İlham Əliyev Ermənistan hakimiyyətini ifşa etdi: “Prezidentləri rüşvətxor, generalları oğru, qəhrəmanları faşist, terrorçudur”
İlham Əliyev Ermənistan hakimiyyətini ifşa etdi: “Prezidentləri rüşvətxor, generalları oğru, qəhrəmanları faşist, terrorçudur”
Ermənistanın dövlət olaraq varlığını davam etdirə bilməsi Azərbaycanla normal münasibətlərin qurulmasından, işğal siyasətindən əl çəkməsindən keçir. Əks təqdirdə Ermənistanın indiki çöküşü davam edəcək, ölkə daha böyük sürətlə tənəzzül girdabına yuvarlanacaq. Yerevan qonşu ölkələrin hamısı ilə münasibətlərini normallaşdırmasa, Dağlıq Qarabağdan silahlı qüvvələrini çəkib işğala son qoymasa, hakimiyyətdə kimin təmsilçiliyindən asılı olmayaraq, ölkədə hansısa iqtisadi tərəqqidən danışmaq mümkün deyil.
Bu gün işğalçı Ermənistanda pandemiya fonunda iqtisadi tənəzzül daha da dərinləşib, ölkənin xaricdən iqtisadi asılılığı artıb. Xarici borc çoxalıb və onu qaytarmaq üçün ölkə lazımi resurslara malik deyil. Burada bir məqamı xüsusi qabartmaq lazımdır ki, Ermənistanın belə acınacaqlı vəziyyətə düşməsinin ümdə səbəbi işğalçılıq siyasətidir və bunun nəticəsində Azərbaycanın, Prezident İlham Əliyevin təcavüzkara qarşı gördüyü tədbirlərdir.
Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlməsindən 2 il müddət vaxt keçməsinə baxmayaraq, ölkədə pandemiya fonunda yeni parçalanmalar, gərginliklər müşahidə edilməkdədir. İşğalçı ölkədə Paşinyanın hakimiyyətə gəlişi zamanı verdiyi vədlərin yerinə yetirilməsinin mümkünsüz, əslində, cəmiyyətdə baş nazirə inamın sürətlə əriyib yox olduğunu xüsusi vurğulamaq lazımdır.
Bu günlərdə Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışından sonra jurnalistlərə müsahibəsində Prezident İlham Əliyev deyib ki, 20 il ərzində bir ölkəyə rüşvətxorlar, cinayətkarlar, oğrular rəhbərlik edibsə, bu ölkə cinayətkarlar, oğrular, rüşvətxorlar ölkəsidir. Ermənistanın dırnaqarası müstəqillik tarixinin rüsvayçılıq tarixi olduğunu diqqətə çatdıran dövlətimizin başçısı bildirib ki, bütün Ermənistan rəhbərləri hakimiyyətə qanunsuz yollarla gəliblər. Ölkənin, sadəcə olaraq, tarixinə baxmaq kifayətdir ki, bunun təsdiqini görəsən.
"... Bu, terrorçu ölkədir və 2018-ci ilə qədər quldur, kriminal, rüşvətxor xuntanın hakimiyyəti Ermənistanı bu acınacaqlı vəziyyətə gətirib çıxardı. Belə çıxır ki, Ermənistan prezidentləri rüşvətxor olublar və ikisi də indi cinayət məsuliyyətinə cəlb edilib. Onların generalları oğru olublar, əsgərlərin tuşonkasını bazarlarda satdırıblar. Onların qəhrəmanları faşist, terrorçu və cinayətkar olublar. Bax, budur, bugünkü Ermənistan. İndi baxın görün son iki il ərzində nələr baş verir. Belə olan halda mənzərə tam üzə çıxacaq. Son iki il ərzində Ermənistanda diktatura rejimi formalaşıb. Xunta getdi, diktatura gəldi. Ermənistanda insan haqları kobudcasına pozulur, jurnalistlər həbs olunur... Ermənistanda konstitusiya kobudcasına pozulur və konstitusiyaya qanunsuz dəyişikliklər edilir. Halbuki bu dəyişikliklər ancaq referendumla edilə bilərdi. Siyasi opponentlər təqib edilir, siyasi partiya rəhbərlərinin deputat toxunulmazlığı götürülür, onlar hədələnir, onların qohumlarına qarşı cinayət işləri açılır, hakimiyyət zəbt edilib, hakimiyyət bölgüsü tamamilə mövcud deyil. Baş nazir həm hakimdir, həm prokurordur, həm icra orqanının rəhbəridir, həm də sanki parlamentin sədridir. Qanunvericilik, məhkəmə-hüquq və idarəetmə mexanizmi bir adamın əlində cəmlənib və Ermənistanda diktatura artıq formalaşıbdır”.
Göründüyü kimi, Ermənistanda xalq inqilab edərək yaxşı yaşamaq üçün "xalqın baş nazirini” hakimiyyətə gətirdikdən iki il sonra acı reallıqla üzləşməli olub. Bu gün ölkədəki sosial vəziyyət hakimiyyət dəyişikliyindən əvvəlki vəziyyətdən daha gərgindir. Bir çox insan gündəlik çörək problemini həll etmək faktı ilə üzləşib. Minlərlə vətəndaş işini itirib və onların sayı artmaqda davam edir. Bütün bunlar insanların həyat və yaşayış şəraitini ciddi şəkildə yaxşılaşdırılacağına, maaşların artırılmasına və iş yerlərinin açılmasına, işsizliyin və yoxsulluğun azaldılmasına söz verən həmin "inqilab”dan 2 il sonra baş verir.
