Şriftin ölçüsü :

Saytın rəngi :

“Əsrin müqaviləsi”ndən sonra Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilişinə həyat vəsiqəsi verilməsi Heydər Əliyev diplomatiyasının və yeni neft strategiyasının mühüm qələbəsi idi.

15 iyun 2020 | 16:00

  “Əsrin müqaviləsi”ndən sonra Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilişinə həyat vəsiqəsi verilməsi Heydər Əliyev diplomatiyasının və yeni neft strategiyasının mühüm qələbəsi idi.

  Dünya dövlətləri arasında zəngin neft yataqlarına malik ölkələr çoxdur. Lakin bu ölkələrin heç də hamısı milli sərvətlərindən lazımi qaydada istifadə edib xalqa fayda verə bilməmişlər. Neft yataqlarına malik bəzi ölkələr böyük dövlətlərin geosiyasi oyunlarının qurbanı olmuş, digərləri isə bu sərvət uğrunda aparılan müharibənin nəticəsində tamamilə dağılmışlar.

  ABŞ-ın məşhur politoloqu Zbiqnev Bjezinski bildirmişdir ki, neft kimi strateji xarakter daşıyan sərvətə malik ölkənin xalqı olmaq heç də həmişə xoşbəxt həyat yaşamaq demək deyildir.

   Lakin Azərbaycanın karbohidrogen ehtiyatları xalqın firavanlığı üçün istifadə olunaraq, ölkənin inkişafına, onun dünyada nüfuzunun artmasına xidmət edir. Bunun əsası isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur.

  XX əsrin sonunda yaranmış tarixi-siyasi şəraitdən istifadə edərək müstəqilliyini yenidən qazanan Azərbaycan dünyanın böyük dövlətlərinin diqqətini cəlb etməyə bilməzdi. Azərbaycanı “yağlı tikə” kimi əsarətində saxlayıb həm neftindən, həm də əlverişli coğrafi və geosiyasi mövqeyindən istifadə etməyə çalışan qüvvələr onun müstəqil dövlət kimi yaşamasına hər cür mane olmağa başladılar. Bu qüvvələr bir tərəfdən erməniləri qızışdıraraq Azərbaycan torpaqlarını işğal etməyə sövq edir, digər tərəfdən ölkədəki bəzi siyasi dairələri ələ alaraq ictimai-siyasi sabitliyin bərpa olunmasına imkan vermirdilər.

  Azərbaycanda baş qaldırmış xaos, anarxiya və özbaşınalıq 1993-cü ilin iyununa qədər davam etdi. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycanın hansı səbəblərdən xaosa büründüyünü çox gözəl bilirdi. Ölkəni normal inkişaf yoluna yönəltmək üçün bölgədə marağı olan böyük dövlətlərlə dil tapılmalı və Azərbaycanın müstəqilliyi qorunub saxlanılmalı idi ki, bu da həmin dövrdə mümkünsüz görünürdü. Lakin Heydər Əliyev bu ağır işlərin öhdəsindən məharətlə gələ bildi.

  Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində çox çətin şərtlərə baxmayaraq, ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmuşdur.

  Ulu öndər Heydər Əliyevin neft strategiyası sayəsində 1994-cü il sentyabrın 20-də Bakının möhtəşəm “Gülüstan” sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında “məhsulun pay bölgüsü”nə dair müqavilə imzalanmışdır. Azərbaycan ilə bir sıra xarici ölkələrin neft şirkətləri arasında imzalanmış müqavilə tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlandırılmış, təxminən 400 səhifə həcmində və 4 dildə hazırlanmışdır. “Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkətləri (Amoko, bp, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak etmişlər. Bununla da “Yeni neft strategiyası” uğurla həyata keçirilməyə başlanmışdır.

  Lakin neftin hasil edilməsi yeni strategiyanın tam həyata keçməsi demək deyildir. Əsas məsələ hasil olunan neftin dünya bazarlarına çıxarılması üçün yolun tapılması idi.

