Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistanda siyasi böhran dərinləşir

19 iyun 2020 | 16:00

   Ermənistanda siyasi böhran dərinləşir.

  Nikol Paşinyan hakimiyyəti "döyüş hazırlığı" vəziyyətinə gətirib. Ermənistan mediasındakı məlumatlarda bildirilir ki, güc strukturlarının rəhbərlərini dəyişdikdən sonra baş nazir Paşinyan bu idarələrin rəhbərlərinə cəmiyyətə əvvəlki etimadı bərpa etmək üçün bəzi müsbət göstəriciləri göstərməyi tapşırıb. Üstəlik, onlara xəbərdarlıq edilib ki, kimsə öz oyununu oynamağa çalışırsa, dərhal əvvəlki rejimin qalıqlarından yaxa qurtarıldığı kimi onlar da uzaqlaşdırılacaqlar.

  Bununla Paşinyan siyasi rəqiblərinə qarşı növbəti dözümsüzlük toxumlarını da səpib. Ən başlıcası, hər şeyin baş nazirlə şəxsən razılaşdırılması, onun xəbəri olmadan heç bir şey edilməməsi və onun göstərişlərinin yerinə yetirilməsindən yayınanların işdən uzaqlaşdırılması tapşırılıb.
  İyunun 8-də Ermənistan daxilində bomba effekti yaradan istefalar yaşandı: Milli Təhlükəsizlik Xidmətinin direktoru Eduard Martirosyan, Ermənistan ordusunun Baş Qərargah rəisi general-leytenant Artak Davtyan və Polis rəisi Arman Sarkisyan eyni gündə istefa məktublarını prezident Armen Sarkisyana təqdim etdilər. Ermənistan hakimiyyəti bu istefaları Paşinyanın reytinqini yüksəltmək üçün baş nazirin şəxsi iradəsi kimi təqdim etməyə çalışır. İstefadan bir gün öncə - 7 iyunda Baş Qərargah rəisi Artak Davtyanın karantin qaydalarını pozaraq oğluna toy etməsinin görüntülərini yaymaqla Paşinyanın reytinqinə “işləyən” addım atıldı. Parlamentdə hakim partiyadan sonra ikinci böyük fraksiya olan “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Çarukyanın son dövrlər hökumətin pandemiya qarşısında aciz qalmasını əsas gətirərək, tez-tez tənqidi çıxışlar etməsi, eyni mətnli tənqidlərin üçüncü böyük fraksiya olan “İşıqlı Ermənistan” Partiyası tərəfindən də səsləndirilməsi fonunda yaşanan bu istefalar ilk baxışda Nikol Paşinyanın siyasi gediş etdiyi ehtimalını önə çıxarır: həm pandemiyanın yaratdığı böhranı istefa verənlərin üzərinə yıxmaq və şəxsi reytinqini yüksəltmək, həm də “kənar qüvvələrə” bağlı olduğunu hesab etdiyi güc strukturları rəhbərlərini istefaya göndərməklə təhlükəni özündən uzaqlaşdırmaq istəyir; hər üç istefanın dərhal qəbul edilməsi və elə həmin gün yeni təyinatların olması da - general-leytenant Onik Gasparyan Baş Qərargah rəisi, polkovnik Argişti Kərəmyan Milli Təhlükəsizlik Xidmətinin direktoru, polkovnik Vaqe Qazaryan Polis rəisi – bunu deməyə əsas yaradır; Hərçənd, burada ən diqqətçəkən məqam üç güc strukturu rəhbərinin eyni gündə istefa verməsi və bir gün sonra parlamentdə Nikol Paşinyanın istefa tələbinin gündəmə gətirilməsidir.

