Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Prezidentindən sərt xəbərdarlıq

08 iyul 2020 | 16:00

       Azərbaycan Prezidentindən sərt xəbərdarlıq
     Həyata keçirdiyi işğalçılıq siyasətini hər vəchlə davam etdirməyə çalışması bu gün Ermənistanı humanitar, sosial-iqtisadi və digər mühüm sferalarda daha böyük problemlər məngənəsinə yuvarlamaqdadır. Təcavüzkar ölkənin özündə də açıq etiraf edilir ki, Azərbaycanla müharibə vəziyyəti Ermənistanda bütün vacib sahələrdə yaşanan tənəzzülün kökündə dayanan ən ümdə səbəblərdən biridir.
      Bütün mühüm parametrlər, o cümlədən hərbi müstəvidə Ermənistan üzərində böyük üstünlüyə malik Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həllində maraqlı olduğunu bəyan edir. Bu hal eyni zamanda Azərbaycanın bu vaxta kimi işğalçı ölkəyə etdiyi ən böyük güzəşt sayılır. Amma ölkəmiz belə vəziyyətdən istifadə edib Ermənistanın işğal siyasətini uzatmasını da qətiyyən qəbul etmək niyyətində olmadığını dəfələrlə ən yüksək səviyyədə beynəlxalq ictimaiyyətin, o cümlədən münaqişənin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin diqqətinə çatdırıb. Azərbaycan tərəfinin tələb olunacağı təqdirdə güc yolu ilə ərazilərini işğaldan azad etmək iqtidarında olmasını isə dünya ictimaiyyəti, o cümlədən işğalçı Ermənistan yaxşı bilir.
Dağlıq Qarabağda qeyri-qanuni "seçkilərin” keçirilməsi Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır və bu səbəbdən də hər hansı bir hüquqi qüvvəsi ola bilməz. Bu qondarma "seçkilər” həmçinin işğal edilmiş ərazilərdə Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünə qarşı güc tətbiqi və güc təhdidi, dəhşətli etnik təmizləmə və beynəlxalq hüququn digər norma və prinsiplərinin kobud şəkildə pozulması ilə yaradılmış şərait altında keçirilir. Prezident İlham Əliyev deyib ki, ATƏT-in Minsk qrupundan konkret bəyanatlar gözləyirik və onu eşitmək istəyirik: "Ermənistanın baş naziri deyir "Qarabağ Ermənistandır”. Buna mən cavab verirəm və lazımi cavab verirəm. Amma Minsk qrupu niyə buna cavab vermir? Niyə cavab vermir ki, bu ifadə, əslində, Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir. Minsk qrupunun həmsədrləri buna adekvat reaksiya veriblər? Verməyiblər! Ermənistan tərəfi iki ildir danışıqların formatını dəyişmək istəyir və bəyan edir ki, Azərbaycan qondarma Dağlıq Qarabağın qondarma, saxta, dırnaqarası liderləri ilə danışıqlar aparmalıdır. Buna adekvat cavab verilir? Verilmir! Bəli, bəzi mücərrəd sözlərlə, nala-mıxa vurmaqla cavab verilir. Axı, o dövr keçibdir. Biz aydınlıq tələb edirik. Bu addımlar kim tərəfindən atılır? Ermənistan tərəfindən. Biz danışıqlar formatına da sadiqik, danışıqların mahiyyətini də əsas götürürük. Əlbəttə ki, o mahiyyətdə bizi heç də hər şey qane etmir. Ancaq biz demişik, bizi nə qane etmir və nə qane edir. Ermənistan nə edir? "Qarabağ Ermənistandır” deməklə tamamilə danışıqların mahiyyətini yerə vurur. "Formatı dəyişmək lazımdır” fikri danışıqları əhəmiyyətsiz edir. Yəni, buna adekvat reaksiya verilməlidir, yoxsa yox?!”
      Prezident İlham Əliyev onu da vuğrulayıb ki, qondarma Dağlıq Qarabağ respublikasının saxta seçkiləri nəticəsində saxta prezident Şuşada andiçmə mərasimi keçirir. Buna adekvat cavab verilir, yoxsa yox?! Axı bu, açıq-aydın təxribatdır. Dövlət başçısı onu da əlavə edib ki, indiyədək heç kim tərəfindən tanınmayan bu kriminal Dağlıq Qarabağ rejiminin bir neçə dırnaqarası seçkisi olub, Şuşada toy-bayram keçirilib. Nə üçün buna adekvat reaksiya verilmir? Nə üçün deyilmir ki, bu, təxribatdır və bu təxribata görə Ermənistan cavabdehlik daşıyacaq: "Bunu mən deyirəm. Amma onlar deməlidirlər, əgər istəyirlər ki, bu məsələ sülh yolu ilə həll olunsun. Nədir bunların bəyanatında əsas tezis - hərb variantı mümkün deyil. Kim deyir? Gedin açın BMT-nin Nizamnaməsini, baxın görün özünümüdafiə hüququ var ölkələrdə, yoxsa yox? Yoxsa siz özünüzü nə hesab edirsiniz?! Siz BMT-dən də üstünsünüz?! BMT-nin Nizamnaməsindən də üstünsünüz?! Belədirsə, gedin deyin, biz Minsk qrupunun həmsədrləri hesab edirik ki, BMT-nin Nizamnaməsində əks olunan bu tezis yanlışdır. Axı gərək hər şeyin həddi olsun. Ona görə biz onlardan daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyirik. Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparır”.
       Azərbaycanın beynəlxalq təşkilatların və Ermənistanın qarşısında qoyduğu tələb kifayət qədər aydındır. Əgər dünya həmişə böyük geosiyasi əhəmiyyətə malik region kimi qəbul etdiyi Cənubi Qafqazda yenidən müharibə alovlarını görmək istəmirsə, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün işğalçı Ermənistanı beynəlxalq hüququn tələblərini yerinə yetirməyə vadar etməlidir. Ədalətin öz yerini tutması üçün qaçqın və məcburi köçkünlərin doğma torpaq həstərinə son qoyulmalıdır. Beynəlxalq hüququn işlək vəziyyətdə olduğunu göstərmək üçün BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlum 4 qətnaməsinin icrası təmin edilməlidir. Sözügedən qətnamələrdə BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ regionunu Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi bir daha təsbit edir və işğal edilmiş bütün ərazilərindən işğalçı qoşunların tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir.
      Lakin bütün bu yazılanlar kağız üzərində qalmaqda davam edir. Buna göz yumanlar qondarma rejimdə keçirilən uydurma "seçkilər”in beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə yaradılmış şərait altında keçirildiyini də çox yaxşı bilirlər.

Keçidlər