Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev öz önəmli təşəbbüsü ilə BMT tarixində bir ilkə imza atmışdır

14 iyul 2020 | 16:00

        Aylardır qlobal pandemiya ilə mübarizədə aciz durumda qalan dünya dövlətləri böhran şəraitindən qurtula bilmir. Koronavirusun cəmiyyətlər üzərindəki dağıdıcı təsiri və iqtisadiyyatın, ticarətin ciddi şəkildə tənəzzülü aydın şəkildə görünməkdədir. Bütün bunlar mövcud problemi getdikcə daha da dərinləşdirir. Mütəxəssislər hesab edirlər ki, qlobal problemdən qurtulmaq bir sıra şərtləri diktə edir və onlardan biri də virusla mübarizədə beynəlxalq həmrəylikdir.
       Qlobal pandemiyanın uzaq Çindən yayılaraq dünyanı çənginə almağa başladığı dövrdə ölkə daxilində qabaqlayıcı tədbirlər görən, mühüm qərarlar qəbul edən Azərbaycan Prezidenti koronavirusun qarşısının alınmasında yalnız yerli nümunələr yaratmaqla kifayətlənmədi. Həm Qoşulmama Hərəkatı, həm də Türk Şurasına rəhbərlik edən Azərbaycan Prezidenti cənab İlham Əliyev epidemiyaya qarşı qlobal həmrəyliyin, beynəlxalq əməkdaşlığın artırılması ilə bağlı dünya dövlətlərinə çağırışlar etdi. Prezident videokonfrans formatlı bütün görüşlərində bu xoşməramlı, humanist təşəbbüsü bir daha irəli sürdü və bu mühüm sessiyanın keçirilməsi ilə əlaqədar texniki-logistik məsələlərin həllində Azərbaycanın öz töhfəsini verməyə hazır olduğunu bildirdi.
        Bir sözlə, virusun qlobal problemə çevrilməsini nəzərə alaraq, onunla mübarizədə beynəlxalq əməkdaşlığı zəruri hesab edən cənab İlham Əliyev bununla dünya birliyinə mühüm mesaj ünvanladı. Hətta Prezidentin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün, mayın 4-də Qoşulmama Hərəkatının Zirvə görüşünün keçirilməsində də əsas məqsəd koronavirusun yayılmasına qarşı mübarizədə beynəlxalq əməkdaşlığın həyata keçirilməsindən ibarət olmuşdur.
       Artıq dünyanın əksər dövlətləri və beynəlxalq təşkilatlar Azərbaycan Prezidentinin irəli sürdüyü təşəbbüsləri təqdir edir. Çünki dünya görür ki, indiki halda səylərin birləşdirilməsi, birgə addımların atılması, təcrübə mübadiləsinin aparılması fonunda həmrəylik sərgilənməsi bəşəri bəlanın neytrallaşdırılmasında önəmlidir. Bu mənada cənab İlham Əliyevin söylədiyi kimi, koronavirus pandemiyası bəşəri təhlükə olduğu üçün qlobal cavab tələb edir.
       Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının (QH) sədri cənab İlham Əliyevin təşəbbüsü ilə QH-na üzv ölkələr adından pandemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təklif edilmişdir. Bu təşəbbüs həm QH ölkələri, həm də digər BMT üzv dövlətləri tərəfindən dəstəklənmişdir. 130-dan çox ölkə öz rəsmi dəstəyini ifadə etmişdir.
     Bunlar arasında BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvlərindən tutmuş kiçik ada ölkələrinə qədər dövlətlər yer almışdır. TŞ-nin daimi üzvü Rusiya Federasiyası da həmin ölkələr sırasındadır. Rusiyanın BMT yanında Daimi Nümayəndəsi Vasili Nebenza və Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova öz müsahibələrində bu barədə məlumat vermişlər. 130 dövlətin cənab İlham Əliyevin təşəbbüsünə dəstək nümayiş etdirməsi Azərbaycan Prezidentinə olan inamın, etibarın və etimadın göstəricisi kimi dəyərləndirilməlidir. Həmçinin beynəlxalq təşkilatların rəhbərləri tərəfindən pandemiya ilə mübarizəyə ciddi əməli töhfələr verdiyinə görə Azərbaycan Prezidentinin fəaliyyətinin təqdir olunması, ünvanına çoxsaylı təşəkkürlər bildirilməsi ölkəmizin və onun liderinin beynəlxalq arenada yüksək nüfuzunun növbəti əyani göstəricisidir.
       Qeyd edək ki, BMT Nizamnaməsinə əsasən, Baş Assambleya ehtiyac duyulduğu təqdirdə xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır. BMT-nin təsis olunmasından indiyə qədər Baş Assambleyanın xüsusi sessiyaları məhdud sayda keçirilib.BMT tarixində 31 Xüsusi Sessiya keçirilmişdir. Bunlardan yalnız üçü dövlətlər tərəfindən çağrılmışdır.  Təklif Nyu-Yorkda Qoşulmama Hərəkatına 120 üzv ölkə arasında yekdilliklə razılaşdırılıb. Bundan sonra Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə Baş katib Antonio Quterreşə müraciət ünvanlayıb. Azərbaycanın təklifi ilə Xüsusi Sessiya ilk dəfə olaraq dövlət və hökumət başçıları səviyyəsində və videokonfrans formatında olacaq. Beləliklə, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev öz önəmli təşəbbüsü ilə BMT tarixində bir ilkə imza atmışdır.
       Ümid edirik ki, Xüsusi Sessiya mümkün qədər tez bir zamanda təşkil olunacaqdır. Prezident İlham Əliyevin irəli sürdüyü və QH ölkələrin müdafiə etdiyi təşəbbüs dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul ediliyi üçün artıq Xüsusi Sessiyanın keçirilməsi artıq təkcə QH ölkələrinin deyil, BMT-yə üzv olan bütün ölkələrin ümumi məsələsinə çevrilmişdir.
          Zülfüqarova Aidə
          Xocavənd rayon Nərimanlı kənd tam orta məktəbinin direktoru

Keçidlər