Şriftin ölçüsü :

Saytın rəngi :

Nərgiztəpə qədim yaşayış məskənində arxeoloji tədqiqatlar aparılır

12 iyul 2013 | 15:00

Nərgiztəpə qədim yaşayış məskənində arxeoloji tədqiqatlara başlanılmışdır. Xocavənd Rayon İcra Hakimiyyətinin müraciətinə əsasən, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Mil-Qarabağ ekspedisiyası tərəfindən aparılan kəşfiyyat-qazıntı işləri bir ay davam edəcəkdir. Tədqiqatlar zamanı yerüstü materialların toplanması, erkən orta və orta əsrlərə aid abidələrin, həmçinin qəbirlərin açılması nəzərdə tutulmuşdur.  Dağlıq Qarabağın ərazisində olan  Nərgiztəpə qədim yaşayış məskəni haqqında ilk dəfə XX əsrin ortalarında Mil-Qarabağ bölgəsində tədqiqat aparan görkəmli alim A.A.İessen məlumat verilmişdir. Tədqiqatçı alim, orada aşkarlanan orta tunc dövrünə və antik dövr küp qəbirləri mədəniyyətinə aid keramika nümunələrinə əsaslanaraq Nərgiztəpəni çoxtəbəqəli abidə kimi qeyd etmişdir.  Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi abidə kimi qorunan Nərgiztəpə ətrafında orta əsrlərə aid yaşayış yeri, tikili qalıqları və qəbiristanlıq vardır. Burada orta tunc dövründən başlayaraq orta əsrlərə qədər mədəniyyətlər ardıcıl olaraq bir-birini əvəz etmişdir. Ərazidəki qəbirüstü daşların üzərinə qazıma üsulu ilə müxtəlif işarə (ox, kaman və s.), damğalardan ibarət naxışlar çəkilmişdir. Qəbirlərin üstündə, eləcə də ətrafdakı iri yumru daşlar diqqəti cəlb edir. Yerli əhalinin dediyinə görə, “Kitabi-Dədə Qorqud” dastanlarında təsvir olunan hadisələrin bəziləri, xüsusilə Qaraca Çobanla bağlı əhvalatlar bu ərazilərdə baş vermişdir. 
Dağlıq Qarabağın Azərbaycanın nəzarəti altında olan Nərgiztəpə ərazisində aparılan arxeoloji tədqiqatlar həm qədim tariximizin öyrənilməsi baxımından, həm də siyasi-ideoloji baxımdan böyük əhəmiyyət kəsb edir. 
 

Keçidlər