Bu gün dünyanın siyasi müstəvisində özünü qabarıq şəkildə göstərən əsas problemlərdən biri də ikili standartlarla bağlıdır. Xüsusən də Qərb dövlətləri və onların təmsil olunduğu bəzi beynəlxalq təşkilatlar tərəfindən dünyada gedən proseslərə ikili standartlar əsasında yanaşılması özünü getdikcə daha çox büruzə verir. Bu, hər dəfə özünü Ermənistanda keçirilən seçkilərdə və insan haqlarının kobud şəkildə pozulduğu proseslərdə də aydın göstərir.
Həmişəki kimi beynəlxalq təşkilatlar bunlara laqeyd yanaşır. Bununla yanaşı, əksər beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü tanıması haqqında qərar və qətnamələri var. Amma bunların heç biri icra olunmur. Çünki bu gün beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirməsinə, status-kvonun qorunub saxlanması cəhdlərinə, danışıqların pozulmasına yönəlik addımlarına kəskin iradını bildirmir. Halbuki Ermənistan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri başda olmaqla nüfuzlu beynəlxalq qurumların qərar və qətnamələrini də icra etməyərək onlardan boyun qaçırır.
Eyni zamanda, Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında əks olunmuş status-kvonun saxlanmasının yolverilməzliyi, hərbi əməliyyatlardan çəkinməsi və münaqişənin sülh yolu ilə həlli təkliflərini də hesaba almır. Məsələnin bu tərəfinə toxunan dövlətimizin başçısı deyib:
"... Ancaq baxın, beynəlxalq təşkilatlar, - indi bunu bir çox adamlar deyir, - buna nə reaksiya verir? Heç bir reaksiya vermir. Haradadır ATƏT-in media üzrə nümayəndəsi? Hansı ki, gecə-gündüz Azərbaycan haqqında iftiralar uydurur və indi dəridən-qabıqdan çıxır ki, öz vəzifəsində qala bilsin. Niyə səsini çıxarmır? Niyə həbsxanada jurnalist öləndə səsini çıxarmayıb? Niyə pozuntular olanda səsini çıxarmayıb? Haradadır Avropa Şurası? Niyə Ermənistan tənqid olunmur? Niyə Ermənistan üzrə, siyasi məhbus üzrə məruzəçi təyin edilmir? Mən bütün bu sualları verirəm və bu suallar cavabsız qalır, bu suallara cavab verilmir. Çünki sərf etmir. Nə cavab verəcəklər? Cavab verəcəklər ki, biz saxtakarıq? Deməyəcəklər. Sadəcə olaraq, susmağa üstünlük verirlər”.
Azərbaycan Prezidenti onu da deyib ki, Avropa qurumlarının saxtakarlığı həm də Ermənistanda keçirilmiş bütün seçkilərdə görülüb. Bu ölkədə bütün seçkilər saxtalaşdırılıb, amma bütün seçkilərə müsbət rəy verilib. Heç uzağa getməyək: "... Guya ki, onlarda baş verən inqilabdan əvvəl Sarkisyan hakimiyyəti qanunsuz zəbt etmək istədi, parlament seçkilərini saxtalaşdırdı, özünə 50 faizdən çox səs yazdırdı. Avropa Şurası Parlament Assambleyası, ATƏT-in müşahidəçi missiyası buna müsbət rəy verdilər. Yaxşı, görmürdünüz ki, bu adam saxtakardır, bu adam səsləri oğurlayıb, Ermənistanda seçicilərin kütləvi qaydada satın alınması prosesi gedir?! Beynəlxalq müşahidəçilər Sarkisyan hakimiyyətinə, onun saxtalaşdırılmış seçkilərinə müsbət rəy verir, ondan sonra xalq ayağa qalxır. Çünki erməni xalqı Sarkisyana və onun xuntasına nifrət edirdi, bunu gizlətmirdi və nifrətəlayiq bir ünsürdür. O vaxt xalq ayağa qalxanda onun hansı aciz vəziyyətdə olmasını bütün dünya görüb, qorxa-qorxa çəkildi kənara, dedi ki, mən səhv etmişəm, məni bağışlayın, qaçdı getdi. Qorxaq. Bunun başqa adı yoxdur... Yəni, bu Sarkisyan xunta rejimi devriləndən sonra parlament seçkiləri elan olunur və onun faşist simvolikası ilə eyni simvolikası olan Respublikaçılar Partiyası heç 1 faiz də səs toplamır. Necə ola bilər, bir neçə ay bundan əvvəl o, 50 faiz, indi isə
1-2 faiz səs toplayır? Təbii ki, saxtakarlıq. Amma mənim sözüm onda deyil. O aydın məsələdir ki, Ermənistan saxta dövlətdir və əlbəttə ki, saxtakarlıq orada əsas amildir. Mənim sözüm bax, buna göz yuman, demokratiyadan dəm vuran, Azərbaycanı qaralamaq istəyən Avropanın saxtakar müşahidəçilərinədir”.