Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident: Azərbaycan dünya miqyasında çox önəmli rol oynayan ölkə kimi özünü bir daha təsdiqləyib

09 iyul 2020 | 16:00

Prezident: Azərbaycan dünya miqyasında çox önəmli rol oynayan ölkə kimi özünü bir daha təsdiqləyib
Biz bu günə qədər 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərmişik. Onu deyə bilərəm ki, biz bu haqda heç məlumat da vermirdik. Çünki biz bunu piar üçün yox, sadəcə olaraq, ölkələrə həmrəylik borcu kimi edirdik. Ancaq bir neçə dövlət başçısı mənə təşəkkür məktubu ünvanladıqdan sonra bu, artıq bilindi və biz də əlbəttə ki, bunu gizlətmirik. Əksinə, hesab edirəm ki, bu, bizim böyük üstünlüyümüzdür. Çünki hətta çətin bir dövrdə biz 30-dan çox ölkəyə yardım göstərmişik və düz etmişik.
Bu fikirləri Prezident İlham Əliyev Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və "Xəzər” Televiziyasına müsahibəsində deyib.
"Əlbəttə, məhz çətin günlərdə ölkələr bir-birinə dəstək verməlidirlər. Yaxşı günlərdə hər kəs yaxşı sözlər deyə bilər, yaxşı bəyanatlar verə bilər. Ancaq biz bu həmrəyliyi sözdə yox, əməldə göstərməliyik və bunu göstərmişik. Hesab edirəm ki, buna görə ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənib. Onsuz da Azərbaycan dünyada çox yüksək imicə malik bir ölkədir. Son hadisələr bunu bir daha təsdiqlədi. Bu humanitar və maliyyə yardımı bir daha onu göstərir ki, ilk növbədə, Azərbaycan ayaqda möhkəm duran ölkədir və çətin dövrdə özünə qapanmır. Əksinə, bu dövr ərzində bizim təşəbbüslərimiz, o cümlədən beynəlxalq müstəvidə təşəbbüslərimiz beynəlxalq əməkdaşlığı təşviq edən təşəbbüslərdir. Burada Azərbaycan dünya miqyasında çox önəmli rol oynayan ölkə kimi özünü bir daha təsdiqləyib”, - deyə dövlətimizin başçısı qeyd edib.

Keçidlər