Xocavənd Rayon Təhsil şöbəsi nəzdində fəaliyyət göstərən ümumtəhsil məktəblərində 2012- 2013-cü tədris ilinin yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir.
04 sentyabr 2013-cü il tarixdə “Xocavənd” qəsəbəsi Rayon Mədəniyyət Evində Təhsil şöbəsi nəzdində fəaliyyət göstərən ümumtəhsil məktəblərində 2012- 2013-cü tədris ilinin yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir. Tədbirdə 140 nəfər iştirak etmişdir. Tədbir Azərbaycan Respublikasının dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilmişdir. Çıxış edən Rayon Təhsil şöbəsinin müdiri Şəfahət Yusifov 2012-2013-cü tədris ilində görülmüş işlər barədə ətraflı məlumat verdi. Son illər Azərbaycan Respublikasında aparılmış geniş miqyaslı islahatlar və bunun nəticəsində ölkəmizin o cümlədən Xocavənd rayonunun inkişafı təhsil işçilərindən kadr hazırlığının artırılması, günün tələblərinə cavab verən əsl vətəndaş yetişdirməyi tələb etdiyini bildirdi. Bu istiqamətdə Xocavənd rayon Təhsil şöbəsi də əlindən gələni etməkdə olduğunu qeyd edən Ş.Yusifov bunun nəticəsi olaraq 2012-2013-cü tədris ilinin göstəricilərinin çox ürəkaçan səviyyədə olduğunu qeyd etdi. Belə ki, bu il orta məktəbi bitirən və ali məktəblərə sənəd verən 61 nəfər məzunun 37 nəfərinin ali məktəblərə qəbul olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. Bir nəfər Xocavənd rayon 2 saylı tam orta məktəbin şagirdi Cavadzadə Nuranə Şahin qızı rayon üzrə ən yüksək 680 bal toplayaraq Azərbaycan Tibb Universitetinə daxil olmaqla bərabər Azərbaycan Respublikası Təhsil Nazirliyinin ən yaxşı məzunları təltif etdiyi qızıl medala layiq görüldüyünü qeyd etdi. Çıxış edən Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşı İsak Məmmədov tədbir iştirakçılarını yeni tədris ilinin başlanması münasibətilə təbrik edərək müəllimlərə şərəfli peşələrini yerinə yetirməkdə uğurlar arzuladı. Çıxış edən Rayon İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynov təhsil işçilərini 2012-2013-cü tədris ilində qazandıqları uğurlar münasibəti ilə təbrik edərək, onlara yeni tədris ilində uğurların davamını arzuladı. Başçı artıq neçə illərdi ki, ali məktəblərə qəbulun göstəriciləri sahəsində olan neqativliyin bu il aradan qaldırılmasını sevindirici bir hal kimi qiymətləndirsə də bu sahədə müəllimlərin öz fəaliyyətlərini daha mütəşəkkil qurmasında stimul rolunu oynayacağına əmin olduğunu qeyd etdi. Tədbirin sonunda başçı rayon üzrə ən yüksək bal toplayaraq ali məktəblərə qəbul olan abituriyentləri pul mükafatı ilə mükafatlandırdı.