  Azərbaycan nefti Bakı-Novorossiysk və Bakı-Supsa neft kəmərləri vasitəsilə dünya bazarına çıxarılırdı. Lakin həmin dövrdə Azərbaycan neftçilərinin proqnozlarına görə 2010-cu il üçün hasil olunan neftin həcmi 45-50 milyon tona çatacaqdır idi ki, bunun da nəqli üçün tamamilə yeni və strateji xarakter daşıyan kəmərin çəkilməsi lazım idi. Bütün bunları nəzərə alan ümummilli lider Heydər Əliyev əsas ixrac kəməri olan Bakı-Tbilisi-Ceyhan layihəsini reallaşdırmaq sahəsində fəaliyyətə başladı. Bu sahədə Azərbaycanın mənafelərinin uzunmüddətli şəkildə qorunması, genişmiqyaslı beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı, regionda neft hasilatının artması ilə əlaqədar “qara qızıl”ın dünya bazarlarına nəqlinin təmin edilməsi məqsədi ilə strateji əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin gerçəkləşməsi istiqamətində gərgin işlər həyata keçirilmiş, aparılan danışıqlar uğurla nəticələnmişdir. İlk dəfə bu kəmərin əsas ixrac boru kəməri kimi çəkiləcəyinin tam müəyyənləşməsi 1998-ci il aprelin 26-da Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin Trabzon görüşündə məlum olmuşdur.

  Bütün bunların nəticəsi olaraq, 1999-cu il noyabrın 18-də İstanbulda keçirilən ATƏT-in zirvə toplantısı çərçivəsində xam neftin Azərbaycan, Gürcüstan və Türkiyə respublikalarının əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair Saziş imzalanmışdır. Bakı-Tbilisi-Ceyhan layihəsini dəstəkləmək, Qazaxıstan və Türkmənistan neftini bu layihəyə cəlb etmək üçün ABŞ-ın şahidliyi ilə Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Türkmənistan arasında “İstanbul bəyannaməsi” imzalanmışdır. Bu prosesin məntiqi davamı kimi 2002-ci il sentyabrın 18-də Səngəçalda Bakı-Tbilisi-Ceyhan kəmərinin inşasına başlanmışdır. Mərasimdə üç dövlət başçısı - Azərbaycan Prezidenti Heydər Əliyev, Gürcüstan Prezidenti Eduard Şevardnadze və Türkiyə Prezidenti Əhməd Necdət Sezər və ABŞ prezidentinin Xəzər regionu üzrə xüsusi nümayəndəsi Stiven Mənn iştirak etmişlər. Bununla da ümummilli lider Heydər Əliyevin müəllifi olduğu “Yeni neft strategiyası”nın ən mühüm uğuru olan Bakı-Tbilisi-Ceyhan reallığa çevrilmişdir.

  Azərbaycan nefti Ceyhan limanına 2006-cı il mayın 28-də çatmış və iyulun 4-də neftlə yüklənmiş ilk tanker buradan dünya bazarlarına yola salınmışdır. Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi 2006-cı il iyulun 13-də keçirilmişdir.

  Bununla da Azərbaycanın uzunmüddətli siyasi, iqtisadi mənafelərinin təmin edilməsi, genişmiqyaslı beynəlxalq əməkdaşlığın həyata keçirilməsi, eyni zamanda regionda sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar edilməsi üçün Heydər Əliyevin ideyası həyata keçmişdir. Heydər Əliyevin dərindən düşünülmüş neft strategiyası nəticəsində Azərbaycan Xəzər dənizinin nəhəng enerji potensialını ilk mənimsəyən və regionun inkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında, TRASEKA və digər nəhəng layihələrin gerçəkləşməsində Xəzəryanı və Qafqaz regionunda mühüm rol oynayan bir dövlətə, dünyanın neft mərkəzlərindən birinə çevrilmişdir.

  Xəzərin zəngin neft ehtiyatları Azərbaycana olan marağı o qədər artırmışdır ki, indi onun neft resurslarından istifadə məsələsinə dünya siyasətinin aparıcı istiqamətlərindən biri kimi baxılır.

  Bakı-Tbilisi-Ceyhan neft kəməri misilsiz əhəmiyyətə malik olan tarixi hadisədir. Bu kəmərin təkcə iqtisadi yox, həm də siyasi əhəmiyyəti də vardır. “Əsrin müqaviləsi”ndən sonra Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilişinə həyat vəsiqəsi verilməsi Heydər Əliyev diplomatiyasının və yeni neft strategiyasının mühüm qələbəsi idi.

  Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən neft strategiyası xalqımızın bu günü və gələcəyi üçün möhkəm təməl və firavanlıq mənbəyidir. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsinin Azərbaycan Respublikasına və onun vətəndaşlarına nələr vəd etməsi barədə Prezident İlham Əliyev demişdir: “Son illərdə həyata keçirilən neft strategiyası bu yolun düzgün olduğunu bir daha sübut etdi. Amma bu, heç də o demək deyildir ki, biz gələcəyimizi də yalnız neftlə bağlamaq istəyirik. Neft amili bizim üçün vasitədir - müstəqilliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın gücləndirilməsi istiqamətində bir vasitədir. Yəni biz bu vasitədən istifadə edirik”.

Keçidlər