Şriftin ölçüsü :

Saytın rəngi :

01 iyul 2020-ci il tarixdə rayonun idarə və təşkilatlarının iştirakı ilə videokonfrans keçirilib

01 iyul 2020 | 16:00

  "Düşünürük ki,  belə bir təşəbbüsün alqışlanması Azərbaycan Prezidentinin dünyadakı liderlik nüfuzundan irəli gəlir" bu sözləri Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov videokonfrans zamanı bildirib.
   01 iyul 2020-ci il tarixdə rayonun idarə və təşkilatlarının iştirakı ilə videokonfrans keçirilib Başçı bildirib ki,  dünyada COVID-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır.
  Pandemiya insanların həyatını təhlükə altına qoyan ciddi sağlamlıq problemləri yaratmaqla bərabər, mənfi fəsadları hələ uzun müddət hiss olunacaq sarsıdıcı qlobal sosial-iqtisadi və humanitar təhlükələr yaradıb. Dünya müharibəsi ilə müqayisə olunan COVID-19 pandemiyası şəraitində özünütəcrid və franqmentar xarakter daşıyan tədbirlər əvəzinə qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac var. Bu məqsədlə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri statusunda Prezident İlham Əliyevin təşəbbüsü ilə bu təsisatın dövlət və hökumət başçıları səviyyəsində aprel ayında fövqəladə Zirvə Görüşü keçirildi. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ilk beynəlxalq təşkilat idi ki, dövlət və hökumət başçıları səviyyəsində COVID-19-a qarşı mübarizə mövzusunda Zirvə Görüşü keçirdi. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsü ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşü təşkil edildi. Bu tədbirdə Qoşulmama Hərəkatı üzv dövlətləri ilə yanaşı, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etdilər. Tərkibində 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatı BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük siyasi təsisatdır.
  Azərbaycan Respublikası COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırıb, 30-dan artıq dövlətə humanitar yardım verib.
Prezident İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə Görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi. BMT Nizamnaməsinə əsasən, BMT Baş Assambleyası ehtiyac duyulduğu təqdirdə Xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır. BMT-nin təsis olunmasından indiyə qədər Baş Assambleyanın xüsusi sessiyaları məhdud sayda keçirilmişdir. Təklif Nyu-Yorkda Qoşulmama Hərəkatına 120 üzv ölkə arasında yekdilliklə razılaşdırılmışdır. Bunun ardınca Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT-nin Baş katibi Antonio Quterreşə müraciət ünvanlamışdır. BMT Baş katibi mayın 28-də BMT Baş Assambleyasının “Prosedur Qaydaları” adlı sənədinin 9 (a) bəndinə uyğun olaraq bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində, yəni 27 iyun tarixinə qədər təşəbbüsə dair münasibət bildirilməsini xahiş etmişdir. Qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi (97 ölkə kifayətdir) təşəbbüsə dəstək verdiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır. Azərbaycan tərəfində olan rəsmi məlumatlara görə, sözügedən müddətin bitməsinə qədər 130-qədər ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırmışlar.
  BMT-nin 130-a qədər üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın növbəti göstəricisidir.Təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir. Onlar arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş kiçik ada ölkələrinə qədər vardır. Dövlətlər tərəfindən bu məsələ ilə əlaqədar BMT Baş katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevinin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında verilmiş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır. Azərbaycanın təşəbbüsünü dəstəkləyən bütün ölkələrə öz təşəkkürümüzü bildiririk. Hesab edirik ki, bununla həmin ölkələr BMT Nizamnaməsinə, çoxtərəfli əməkdaşlığa, multulateralizmə sadiqliklərini bir daha əyani olaraq nümayiş etdirdilər.
Yaxın günlərdə BMT Baş katibi tərəfindən üzv dövlətlərə rəsmi qaydada məlumat verilməsi gözlənilir. Azərbaycan tərəfi ümid edir ki, xüsusi sessiya mümkün qədər tez bir zamanda təşkil olunacaqdır.
  Prezident İlham Əliyevin irəli sürdüyü və Qoşulmama Hərəkatına üzv ölkələrin müdafiə etdiyi təşəbbüs dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul edildiyi üçün xüsusi sessiyasının keçirilməsi artıq təkcə həmin ölkələrin deyil, BMT-yə üzv olan bütün dövlətlərin ümumi məsələsinə çevrilmişdir. Azərbaycan Respublikası BMT Baş Assambleyasının pandemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının təşkil olunması ilə bağlı formatın və modallıqların müəyyənləşdirilməsi, xüsusi sessiyanın sonunda nəticələrin əldə edilməsi üçün bütün üzv ölkələrlə əməkdaşlığa hazırdır. İnanırıq ki, məsləhətləşmələr zamanı bütün üzv ölkələr maksimum çeviklik nümayiş etdirəcəklər.
  Əminik ki, xüsusi sessiya pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətin tam səfərbər edilməsinə şərait yaradacaq və bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcəkdir. COVID-19 pandemiyasının davam etməsi bir daha onu göstərir ki, dünya ölkələrinin dövlət və hökumət başçıları səviyyəsində dünya parlamenti adlandırılan BMT Baş Assambleyasının xüsusi sessiyası çərçivəsində təcili və təxirə salınmadan bir araya gəlməsinə, dünyanı bürüyən COVID-19 bəlasından çıxış yollarını müzakirə etməsinə və həll yollarının tapılmasına böyük ehtiyac və tələbat vardır.
  Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi altında Qoşulmama Hərəkatında sədrliyi dönəmində bundan sonra da multilateralizmə, dünya ölkələrinin ümumi təhdidlər qarşısında birləşməsinə və qlobal həmrəyliyin gücləndirilməsinə yönəlmiş fəaliyyətini davam etdirəcək.

Keçidlər