Ermənistan Baş naziri Nikol Paşinyan koronavirus pandemiyası dövründə vətəndaşların sosial-iqtisadi problemlərini həll etməkdə ciddi çətinliklərlə qarşılaşır
Ermənistan Baş naziri Nikol Paşinyan koronavirus pandemiyası dövründə vətəndaşların sosial-iqtisadi problemlərini həll etməkdə ciddi çətinliklərlə qarşılaşır.
Pandemiya dövründə Ermənistanda acınacaqlı bir vəziyyət yaranıb və proses nəzarətdən çıxıb. Ermənistan Baş naziri Nikol Paşinyan koronavirus pandemiyası dövründə vətəndaşların sosial-iqtisadi problemlərini həll etməkdə ciddi çətinliklərlə qarşılaşır, xəstəliyin yoluxma sayının artmasının qarşısını ala bilməməsi səbəbilə sürətlə sosial dayaqlarını itirir. Azərbaycan Əhalisi 10 milyon 140 min nəfər olan Azərbaycanda yeni növ koronavirusa (COVID-19) yoluxma 10 min 991 nəfərdirsə, əhalisi cəmi 2 milyon 961 min nəfər olan Ermənistanda bu göstərici 18 min 33 nəfərə çatıb. Hazırda Azərbaycanda virusa yoluxma ilə əlaqədar müalicə alanların sayı 4 min 783 nəfərdirsə, Ermənistanda 8 min 52 nəfər müalicə olunur. Əgər Azərbaycanda koronavirusa yoluxanlardan 133 nəfər vəfat edibsə, Ermənistanda bundan 2 dəfədən də çox – 302 nəfər ölüb. Test sayına baxsaq, Azərbaycanda aparılan testlərin sayı Ermənistanla müqayisədə 4 dəfədən çoxdur. Ölkəmizdə indiyə qədər 397 min 399, Ermənistanda 87 min test aparılıb. Azərbaycanın pandemiyaya qarşı ümumi xərcləri 3,5 milyard manat olubsa, Ermənistanda bu rəqəm cəmi 300 milyon dollardır. Təkcə onu demək kifayətdir ki, hazırda Azərbaycanda 570 xəstəxana (44 min 45 ədəd çarpayı), Ermənistanda isə 130 xəstəxana (12153 ədəd çarpayı) var.
Yardımlarla bağlı statistikaya baxsaq, pandemiyaya qarşı mübarizə çərçivəsində ABŞ Azərbaycana 5,3 milyon dollar, Avropa Birliyi 14 milyon avro yardım edib, Türkiyə humanitar, Çin tibbi-texniki yardım edib. Ermənistana isə ABŞ 5,4 milyon dollar, Avropa Birliyi 92 milyon avro, Bolqarıstan və Litva humanitar yardım, Çin tibbi-texniki yardım, Rusiya texniki yardım, Gürcüstan tibbi yardım göstərib, İran yük daşınmasında dəstək verib. Digər tərəfdən, əgər Ermənistan bu günə qədər pandemiya ilə mübarizə çərçivəsində heç bir ölkəyə yardım etməyib. Azərbaycan isə Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar, İrana 5 milyon dollar, eyni zamanda Çin, İran, İtaliya, Macarıstan, Özbəkistan, Bosniya və Herseqovina, Xorvatiya, Qırğızıstan, Pakistan, Moldova olmaqla, cəmi 30 ölkəyə yardım edib. Bunun özü də Ermənistanın xarici yardıma möhtac ölkə olduğunu və beynəlxalq aləmdə də belə qəbul edildiyini ortaya qoyur. Bir maraqlı məqam da diqqət çəkir. Pandemiya dövründə Azərbaycanda abonentlərin elektrik və qazının kəsilməsi halı qeydə alınmayıb. Amma 4300 abonentin elektrik enerjisi, 736 abonentin təbii qazı kəsilib.
Pandemiya dövründə Ermənistanda yaranmış acınacaqlı vəziyyəti Ermənistanın Baş Naziri Nikol Paşinyanın “Facebook” səhifəsində etiraf edib. N.Paşinyan ölkədə xəstəlik simptomlarını biruzə verməyən minlərlə xəstə olduğunu, yoluxma halları artdıqca səhiyyə sisteminin bunun öhdəsindən gələ bilməyəcəyini və xüsusilə ağır vəziyyətdə olan xəstələrin sağlamlığının təhlükə ilə qarşılaşacağını, xəstəxanalarda yer olmayacağını bildirib: “Ermənistanda hər gün 500-700 arası insan koronavirusa yoluxur. Onların 5 faizi ağır keçirir, bu, olduqca ciddi rəqəmdir və səhiyyə bu qədər insana xidmət edə bilmir. Təsadüfi deyil ki, Ermənistanda koronavirus pandemiyasının geniş yayıldığı son günlərdə KİV-də Baş Nazir Nikol Paşinyan hədəf olaraq seçilib və onun məsuliyyət daşıdığı bildirilir. Bu xəbərlərdə əsasən pandemiyanın ilk ayında Paşinyanın məsələyə münasibəti xüsusən tənqid olunur. Qeyd edilir ki, Ermənistan müstəqilliyini elan edəndən bu günə qədər bütün demokratiya çağırışlarına baxmayaraq, qərarları bir nəfər - prezident, indi isə Baş Nazir Paşinyan verir, kollektiv qərar vermə mexanizmi ölkədə heç bir zaman olmayıb. Böyük bir ehtimalla yaxın gələcəkdə Paşinyan siyasi məsuliyyəti Baş nazirin müavini Tiqran Avinyana və Səhiyyə naziri Arsen Torosyana yükləyəcək. Mart və aprel aylarında qonşu ölkələr pandemiyaya qarşı tədbirlər alarkən Paşinyanın başı siyasi rəqibi Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanı vəzifəsindən uzaqlaşdırmaq üçün konstitusiya referendumu keçirməyə qarışmışdı. Paşinyan koronavirusa qarşı “Koronavirus kimin itidir?”, “Maska taxmağa ehtiyac yoxdur” kimi məsuliyyətsiz ifadələrdən istifadə edirdi.