Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev: "Neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq. Çünki biz son illər ərzində o qədər böyük iqtisadi-maliyyə potensialı yaratmışıq ki, istənilən böhranla bacara biləcəyik"

10 iyul 2020 | 16:00

   

Prezident İlham Əliyev: "Neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq. Çünki biz son illər ərzində o qədər böyük iqtisadi-maliyyə potensialı yaratmışıq ki, istənilən böhranla bacara biləcəyik"
   Dövlət başçısı İlham Əliyev Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibəsində ölkədəki iqtisadi vəziyyətdən də söz açıb. Bildirib ki, “İqtisadiyyatımız ciddi əsaslar üzərində qurulub, pandemiya dövrünün çətinliklərinə baxmayaraq Azərbaycan iqtisadiyyatı 5 ayın yekunlarına görə cəmi 1,7 faiz tənəzzülə uğradı. Amma buna baxmayaraq, heç bir sosial layihə təxirə salınmadı, ixtisar edilmədi. Əksinə, bu il büdcə xətti ilə reallaşan sosial layihələr keçən ilə nisbətdə daha təsirlidir. Bu dövrdə ön planda olanı insanların sağlamlığıdır və insanlarımızın sağlamlığı ilə müqayisədə iqtisadiyyat ikinci plandadır. Bu il məcburi köçkünlər üçün rekord sayda bina tikiləcək və 7 mindən çox köçkün ailəsi yeni mənzillə təmin olunacaq. Şəhid ailələri üçün 1500 mənzil istifadəyə veriləcək. Qüsursuz xidmət edən zabitlərə 400 mənzilin verilməsi nəzərdə tutulur. 85 min ailə, yəni, 300 mindən çox insan ünvanlı sosial yardım alacaq. Neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq. Çünki biz son illər ərzində o qədər böyük iqtisadi-maliyyə potensialı yaratmışıq ki, istənilən böhranla bacara biləcəyik. Bu günə qədər 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərmişik. Biz bu haqda heç məlumat da vermirdik. Çünki biz bunu piar üçün yox, sadəcə olaraq, ölkələrə həmrəylik borcu kimi edirdik. Bizim fəlsəfəmiz belədir. Mən əminəm ki, əgər kimsə yardım üçün müraciət edirsə, imkan daxilində o xahişlər təmin olunmalıdır. Çünki biz ancaq əməkdaşlıq, xeyirxahlıq, yardım və dəstək hesabına daha çox dost qazana bilərik”.
Cənab Prezident kölgə iqtisadiyyatına da toxunaraq bildirib ki, hazırda kölgə iqtisadiyyatına qarşı çox ciddi mübarizə aparılır və bu mübarizə özünü göstərir. Həm biznes cəmiyyəti bunu görür və qiymətləndirir, eyni zamanda, biznes qurumlarında fəaliyyət göstərən vətəndaşlar. Bu il yüz mindən çox əmək müqaviləsi imzalandı. Əslində bu, qeyri-formal məşğulluğun ağardılması deməkdir. Çünki bu günədək yüz minə qədər insan kölgə iqtisadiyyatında fəaliyyət göstərirdi, öz əməkhaqqı barədə məlumat vermirdi. Beləliklə, özünü gələcək pensiya təminatından, gələcək tibbi sığortadan məhrum edirdi. Odur ki, həm maarifləndirmə işləri, həm də çox ciddi inzibati addımlar və dövlət qurumları ilə biznes qurumları arasındakı təmaslar, onlar üçün güzəştli vaxtın uzadılması ona gətirib çıxardı ki, yüz mindən çox əmək müqaviləsi imzalandı və bu, son hədəf deyil. Bizdə qeyri-formal sahədə bəlkə də hələ yüz minlərlə insan işləyir və əminəm ki, onlar da tədricən kölgə iqtisadiyyatından ağ iqtisadiyyata keçəcəklər. Bu islahatlar, eyni zamanda, büdcə gəlirlərində də özünü göstərdi. Baxın, ticarət və ictimai iaşə obyektlərinin böyük əksəriyyəti bu müddət ərzində bağlı idi. Turizm sıfır səviyyəsindədir. Halbuki biz hesab edirdik ki, bu il ölkəyə təqribən 3,5 milyon turist gələcək. Çünki keçən il 3 milyon rekord hədd idi. Bu il üçün belə planlaşdırırdıq. Bu da ölkə iqtisadiyyatına minimum 2 milyard dollar valyutanın gəlməsi demək idi. Biz bundan da məhrum olduq. Ancaq altı ay ərzində vergi və gömrük orqanları büdcəyə proqnozdan əlavə 423 milyon manat cəlb edə biliblər. Bunun 98 milyon manatını gömrük, qalan böyük hissəsini vergi orqanları təmin edib. Nəyin hesabına? Məhz şəffaflığın, dürüstlüyün hesabına, kölgə iqtisadiyyatının daralmasının hesabına. Yəni, biz bu islahatları ən böhranlı məqamda da aparırıq və gözəl nəticələr əldə edirik. Əlbəttə ki, mən demişəm, bu vəsaitin hamısı ancaq sosial layihələrə, o cümlədən COVID-ə qarşı mübarizəyə xərclənəcəkdir.

Keçidlər