Şriftin ölçüsü :

Saytın rəngi :

Əsas məqsəd ordumuzun döyüş qabiliyyətini artırmaqdır

27 iyun 2020 | 16:00

 

  Əsas məqsəd ordumuzun döyüş qabiliyyətini artırmaqdır

  4 il əvvəl - 2016-cı ilin aprel ayının ilk günlərində Tərtər və Füzuli istiqamətində erməni hərbi birləşmələrinin hücumlarının və təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun keçirdiyi uğurlu hərbi əməliyyatlar Silahlı Qüvvələrimizin gücünü reallıqda təsdiqləyən hadisə oldu. Həmin döyüşlərədək Ermənistan siyasi rejimi tərəfindən belə bir mif yaradılmışdı ki, işğalçı dövlətin ordusu və onların yaratdığı istehkamlar keçilməzdir. Lakin Aprel döyüşləri bunun sadəcə mif olduğunu sübuta yetirdi. Həmin günlərdə düşmən ordusu bir həmləyə biabırçı məğlubiyyətə uğradıldı və cəbhənin iki istiqamətində illərdir bərkidib-betonladığı, dinc əhalinin başına güllə, mərmi yağdırdığı mövqelərdən bir gecədə qovulub çıxarıldı. Bununla da Azərbaycanda atəşkəs razılaşmasından sonra həyata keçirilən ordu quruculuğunun effektiv nəticələri, Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin artırılması istiqamətində atılan addımlar dördgünlük müharibədə öz təsdiqini tapdı. Həmin döyüşlər bizim böyük tarixi qələbəmiz, Ermənistanın isə həm siyasi, həm iqtisadi, həm də psixoloji cəhətdən məğlubiyyəti kimi tarixə düşdü. Bu hadisə demək olar ki, Ermənistanın ideoloji əsaslarını dağıtdı, bu ölkənin rəhbərliyi məğlubiyyətdən sonra özünü tam şəkildə ifşa etdi. Onlar həm döyüş meydanında acı məğlubiyyətə uğradılar, həm də siyasi meydanda heç bir dəstək almadılar. Həmçinin düşmən bir daha şahidi oldu ki, Azərbaycan əzəli torpaqlarını qısa müddət ərzində geri qaytarmağa qadirdir.

  Aprel döyüşləri mühüm hərbi qələbə olmaqla yanaşı, beynəlxalq arenada bütün diqqəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə cəlb etdi. Hadisələr Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirdi. Bu döyüşlər dövlətimizin və ordumuzun gücünü, xalqın birliyini, həmrəyliyini, vətənpərvərliyini, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha göstərdi. Ermənistan hakimiyyəti bir daha gördü ki, xalqımız heç vaxt ərazilərinin işğalı ilə barışmayacaq və torpaqlarında ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəkdir.

  Naxçıvanda Günnüt kəndinin işğaldan azad olunması və Ermənistanla sərhəddə strateji yüksəkliklərin ələ keçirilməsi Azərbaycan Silahlı Qüvvələrinin 2016-cı ilin aprel qələbəsindən sonra növbəti zəfəri oldu. Xalq Cümhuriyyətinin və ordumuzun yaradılmasının yüzüncü ildönümünə təsadüf edən bu hadisə cəmiyyətimizin xoş ovqatını daha da artırdı, düşmən üzərindəki qələbə gününün o qədər də uzaqda olmadığını göstərdi. Hər birimiz növbəti dəfə ordumuzdakı qalibiyyət əzminin şahidi olduq. Günnüt əməliyyatı zamanı Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi olan Əlahiddə Ümumqoşun Ordu ön xəttin dövlət sərhədi boyu əlverişli mövqeləri ələ keçirdi. Dərinlikdəki əlverişli yüksəkliklər düşməndən geri alındı. Bu, ordumuza Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyətli Yerevan-Yexeqnddzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etmək imkanı verdi. Ümumilikdə, bu əməliyyat zamanı 11 min hektar ərazi düşməndən azad edildi.

  Prezident İlham Əliyevin Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında çıxış edərkən 2016-cı və 2018-ci illərin hərbi əməliyyatlarının əhəmiyyətindən danışdı: "Əlbəttə ki, əsas döyüş qabiliyyətimizdir. Bütün digər amillər ki, mən qeyd etdim bunun məqsədi var, o da döyüş qabiliyyətini artırmaqdır. Bu istiqamətdə də lazımi addımlar atılır. Həm 2016-cı ilin, həm 2018-ci illərin hərbi əməliyyatları bunu göstərdi. Biz böyük ərazini işğalçılardan azad edə bilmişik. Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının bir hissəsini 2016-cı ildə düşməndən azad etmişik və o torpaqlarda Azərbaycan bayrağını ucaltmışıq. Ermənilərin işğal edilmiş torpaqlarda qazdıqları səngərlərə girmişik. Biz indi orada otururuq və orada möhkəmlənmişik. Uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 min hektardan çox ərazini işğalçılardan azad etmişik və strateji yüksəkliklərə çıxmışıq"

Keçidlər