Ulu Öndər müasir Azərbaycan Ordusunun qurucusudur
Ulu Öndər müasir Azərbaycan Ordusunun qurucusudur
Ordu dövlətin suverenliyini və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olaraq dövlət quruculuğunun tərkib hissələrindən biridir. Azərbaycanın zəngin dövlətçilik tarixində güclü ordunun yaradılması hər zaman prioritet məsələlərdən olmuşdur.
Müasir Azərbaycan dövlət müstəqilliyinə 1991-ci ildə nail olsa da, vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir ordunun yaradılması Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Bu mənada fəxrlə deyə bilərik ki, Ulu Öndərin rəhbərliyi ilə dövlətçilik ənənələrimizə söykənərək 1993-cü ildən ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri bu gün qüdrətlənən və gücü ilə qürurlandığımız Azərbaycan Ordusudur.
Ulu Öndər Heydər Əliyev görkəmli dövlət xadimi, böyük siyasətçi, həm də peşəkar hərbçi idi. Elə buna görə də Ulu Öndərin hakimiyyətə gəlişindən sonra ordu quruculuğunun diqqətçəkən əsas tərəfi onun yüksək peşəkarlıqla həyata keçirilməsi idi.
Heydər Əliyevin AXC-Müsavat dövründə yaradılmış və daha çox ayrı-ayrı şəxslərin, bəzi siyasi partiyaların konyunktur maraqlarına, dövlət çevrilişi məqsədlərinə xidmət edən silahlı dəstələri buraxmaqla, onların fəaliyyətini qanundan kənar elan etməklə başladığı ordu quruculuğunun effektiv nəticələri artıq 1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində özünü göstərməyə başlamışdı. Başlanğıcını 1993-cü il noyabrın 2-dən - Ulu Öndərin xalqa müraciətindən götürən və tarixə Heydər Əliyevin ordu quruculuğu kimi düşən bu dönəmin ilkin çağlarında yeni yaradılan və mərkəzi komandanlığa tabe olan hərbi birləşmələr Ermənistanın güclənən hücumlarının qarşısını böyük mətinliklə aldılar, 1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində Füzuli istiqamətində, Murovda yüksək peşəkarlıqla uğurlu hərbi əməliyyatlar keçirərək çoxsaylı yaşayış məntəqələrini, strateji əhəmiyyət kəsb edən yüksəklikləri düşməndən azad etdilər.
Heydər Əliyevin 1994-cü il yanvarın 24-də cəbhəyə yola düşən yeni hərbi hissənin şəxsi heyətinə xitabən dediyi "Bilin ki, sizin hər birinizin arxasında böyük Azərbaycan ölkəsi durmuşdur. Bilin ki, hər biriniz öz doğma Vətəninizi, öz ananızı, atanızı, bacınızı, qardaşınızı müdafiə etmək üçün ordu sıralarına gəlmisiniz. Bilin ki, sizin hər bir uğurlu addımınız Azərbaycan Respublikasının müstəqilliyinə və ərazi bütövlüyünə kömək edəcəkdir. Bilin ki, ümumi qələbəmiz sizin hər birinizin fəaliyyətindən, qəhrəmanlığından asılıdır” sözlərini unutmayan, Ulu Öndərin bu xeyir-duasından ruhlanan zabitlərimiz, əsgərlərimiz, gizirlərimiz və çavuşlarımız o dövrdə sinələrini düşmən pulemyotunun qarşısına verməklə, əldə qumbara düşmən tankının altına atılmaqla əsl qəhrəmanlıq dastanları yaratdılar.
1994-cü il mayın 12-də atəşkəsin elan edilməsindən sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara start verildi. Tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Ordunun maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edildi, silahlı qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı.
Heydər Əliyevin təhlükəsizlik siyasəti və strategiyası, ordu quruculuğu ilə bağlı başladığı işlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.