Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşlarımız nizam-intizama ciddi riayət etsələr, pandemiyanı nəzarətdə saxlamağa və ona qalib gəlməyə müvəffəq olacağıq

09 iyul 2020 | 16:00

          Vətəndaşlarımız nizam-intizama ciddi riayət etsələr, pandemiyanı nəzarətdə saxlamağa və ona qalib gəlməyə müvəffəq olacağıq
      Bu gün Respublikamız ciddi fəsadların müşahidə edildiyi ölkələr sırasında deyil. İstər yoluxma, istərsə də vəfat edənlərin sayına görə Azərbaycanda qeydə alınan hallar digər ölkələrlə müqayisədə təhlükəli hesab olunmur. Təsadüfi deyil ki, ölkəmizin koronavirusla mübarizə sahəsindəki təcrübəsi dünyada yüksək qiymətləndirilib. Bu mənada, Ümumdünya Səhiyyə Təşklatının (ÜST) və digər beynəlxalq təşkilatların Azərbaycan hökumətinin həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə pandemiya ilə mübarizəyə böyük töhfələr verdiyini qeyd etmələri və bununla əlaqədar olaraq şəxsən Prezident İlham Əliyevə öz təşəkkürlərini bildirmələri həqiqətən də mühüm hadisədir. Bir sözlə, Azərbaycan hökuməti pandemiya ilə mübarizə üçün kifayət qədər geniş tədbirlər planı həyata keçirib. Həkimlərimiz və polislərimiz insanların həyatını xilas etmək, karantin rejiminə əməl olunmasını təmin etmək üçün maksimum səy göstərməkdədirlər.
Hazırkı dövrdə koronavirusla mübarizədə müsbət nəticənin əldə olunması təkcə hökumətin, Operativ Qərargahın fəaliyyətindən asılı deyil. Dövlət qurumları bununla bağlı nə qədər birbaşa məsuliyyət daşısalar da, bu qorxunc virusla mübarizə həm də hər bir vətəndaşın bilavasitə vəzifəsidir. Bu barədə ekspertlər, tibb işçiləri kifayət qədər fikirlərini bildiriblər. Cənab Prezident də çıxışlarında daim karantin rejiminin tələblərinə əməl olunmasının vacibliyini önə çəkib. Çünki xəstəliyin yayılmasının qarşısının alınmasının birinci yolu karantin və izolyasiya rejiminin tələblərinə riayət etməkdir. Hər bir vətəndaş ilk növbədə özünü qorusa, yoluxma da olmaz və beləliklə, koronavirus təhlükəsi bir o qədər tez aradan qaldırılar.
     Lakin təəssüflə qeyd etməliyik ki, hələ də karantin rejimi qaydalarının pozulması ilə bağlı xoşagəlməz hadisələr baş verməkdədir. Xəstəliyin ciddiliyinə inanmayanlara, qəbul olunmuş qərarlara etinasız yanaşanlara rast gəlinir. Qoruyucu maskalardan istifadə edilməməsinə, koronavirusa yoluxmuş qohumların və qonşuların ziyarətinə, dəfn mərasimlərinin, müxtəlif məclislərin, kütləvi istirahət tədbirlərinin təşkilinə dair faktların şahidi oluruq. Müsahibəsində bu məsələyə münasibət bildirən Prezident İlham Əliyev deyib: "İlk gündən bugünə qədər burada dövlət tərəfindən bütün lazımi addımlar atılıbdır. Xəstəliyin yayılmasının başlıca səbəbi bəzi insanların məsuliyyətsizliyidir. Onlar sadə qaydaları gözləmirlər, bunlara əməl etmirlər. Ona görə biz məcbur olub cərimələri artırdıq.                 Bəzi hallarda karantin rejimini pozanlara qarşı sərt addımlar atmağa məcbur oluruq. Ancaq onlar da öz məsuliyyətini dərk etməlidirlər. Bütün qaydalar insanların, o cümlədən karantin rejimini pozanların sağlamlığının qorunmasına hesablanıb. Amma biz görürük ki, insanlar bu rejimi nümayişkaranə pozurlar. Dünən məşhur bir hoteldə baş verən o biabırçı hadisə dözülməzdir. Ona görə, əlbəttə, Azərbaycan polisi düz edərək müdaxilə edib”.
      Bəli, əgər tələblərə düzgün riayət olunsaydı, sərt karantin rejiminin uzadılmasına da gərək qalmazdı. Əslində bütün ölkələr karantin rejiminin ilk yumşalma mərhələsindən sonra yenidən yoluxma saylarının artımı ilə üzləşiblər. Ciddi səylərə baxmayaraq, pandemiyanın qarşısını almaq və ya onu əsaslı şəkildə lokallaşdırmaq mümkün olmayıb. Ona görə karantin rejimi dünyanın hər yerində ya uzadılır, ya da yumşalmadan sonra yenidən tətbiq olunur. Azərbaycanla qonşu dövlətlərdə də vəziyyət belədir. Sərhədlərin açılmasından isə söhbət belə gedə bilməz.
Xoşagəlməz halların baş verməsinə baxmayaraq, bütövlükdə Azərbaycan cəmiyyəti koronavirusun yayılmasının qarşısını almaq üçün həyata keçirilən məhdudiyyət tədbirlərini anlayışla qarşılayır. Düzdür, məhdudiyyətlər iqtisadi fəallığı azaldır. Təbii ki, dövlətlər və insanlar bundan ciddi ziyan çəkir. Çünki gəlirlər azalır. Elə buna görə də Azərbaycan dövləti işsiz vətəndaşlara sosial müavinətlər verir, eyni zamanda sahibkarlıq subyektlərinə yardımlar edilir. Bununla belə bu gün əhalinin sağlamlığı və onun təhlükəsizliyinin təmin edilməsi bütün vəzifələrin fövqündə dayanır. Azərbaycan dövləti üçün heç bir səbəb əhalinin sağlamlığından öndə ola bilməz. "Seçim qarşısında olanda bizim seçimimiz birmənalı, tərəddüdsüz idi, insanların sağlamlığı ön plandadır, iqtisadiyyat ikinci plandadır” - deyə Prezident İlham Əliyev müsahibəsində bildirib.
       Hər birimizin ətrafında koronavirusa yoluxmuş şəxslər, ailələr var. Biz onların necə böyük problemlə üzləşdiklərini görürük. Bu vəziyyət hamının məsuliyyətli davranış nümayiş etdirməsi, birliyini, həmrəyliyini daha da gücləndirmək üçün siqnal olmalıdır.
Azərbaycan cəmiyyəti koronavirusun yayılmasının qarşısını almaq üçün həyata keçirilən məhdudiyyət tədbirlərini anlayışla qarşılayır. Əlbəttə, ölkəmizdə aparılan kompleks tədbirlər öz səmərəli nəticəsini verəcək və pandemiya ilə mübarizədə müsbətə doğru nəticələr əldə ediləcək

Keçidlər