Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü
26 iyun - “Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü”
Ötən yüzilliyin bəlalarından sayılan narkomaniya təəssüflər olsun ki, 21-ci əsrdə də qlobal problemler sırasında qalmaqdadır. Narkomanlığın tarixi çox qədimdir. Hələ eramızdan əvvəl narkotik tərkibli vasitələr haqqında məlumatlara yunan, roma, ərəb alim və həkimlərinin əsərlərində rast gəlinir. Ümumiyyətlə, BMT-nin hesablamalarına görə, bu gün dünyada təqribən 250 milyona yaxın insan narkotiklərdən bu və ya digər formada əziyyət çəkir. Bu 15-64 yaş üzrə dünya əhalisinin təqribən 5 faizini təşkil edir.
Narkomanlıq narkotik zəhərlərdən psixi asılılıq yaradan xəstəlikdir. Bu, xəstəliyə tutulmuş şəxslər özlərini cəmiyyətdən təcrid edirlər. Bu da onların ətrafdakı insanlara münasibətini dəyişir. Belə insanlara cəmiyyətin hər bir təbəqəsində rast gəlmək olur. Narkomanlıq eynilə narkotiklərin qanunsuz dövriyyəsinin coğrafiyası kimi sərhəd tanımır. Bu dəhşətli xəstəlik dinindən, dilindən, irqindən, sosial vəziyyətindən və s. asılı olmayaraq hamı üçün eyni dərəcədə təhlükəlidir. O, cinayətkarlığı, zorakılığı və korrupsiyanı yaradır, QİÇS-in sürətlə artmasına təkan verir, sosial-iqtisadi inkişafı ləngidir, ailə və icmaları dağıdır. Təkcə Rusiya Federasiyasında, son məlumatlara görə, narkomanların sayı 500 mindən artıqdır. Bu böyük bəla ilə hər bir instansiya öz sahəsində bütün variantlardan istifadə etməklə mübarizə aparılmalıdır. İstər maarifləndirmə, istərsə də inzibati qaydada mütəmadi tədbirlər görülməlidir. Çünki bu ağır xəstəlik cəmiyyətin məhvinə yönəlmişdir. Hər hansı bir xəstəliklə həkimlər öz sahələrində müalicə işləri görür, lazım gəldikdə radikal cərrahi üsullara əl atılır. Lakin narkomaniyanı təkcə tibb sahəsı işçilərinin gücü ilə aradan qaldırmaq olmaz. Cəmiyyətin bütün qüvvələri bu bəla ilə mübarizədə birləşməlidirlər.
Azərbaycanda də bu sahədə xeyli işlər görülüb. Belə ki, ölkəmiz 1961-ci ildə BMT-nin Narkotik Vasitələrin İstifadəsi üzrə Konvensiyaya, 1971-ci ildə Psixotrop Maddələrin İstifadəsi üzrə Konvensiyasına qoşulub. Həmçinin “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına” və “Narkotik vasitələrin və Psixotrop Maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına” qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürüb. Narkomaniya ilə mübarizdə hər bir vətəndaş fəallıq göstərməlidir. Yeniyetmə və gənclərin bu sahədə daha da maarifləndirilməsi onlar arasında narkomaniyaya və onu yayan vərdişlərə qarşı müqaviməti xeyli artıracaq. Bu da ən əsası həm indiki, həm də gələcek nəsillərin cəmiyyətdə sağlam yetişmələri üçün həlledici rol oynayacaqdır.
Odur ki, insanların sağlamlığını və həyatını ciddi təhlükə altına alan, əxlaqi və mənəvi dəyərləri sarsıdan, insanlığa xələl gətirən, cəmiyyətin harmoniyasını pozan, sosial-iqtisadi tərəqqini ləngidən, bir sözlə həyatı iflic edən narkomanlığa münasibətdə hər birimiz barışmaz mövqe tutmalı və ümumbəşəri bəlaya qarşı qətiyətli mübarizə aparmalıyıq.