Şriftin ölçüsü :

Saytın rəngi :

21 sentyabr 2013-cü il tarixdə Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç xocavəndli məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Beyləqan rayonu ərazisində salınmış Xocavənd qəsəbəsində olmuşdur.

22 sentyabr 2013 | 15:00

       21 sentyabr 2013-cü il tarixdə Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç xocavəndli məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Beyləqan rayonu ərazisində salınmış Xocavənd qəsəbəsində olmuşdur. Səfir əvvəlcə qəsəbədə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuş, sonra Xocavənd Rayon İcra Hakimiyyətində rayon rəhbərliyi ilə görüş keçirilmişdir.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun fəsadları barədə qonağa geniş məlumat vermiş, qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən söz açmışdır. Bildirmişdir ki, Xocavənd rayonu 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Qarabağ müharibəsində Xocavənd rayonundan 145 nəfər şəhid olmuş, 300 nəfərdən çox sakin sağlamlığını itirmişdir.   Son illər Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün qəsəbələr salınmış, onların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli işlər görülmüşdür. Lakin xocavəndlilərin ən böyük arzusu öz torpaqlarına qayıtmaqdır. Eyvaz Hüseynov təəssüflə bildirmişdir ki, Ermənistan beynəlxalq hüququn prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrinə əməl etmir. Səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edən səfir Zoran Vayoviç Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xeyli məlumatlı olduğunu demiş, bir diplomat kimi Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini bildirmişdir. Səfir demişdir ki, bugünkü səfərinin məqsədi Xocavənd rayonunun işğalının 21-ci ildönümü ərəfəsində xocavəndli məcburi köçkünlərlə görüşərək, onların həyat şəraiti ilə tanış olmaq, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daha geniş məlumat əldə etməkdir. “Serbiya və Azərbaycan oxşar talelər yaşamış, hər iki dövlət separatçılıqla üzləşmişdir. Serbiya Azərbaycanın ərazi bütövlüyü tanıyır. Yaxın vaxtlarda Xocalı soyqırımı ilə bağlı qətnamə layihəsi Serbiya parlamentində müzakirəyə çıxarılacaqdır”, - deyə səfir bildirmişdir. Görüşdə səfirin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, məcburi köçkünlərin həyat şəraiti ilə bağlı sualları cavablandırılmışdır.
       Qonaq milliyyətcə erməni olan Jenya Zeynalova (Yesayan) ilə də görüşüb söhbət etmişdir. 75 yaşlı erməni qadın 1959-cu ildə azərbaycanlı Cavanşir Zeynalovla ailə qurduğunu, 4 övladı, 12 nəvəsi, 7 nəticəsi olduğunu, burada hamının ona hörmətlə yanaşdığını, övladlarına ev verildiyini bildirmişdir.
       Səfir sonra bir neçə şəhid ailəsinin mənzilinə baş çəkərək onların yaşayışı ilə maraqlanmış, Salakətin kənd orta məktəbində, rayon mərkəzi xəstəxanasında olmuş və rayon ictimaiyyəti nümayəndələri ilə görüş keçirmişdir.

Keçidlər