Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkədaxili problemlərdən və xarici siyasətdə iflasdan diqqəti yayındırmaq məqsədilə Ermənistan belə bir avantüraya getmişdir

14 iyul 2020 | 16:00

      Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Bu, Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq və işğalçılıq siyasətini davam etdirmək və genişləndirmək niyyətində olduğunu bir daha nümayiş etdirir. Növbəti erməni təxribatı sülh danışıqlarını tam iflasa yaxınlaşdırmaqla Azərbaycanın qarşısında torpaqlarını işğaldan azad etmək üçün güc istifadə etməkdən başqa alternativ qoymur.
     Ermənistanda hakimiyyətlər dəyişsə də, bu forpost dövlətin işğalçı mahiyyəti dəyişmir: İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərmələri də bunu bir daha təsdiqləyir. Ermənistan tərəfinin bu dəfəki təxribatının arxasında həm də Azərbaycanın diplomatik müstəvidə əldə etdiyi uğurlar və işğalçı ölkədəki daxili gərginlik amili də dayanır. Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsi, ölkəmizin diplomatik uğurları, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sədrlik etdiyi Qoşulma Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi erməni lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir. Digər tərəfdən Prezident İlham Əliyevin Soçidə "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Münhen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini və faşist simasını ifşa etməsi, dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi xarici ermənipərəst dairələri və Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoyub. Bütün bunların fonunda Paşınyan hakimiyyəti eyni zamanda daxili problemlərin girdabında boğulur. Hazırda Ermənistanda vəziyyət olduqca mürəkkəbdir, hakimiyyətə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesi gedir. Bu gün Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanılır. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb. Beləliklə, Ermənistan hərbi bölmələrinin Azərbaycan-Ermənistan sərhədində növbəti təxribatı Ermənistan hakimiyyətinin həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür. Yəni, Azərbaycanla sərhəddə təxribat Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa hesablanıb. Paşinyan hesab edir ki, xarici təhlükə qarşısında cəmiyyəti toparlamaq, müxalifəti tərk-silah etmək və hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq. Yəni, Paşinyanın belə təxribatlarla problemi aradan qaldırmaq cəhdlərinin hər hansı nəticə verəcəyini düşünmək üçün heç bir əsas yoxdur. Bütün dünyaya, o cümlədən də işğalçı Ermənistana yaxşı məlumdur ki, bu gün Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır, buna qadirdir. Son hadisə zamanı da düşmən bir daha ordumuzun gücünü gördü. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib.  Azərbaycan Ordusunun əks-tədbirləri adekvat xarakter daşıyıb, Ermənistanın təxribatna qətiyyətli cavab verilib. Yayılmış videolardan da göründüyü kimi, Azərbaycan Ordusu Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirib, nəticədə düşmənin texnikası və canlı qüvvəsi məhv edilib. Ermənistanı hakimiyyətinin guya Azərbaycan hərbi bölmələrinin mövqeyini ələ keçirməsi, yeni yüksəkliklər əldə etməsi barədə iddialar yalan və dezinformasiyadan başqa bir şey deyil. Hətta bu ölkənin ictimaiyyəti, fəal sosial şəbəkə istifadəçiləri belə bu kimi iddiaları ironiya ilə qarşılayırlar. Əslində bütün bunlar Azərbaycan ordusunun cavab zərbələrindən sonra daha da çıxılmaz duruma düşən Paşınyan hakimiyyətinin isterikasından xəbər verir".
         YAP Xocavənd Rayon Təşkilatı Qadınlar Şurasının sədri Əfsanə Quliyeva

Keçidlər