Сənab İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında iştirak edib.
Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov və Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevə raport verdilər.
Dövlətimizin başçısına hava hücumundan müdafiə sisteminə yeni daxil edilmiş döyüş vasitələri barədə məlumat verildi.
Bildirildi ki, ümumi ərazisi 11 hektardan çox olan hərbi hissəsinin tikintisinə iki il bundan əvvəl başlanıb və artıq yüksək keyfiyyətlə başa çatdırılıb. Həm zabitlər, həm də əsgərlər üçün yataqxana binaları inşa olunub. Yeməkxana binasında əsgərlərin qidalanması üçün hər cür şərait var. Müasir avadanlıqla təchiz olunan tibb məntəqəsi və digər yardımçı otaqlar yaradılıb.
Prezident İlham Əliyev qərargah binasında yaradılan şəraitlə də tanış oldu.
Qeyd edildi ki, döyüş hazırlığı qabiliyyətini təkmilləşdirmək məqsədilə hərbi hissənin ərazisində təlim meydançaları qurulub, ərazi tam abadlaşdırılıb.
Hərbi hissə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev hərbçilərlə görüşdü.