inkişaf etdirməsi üçün bir sıra islahatlar keçirdi. Ölkədə iş yerlərinin çoxu bağlanmış və işsizlərin sayı çoxalmış, ölkədə gedən müharibənin nəticəsində öz doğma yerlərini tərk etmiş əhalinin xeyli hissəsinin çalışmaq qabiliyyəti olsa da, iş yerlərinin olmaması, pulun inflyasiya dəyərinin aşağı düşməsi, qiymətlərin qalxması, alıcılıq qabiliyyətinin azalması və xarici dövlətlərlə iqtisadi əlaqələrin olmaması iqtisadi böhranı aradan qaldırmağa mane olurdu. 1993-cü il təsdiq edilmiş “Azərbaycan Sahibkarlığının İnkişafı” (1993-1995) adlı Dövlət proqramı Azərbaycanda kiçik və orta sahibkarlarının sayının artmasına, xarici ölkələrə iqtisadi ticarət əlaqələrinin yaranmasına müsbət təsir göstərmişdir. Heydər Əliyevin apardığı bu siyasət bir sahəni deyil,bir çox sahələri əhatə edirdi. Heydər Əliyev kənd təsərrüfatının inkişaf etdirilməsinə dair bir çox islahatlar həyata keçirmişdi. Hətta Heydər Əliyev kənd təsərrüfatında olan problemlərin həlli üçün 1994-cü ildə 9 dəfə müşavirə keçirmiş, kənd təsərrüfatında olan problemlərlə şəxsən yaxından tanış olmuşdur. Müşavirədə təkcə rəhbər orqanlar deyil, alimlər, aqrar sahədə mütəxəssislər iştirak edirdilər. Bundan sonra aqrar islahatları həyata keçirmək üçün hüquqi baza yaradıldı. 1995-ci il fevralın 18-də “Aqrar islahatın əsasları haqqında” və “Sovxoz və kolxozların islahatı haqqında” qanun qəbul olundu.
Heydər Əliyevin apardığı bu məqsədyönlü siyasət nəticəsində Azərbaycan get-gedə öz inkişafını yenidən bərpa edir, qüdrətlənirdi. Azərbaycanda iqtisadi inkişaf 2 mərhələdən ibarət idi. Birinci mərhələdə bu inkişafın tənzimlənməsi üçün müəyyən çətinliklər var idisə, artıq ikinci mərhələdə Azərbaycanın bu inkişafı bərpa etməsi üçün kifayət qədər gücə malik idi. 1995-2003–cü illəri əhatə edən bu dövr öz mühüm müqavilələri və islahatları ilə bu müstəqilliyi bir daha möhkəmləndirdi. Artıq Heydər Əliyev öz apardığı siyasət və gördüyü işlər ilə yeni inkişaf modeli – Yeni Azərbaycan modelə yaratmışdır. Bu inkişaf özünü hər sahədə göstəridi. Bura sahibkarlığı, kənd təsərrüfatını, sənayeni, neft sənayesini, magistralları, bank sahəsini, vergi sahəsini, nəqliyyatı və başqa sahəıəri daxil etmək olar. Bu sahələrin inkişafı artıqca onların başqa xarici dövlətlərlə iqtisadi münasibətləri güclənirdi. Bu Azərbaycanın get-gedə güclənməsinə gətirib çıxardı. Heydər Əliyev həmişə deyirdi: “Heç bir ölkə, ən böyük bir ölkə də yalnız öz çərçivəsində iqtisadiyyatını inkişaf etdirə bilməz”. Buna görə də, Heydər Əliyev çalışırdı ki, Azərbaycan başqa dövlətlərlə iqtisadi əlaqələri qurmaq üçün müəyyən inkişaf sahəsinə malik olsun. Heydər Əliyevin yaratdığı yeni model Azərbaycanın inkişafının sürətlənməsi dövrü kimi 1996-cı illərdən daha da artmışdır. Bu dövrlərdə bir çox irimiqyaslı müqavilələr bağlanmış, mühüm əhəmiyyət kəsb edən sənədlər və aktlar imzalanmışdır. Kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və artırılması üçün dövlət tərəfindən müxtəlif dövrlərdə qəbul olunmuş “Azərbaycanda Kiçik və Orta Sahibkarlığa Dövlət Yardımı Proqramı (1997-2000-ci illər)”, “Azərbaycan Respubliksaında kiçik və orta sahibkarlığın inkiçafının Dövlət Proqramı (2002-2005-ci illər)” Azərbaycanda sahibkarlığın inkişafına təkan verdi. Bu Dövlət proqramı hal-hazırda da, Azərbaycan Respublikasııının Prezidenti İlham Əliyev cənabları tərəfindən müvəffəqiyətlə davam etdirilir.
