"Əsgərə xatirə kitabı" layihəsi çərçivəsində "Ordu ilə xalqın birliyi sarsılmazdır" devizi altında videokonfrans formatında tədbir keçirilmişdir.
25 iyun 2020-ci il tarixində "Əsgərə xatirə kitabı" layihəsi çərçivəsində Silahlı Qüvvələrin Yaranması Günü münasibətilə "Ordu ilə xalqın birliyi sarsılmazdır" devizi altında videokonfrans formatında tədbir keçirilmişdir. Tədbirdə Milli Məclisin deputatları Arzu Nağıyev, Cəbi Quliyev, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın və "Virtual Qarabağ" İKT Gənclər İctimai Birliyinin sədri Nurəddin Mehdiyev, Azərbaycan Qarabağ müharibəsi Əlilləri , Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Sədri Mehdi Mehdiyev, Caspian GSM şirkətinin təsisçisi, gənc sahibkar Vüsal Nərimanov, 2 nömrəli THE liseyinin müdir müavini,"Əsgərə xatirə kitabı" layihəsinin rəhbəri Nuranə Şıxəliyeva , 2 nömrəli THE liseyinin müəllimi, Azərbaycan dili kafedrasının müdiri Ellada Həziyeva, şəhid ailələri və qazilər iştirak ediblər. Tədbirdə çıxış edənlər Milli Ordumuzun yaranması tarixindən söhbət açmışlar. Xatırladılıb ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən iyunun 26-sı Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan edilib. Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordu yaradılması Ulu Öndərin adı ilə bağlıdır. Hələ sovet dövründə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi vaxtlarda, 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb açılıb. Məhz Ümummilli Liderin sayəsində ordu quruculuğu sahəsində genişmiqyaslı islahatlar həyata keçirilib, peşəkar, yüksək səviyyəli nizami ordu formalaşdırılıb.
Həmçinin qeyd edilib ki, bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz uzaqgörən rəhbərin gərgin zəhmətinin bəhrəsidir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası möhkəmləndirilib, Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilib və hər an düşmənə layiqli cavab vermək əzmindədir. Ölkə rəhbərinin iştirakı ilə Silahlı Qüvvələrimizin möhtəşəm hərbi paradı, Milli Qəhrəman Mübariz İbrahimovun şücaəti, Aprel döyüşləri, Günnüt zəfəri Milli Ordumuzun gücünün və qüdrətinin göstəricisidir.
Tədbir iştirakçıları Azərbaycan Ordusunun güc və qüdrətinin təbliği, Vətənə məhəbbətin tərənnümü, həmçinin gənc nəslin vətənpərvərlik ruhunda yetişməsi istiqamətində hər bir vətəndaşın üzərinə böyük vəzifələr düşdüyünü vurğulayıblar.
Tədbirin sonunda Şəhid ailələrinə Rayon İcra Hakimiyyəti başçısının təbriknaməsi, tədbirin təşkilatçılarına isə "Fəxri Fərman"ı təqdim edildi.