  Güc strukturlarının eyni gündə istefa ərizəsi yazması təsadüfi deyildi. Bunun “kənar müdaxilə” ilə baş verdiyi və məqsədin Paşinyana xəbərdarlıq olduğu istisna deyil. Bir gün sonra – 9 iyunda “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Çarukyanun “hökumətin vədlərini yerinə yetirməsi üçün vaxt verildiyini, lakin ölkəyə investisiyanın gətirilmədiyini, iqtisadiyyatın inkişaf etmədiyini, koronavirusla mübarizədə də uğursuz olduğunu” əsas gətirərək, istefa tələbi ilə çıxış etməsi güc strukturlarının rəhbərlərinin istefasının davamı kimi görünür:

 İyunun 14-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) “Çiçəklənən Ermənistan” Partiyasının lideri, oliqarx Qaqik Çarukyanın evini mühasirəyə alması siyasi böhranın fitilini alovlandırdı. Xüsusi təyinatlılar “Çiçəklənən Ermənistan” Partiyasının ofisində də axtarışlar aparıb. Çarukyan dindirilmək üçün Milli Təhlükəsizlik Xidmətinə aparılarkən bildirib ki, “geri çəkilmək niyyətində deyil”. Onun tərəfdarları MTX-nin binası önündə “Nikol get”, “Çarukyan baş nazirdir” şüarları ilə aksiya keçirib, hətta binaya daxil olmaq istəyərkən xüsusi təyinatlılarla qarşıdurma yaşanıb.

  Paşinyanın “küçə inqilabı” ilə hakimiyyətə gələrkən əsas dəstəkçisi kimi çıxış edən və daxili siyasətdə güclənməsində payı olan Çarukyanın üzərinə xüsusi təyinatlıları göndərməsi Ermənistanda pandemiyanın yaratdığı acınacaqlı mənzərə fonunda təsadüfi deyil. 15 iyunda Çarukyan bəyanat verərək hər şeyə hazır olduğunu, hökumətin xüsusi göstərişi ilə ona qarşı təzyiqlərin başladığını, bununla pandemiya dövründə hökumətin bacarıqsızlığını gizlətməyə, xəstəliyə yoluxan on minlərlə insanın, yüzlərlə ölənlərin məsuliyyətini ört-basdır etməyə çalışdığını bildirib. Çarukyanın 2-3 aydan sonra ölkədə aclıq təhlükəsinin baş verə biləcəyini vurğulaması isə ciddi rezonans doğurub.

  Paşinyanın bu addımları ölkəni sürətlə diktaturuya sürüklədiyinin göstəricisi sayıla bilərmi?

  Paşinyan bu addımları təsadüfən atmır:“Onun narahatlığı aydın görünür. Paşinyan anlayır ki, artıq hakimiyyəti itirməklə üz-üzə qalıb. Eyni gündə güc strukturlarının təmsilçilərinin istefa ərizəsi yazması təsadüfi deyildi. Proseslərin kənardan idarə edildiyinə dair rəylər səslənir. Hər hardan idarə olunsa da, bunu Paşinyana verilən ciddi xəbərdarlıq mesajı kimi də qəbul edə bilərik. İstefalardan bir gün sonra isə daha maraqlı vəziyyət yarandı. 9 iyunda “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Çarukyan hökumətin vədlərini yerinə yetirməsi üçün vaxt verildiyini, lakin ölkəyə investisiyanın gətirilmədiyini, iqtisadiyyatın inkişaf etmədiyini, koronavirusla mübarizədə də uğursuz olduğunu əsas gətirərək istefa tələbi ilə çıxış etdi. Bu proseslərin bir-biri ilə zəncirvari bağlantılı olduğuna qəti şübhə yoxdur. Paşinyan görür ki, komanda üzvlərinin ona göstərdiyi etimadsızlığın fonunda Çarukyan dərhal hökumətin istefasını tələb edir. Çarukyan faktiki olaraq parlamentdə ikinci böyük fraksiyaya rəhbərlik edir. Bu da o anlama gəlir ki, artıq Paşinyan üçün mədəni devrilmə planı da hazırdır. Bir qədər də güc qoyulsa, Paşinyanı elə parlamentdə devirmək mümkün olacaq. Bütün bunları Paşinyan yaxşı dərk etdiyi üçün repressiv metodlara əl atır ki, rəqiblərini qorxuda bilsin. Əks təqdirdə onun devrilməsi daha da sürətlənə bilər. Paşinyan komandası proseslərin Rusiyadan idarə edildiyi qənaətində olduqlarına dair fikirlər səsləndirir. İnandırıcıdır, çünkü Rusiyanı Paşinyanın Ermənistanda hakimiyyətdə olması qəti qane etmir”.

 

Keçidlər