Gültəkin Ağayeva: "Prezident İlham Əliyevin Baş Assambleyanın Xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsü vaxtında verilmiş və çox ehtiyac duyulan təşəbbüs kimi təqdir olunur"
Hal-hazırda dünyanın qlobal hadisəsinə çevrilən COVİD-19 pandemiyası Azərbaycandan da yan keçməyib. Dünyada COVİD-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. Pandemiya insanların həyatını təhlükə altına qoyan ciddi sağlamlıq problemləri yaratmaqla bərabər mənfi fəsadları hələ uzun müddət hiss olunacaq sarsıdıcı qlobal sosial-iqtisadi və humanitar təhlükələr yaratmışdır. Dünya müharibəsi ilə müqayisə olunan COVİD-19 pandemiyası şəraitində özünü təcrid və franqmentar xarakter daşıyan tədbirlər əvəzinə qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac vardır.
Artıq hamımıza məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun videokonfrans vasitəsilə Zirvə görüşü keçirilmişdir. Zirvə görüşündə Əfqanıstan, Əlcəzair, Misir, İndoneziya, İran, Kuba, Nigeriya, Pakistan, Cənubi Afrika Respublikası, Fələstin, Türkmənistan, Venesuela, Nikaraqua, Efiopiya, Hindistan, Malayziya, Vyetnam, Qana, Küveyt, Mərakeş, Səudiyyə Ərəbistanı və digər ölkələrin prezidentləri, baş nazirləri və xarici işlər nazirləri çıxış etmişlər. Habelə, BMT-nin Baş Assambleyasının Prezidenti və Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru videokonfransda çıxış etmişlər. Eləcə də, BMT-nin Baş katibi və Avropa Komissiyasının ali nümayəndəsi/vitse-prezidentinin videomüraciətləri səsləndirilmişdir.
Təəsüflər olsun ki, qlobal əməkdaşlığa güclü ehtiyac duyulduğu bir şəraitdə bəzi dövlətlər çaşqınlıq içərisində qalaraq beynəlxalq həmrəyliyi nümayiş etdirə bilmədilər. Hazırda qlobal liderliyə ehtiyac duyulduğu bir şəraitdə Prezident İlham Əliyev təşəbbüs irəli sürdü və “özünəqapanma sindromu”nun heç kəsə xeyir gətirməyəcəyini nümayiş etdirərək dünyanın dörd bir yanından müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələri bir araya gətirməyə nail oldu.
Prezident İlham Əliyev nümunəvi addım ataraq pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi. Azərbaycan koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı ayırmışdır.
Koronavirus infeksiyası hər bir dövləti ciddi sınaq qarşısında qoymuşdur. Bəzisi bu sınaqdan layiqincə çıxmaqdadır, bəzisi isə çoxsaylı insan itkisi ilə. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru tərəfindən mart ayının 23-də Prezidentimizə ünvanlanan məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilmişdir. Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir. Prezident İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirlər sayəsində bu gün koronavirusa qarşı ən effektiv mübarizə aparan ölkələrdən söz açdıqda Azərbaycanın adı birincilər cərgəsində gəlir.
Avropa İttifaqının rəsmisinin Zirvə görüşündə iştirakı və çıxışı Qoşulmama Hərəkatının tarixində ilk dəfə baş vermiş hadisədir. Qeyd olunmalıdır ki, məhz Azərbaycan daim bir-biri ilə əks qütblərdə olan Qoşulmama Hərəkatı ilə Avropa İttifaqını koronavirus təhlükəsi zamanı bir araya gətirməyə müvəffəq olmuşdur. Sadalanan faktlar Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanın dünya miqyasında nüfuzunun daim artdığının göstəricisidir.
Cənab Prezidentimizin bu çətin anlarda Azərbaycan vətəndaşının sağlamlığı, xoşbəxt yaşaması üçün əlindən gələni etməsi, ölkəyə gətirilən tibbi avadanlıqlar, yeni xəstəxanalar, aztəminatlı ailələr üçün edilən tədbirlər və s. təqdirəlayiq hadisələrdir.Bütün bunları böyük fəxarətlə seyr edirəm və Prezidentimlə fəxr edirəm, qürur duyuram. Bu nailiyyətlər bizi sevindirir. Mən bir Azərbaycan vətəndaşı olaraq ölkəmizi, Prezident İlham Əliyevi dəstəkləyən bütün ölkələrə öz minnətdarlığımı bildirirəm. Üzümü xalqımıza tutub deyirəm. Gəlin Prezidentimizin ətrafında sıx birləşək, bir olaq, yumruq olaq. O zaman biz daha güclü olacağıq və bu amansız virusa qalib gələcəyik.
Salakətin kənd tam orta məktəbinin müəllimi, əməkdar müəllim Gültəkin Ağayeva