Qərb niyə susur?
Qərb niyə susur?
Ermənistanda baş verən siyasi təqiblər və həbslər, söz azadlığının boğulması, jurnalistlərə qarşı güc tətbiq edilməsi fonunda bəzi beynəlxalq təşkilatların, beynəlxalq QHT-lərin, ümumən bir sıra Qərb təşkilatlarının səssizliyi heyrət doğurur. Q.Sarukyanın tərəfdarlarının etiraz aksiyası zamanı insanların ifadə azadlığı, azad toplaşma hüququ, hüquq-mühafizə orqanları tərəfindən lüzumsuz yerə güc tətbiq olunmaması, KİV-in sərbəst fəaliyyətinə imkan yaradılması və s. kimi Qərbin “önəm verdiyi” bütün dəyərlər ayaq altına salınmışdır. Sual yaranır. Qərb niyə susur? ABŞ Dövlət Departamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, ABŞ-ın Ermənistandakı səfiri, Qərb ölkələrinin Ermənistandakı səfirlikləri özlərini elə aparırlar ki, sanki heç nə baş verməyib. Əlbəttə bu ilk hadisə deyil ki, Qərb özünü görməməzliyə vurub.
Qərbin ikili standartlarının ən bariz nümunəsi Ermənistanda keçirilmiş seçkilərə reaksiyalarıdır. 2017-ci ildə Ermənistanda parlament seçkiləri keçirildi. Seçkiləri müşahidə edən Qərb təşkilatlarının rəyində Ermənistanda bütün başlıca azadlıqlara əməl edildiyi göstərilmişdi. Lakin az sonra Ermənistanda inqilab baş verdi və seçkiləri uduzmuş indiki baş nazir hakim partiyanı devirdi.
Qərb ölkələrinin Paşinyan rəhbərliyini bu qədər müdafiə etməsi, ölkədə baş verən qanunsuzluqlara, anti – demokratik fəaliyyətlərə göz yumulmasının səbəbi ortadır. Qərb Ermənistanı öz geosiaysi maraq dairəsində görür. Ermənistanda Paşinyan komandasının hakimiyyətə gəlməsi və “Qərbyönümlü siyasət” aparması Qərb üçün əlbəttə tarixi bir şansdır. Rusiya ilə aparılan tarixi rəqabət və bölgəyə nüfuz etmək istəyi fonunda Ermənistanda baş verənlərə susqunluqla yanaşmaq, Ermənistanın hər cür ərkəsöyünlüyünə göz yummaq təəccüb doğurmur. Nikol Paşinyanın amerikalı iş adamı Corc Sorosun təsis etdiyi Soros Açıq Cəmiyyəti tərəfindən dəstəkləndiyi hər kəsə aydındır. Ermənistanda anti-sorosçuların həbsi dediklərimizin bariz nümunəsidir.
Qərbin bir sıra təşkilatları Azərbaycanda ən xırda məsələyə reaksiya verdikləri halda, Ermənistanda baş verən qanunsuzluğa qarşı bir dəfə də olsun hansısa ittiham səsləndirməyiblər. Həm bölgənin, həm də Avropanın təhlükəsizliyində iştirak edən və tövhə verən ölkə kimi Azərbaycansız Qafqazın və Avropanın gələcəyini necə təsəvvür etmək olar? Bu sual Qərbin siyasi dairələrini düşündürməlidir.