Ermənistanda totalitar inqilabi diktatura qurulmuşdur
Ermənistanda totalitar inqilabi diktatura qurulmuşdur.
Populist çıxışları ilə tanınan N.Paşinyan hakimiyyətə gəldikdən sonra demokratiya adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı olan repressiv vasitələrdən geniş şəkildə istifadə etməsi və onları bir-bir sıradan çıxararaq zərərsizləşdirməsi heç kimə sirr deyildir. Ermənistanın baş naziri öz siyasi rəqiblərini bir-bir həbsə atır, onları “asfalta uzatmaqla” hədələyir və asfalta uzadır. N.Paşinyan tərəfindən indiyədək Ermənistanın keçmiş rəhbərliyinə qarşı silsilə cinayət işləri açılmış və hazırda istintaq davam edir.
Zaman keçdikcə Ermənistanda Nikol Paşinyan hakimiyyətinin əsl mahiyyəti, antidemokratik mahiyyəti görünür. Bunu əsasən Ermənistan xalqı görür. Amma nə faydası? Ermənistan xalqı sözünün və səsinin yiyəsi deyil. Hec vaxt da olmayıb. 2018 – ci ilin aprelində “məxməri inqilab” və ya “rəqs inqilab”ının eyforiyası çoxdan ötüb keçmişdir. "Məxməri inqilab"ın əsas hədəflərindən biri də Ermənistanda oliqarx sistemi və korrupsiya ilə mübarizə olsa da, bu istiqamətdə nəinki heç bir iş görüldü, əksinə korrupsiya daha da çiçəkləndi, oliqarxlarla Paşinyan hökuməti arasında iş birliyi artdı. N.Paşinyanın erməni oliqarx Samvel Aleksanyan ilə qohumluq əlaqələrinin formalaşması onun əsil niyyətindən xəbər verir. Belə ki, erməni mətbuatında hakimiyyətdən öz şəxsi maraqları üçün istifadə edən N.Paşinyan və onun ailə üzvlərinin dövlət büdcəsindən öz şəxsi məqsədləri üçün istifadə etmələri barədə silsilə məqalələr dərc edilir. Sadə ermənilər verilən vədlərdən başqa heç nə əldə edə bilmədilər. "Hələ 2017-ci ildəki parlament seçkiləri vaxtı Paşinyan deyirdi ki, banan və şəkər tozu inhisarını aradan qaldırmaq üçün ona cəmi 45 dəqiqə vaxt tələb olunur". Ancaq Paşinyanın hakimiyyətə gəlməsindən 2 il müddət ötsə də, hələ də Ermənistan iqtisadiyyatında söz sahibi olan mexanizm inhisarçılıqdır.
"Məxməri inqilab”dan sonra Paşinyan tərəfindən Ermənistan cəmiyyətinə vəd olunan siyasi islahatlar keçirilmədi. Keçirilsə də formada bəzi dəyişikliklərlə yadda qaldı, amma məzmun dəyişmədi. Populist çıxışları ilə tanınan N.Paşinyanın hakimiyyətə gəldikdən sonra demokratiya adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı olan repressiv vasitələrdən geniş şəkildə istifadə etməsi və onları bir- bir sıradan çıxararaq zərərsizləşdirməsi heç kimə gizli deyildir, günümüzün reallığıdır. Ermənistanın baş naziri öz siyasi rəqiblərini bir- bir həbsə atır, indiyədək Ermənistanın keçmiş rəhbərliyinə qarşı silsilə cinayət işləri açılmış və hazırda istintaqlar davam edir.
2020-ci ilin 16 iyun tarixində "Çiçəklənən Ermənistan" partiyasının sədri, Ermənistan parlamentindəki “Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın deputat toxunulmazlığı Parlament tərəfindən ləğv edildi. Q.Sarukyan ölkənin təhlükəsizlik qüvvələri tərəfindən ifadə vermək üçün istintaqa cəlb edilmişdir və onun həbs ediləcəyi istisna olunmur. Q.Sarukyanın məhz N.Paşinyan hakimiyyətini tənqid etməsindən sonra təzyiqlərə məruz qalması baş verənlərin siyasi təqib olduğunu sübut edir. Q.Sarukyanın tərəfdarları Ermənistan parlamentinin önündə etiraz aksiyası keçirməyə cəhd göstərsə də, ölkənin təhlükəsizlik qüvvələri tərəfindən onun qarşısı kobudluqla alınmış və yüzlərlə adam saxlanılmışdır. Polis aksiyanı işıqlandıran jurnalistlərə qarşı güc tətbiq etmişdir. Onlarla belə misalllar çəkmək mümkündür. Ermənistanda müxalif siyasətçi və jurnalist Mher Yeqizaryan həbsxanada etdiyi aclığın ardından vəfat etməsi də yaddaşlardadır.
Son hadisələrdən sonra Ermənistanda N.Paşinyanı diktator hesab edənlərin sayı artmaqdadır. Hazırda Ermənistanda təkcə pandemiya böhranı deyil, həm də siyasi böhran yaşanır. Ölkədə siyasi repressiyalar həyata keçirilir. N.Paşinyanın yeganə məqsədi öz hakimiyyətinin müddətini uzatmaqdır. Ermənistanda totalitar inqilabi diktatura qurulmuşdur. Gələcəkdə özünə rəqib olacaq və ya rəqib olma ehtimalı ola bilən istənilən şəxs korrupsiya ilə mübarizə ittihamı ilə həbs edilir.
"Keçid dövrü başa çatdı, səhv limiti tükəndi” yazan qərbyönlü erməni mediası da artıq Paşinyandan boş və savadsız danışıqlar deyil, real iş tələb edir. Müşahidə edilən həmçinin odur ki, iki il öncə məğlub olmuş qüvvə ölkədə davam edən iqtisadi-sosial problemləri bəhanə edərək, hətta Qarabağ məsələsində hökuməti təslimçi mövqedə suçlayaraq revanş götürmək üçün fürsət gözləyir. Baş nazirin digər baş ağrısı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, “Rusiyanın adamı” sayılan Artur Vanetsyanla bağlıdır. Artıq siyasi partiya yaratmağa hazırlaşan Vanetsyan son vaxtlar hakimiyyəti təhdid eləməkdən belə çəkinmir və əsas hədəfini gizlətmir. Vanetsyan Paşinyan hakimiyyətini Rusiya əleyhinə olmaqda suçlayır. Görünən odur ki, Ermənistan hakimiyyəti və Ermənistandakı siyasi qüvvələr həm Rusiya ilə münasibətlər məsələsindən, həm də “Qarabağ kartı”ndan siyasi mövqelərini gücləndirmək, Qarabağda işğal status – kvo vəziyyətini qoruyub saxlamaq məqsədi üçün istifadə edir.
Son zamanlar erməni xalqının taleyində önəmli rolu olan erməni – qriqoryan kilsəsi ilə Paşinyan hakimiyyəti arasında yaşanan ziddiyyətlər üzdə ideoloji fikir ayrılığı kimi görünsə də, əslində dünya qriqoryan kilsələrinə yığılan ianələr uğrunda mübarizədən başqa bir şey deyil.