Azərbaycanda kənd təsərrüfatında olan durğunluq aradan qaldırılmış, ölkədə mövcud olan təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın fəal surətdə təsərüffat dövrüyyəsinə cəlb olunması, kənd təsərrüfatının inkişaf etdirilməsinə dair qəbul olunmuş islahatlar bu inkişafa xeyli təkan vermişdi. 1996-cı il iyulun 16-da “Torpaq islahatı haqqında” mühüm qanunlar qəbul edildi. Ümumiyyətlə, 1995-2004-cü illərdə aqrar sahə ilə əlaqədar olan 100-dən yuxarı normativ-hüquqi akt qəbul olunmuşdur. “Azərbaycan Respublikasında aqrar bölmənin inkişafının Dövlət Proqramı (2002-2006-ci illər)”nın həyata keçirilməsi aqrar sahədə uğurlar qazanılmasına imkan yaratmışdır. Bu proqram Cənab Prezidentimiz İlham Əliyev tərəfindən də uğurla həyata keçirilir.
Heydər Əliyevin gərgin əməyi nəticəsində vergi sahəsində də bir çox islahatlar aparılmış və həyata keçirilmişdir. Bir sıra dövlət mülklərinin özəlləşdirilməsi nəticədə dövlətə ödənilən verginin faizində artıma səbəb olmuşdu. Bir çox sahələrdə özəlləşdirmə dövlətə ödənilən verginin artmasına və milli büdcənin artımına gətirib çıxarırdı. Torpaq sahəsində özəlləşdirmə torpaq sahibkarlarına öz pay torpaqlarını azad əkib, becərmək imkanı verdi. Vergi münasibətlərini tənzimləyən bir sıra Qanunlar – “Mədən vergisi haqqında” (1995-ci il), “Əmlak vergisi haqqında” (1995-ci il), “Müəssisələrin və təşkilatların mənfəət vergisi haqqında” (1996-cı il) Qanunları qəbul edilmiş və qüvvədə olan Qanunlara (“Əlavə dəyər vergisi haqqında”, “Fiziki şəxslərin gəlirlərindən vergi haqqında” Qanunlarda və s.) bir sıra əlavə və dəyişikliklər edilmişdir. 01 yanvar 2001-ci il tarixdən “Azərbaycan Respublikasının Vergi Məcəlləsi” qüvvəyə minmişdir. Bütün bu həyata keçirilən vergi münasibətlərinin tənzimləyən bu qanunlar Azərbaycanda vergi sistemini möhkəmlətdi. Heydər Əliyevin apardığı siyasət nəticəsində Azərbaycanda nəqliyyatın bütün sahələrinin yenidən bərpası və inkişafı üzrə qanunlar qəbul olundu, tədbirlər həyata keçirildi ki, bu da ölkəmizin digər dövlətlərlə istər havadan, istər sudan, istərsə dəmiryolları vasitəsilə iqtisadi əlaqə yaranmasına, möhkəmlənməsinə şərait yaratdı.
Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklərin əsası qoyuldu, Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı. Ümummilli liderin rəhbərliyi ilə qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər edilməsi üçün müvafiq addımlar atıldı. Dahi siyasətçi Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyanın əsasını iqtisadiyyatın inkişafına, mövcud resurslardan səmərəli istifadəyə, dünya iqtisadiyyatına inteqrasiyaya və nəticə etibarilə vətəndaşların rifah halının yüksəldilməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılması təşkil edirdi.