"Ailə dəyərlərinin təbliği" mövzusunda tədbir təşkil olunmuşdur.
7 noyabr 2024-cü il tarixində Xocavənd rayon Tuğ kənd məktəbində "Ailə dəyərlərinin təbliği" mövzusunda tədbir təşkil olunmuşdur. Xocavənd Rayon İcra Hakimiyyətinin əməkdaşı Orxan Həsənov tədbirdə çıxış edərək bildirmişdir ki, tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynamışdır. Önəmlidir ki, bir sıra toplumlardan fərqli olaraq, Azərbaycan cəmiyyətində ailə institutu özünün sosial təyinatını və milli-mənəvi missiyasını daha tam və dolğun şəkildə qoruyub saxlamaqdadır.
Xocavənd Rayon İcra Hakimiyyətinin əməkdaşı Rüstəm Asim çıxışında bildirmişdir ki, ailələrin sağlam, xoşbəxt yaşaması üçün onun üzvləri arasında səmimi, mədəni münasibət olmalı, valideyn-övlad münasibətləri düzgün qurulmalıdır. Azərbaycan ailəsi hər şeydən əvvəl, milli adət-ənənələrimizi özündə yaşatmalıdır. Övladlarımız dünyaya gəldikləri gündən milli-mənəvi dəyərlərimizlə tərbiyə olunmalıdırlar.
Xocavənd rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Aslan Quliyev çıxışında bildirmişdir ki, Böyüyə hörmət, milli dəyərlərə bağlılıq bu tərbiyənin əsasını təşkil edir. Mədəniyyət, qarşılıqlı hörmət və bu hörmətdən doğan davranış qaydaları ailə mənəviyyatının özülüdür. Ailəsini qoruyan torpağını qoruyacaq, ailəsinin sabitliyini istəyən Vətənin əmin-amanlığını istəyəcəkdir. Ailədən aşılanan müsbət mənəvi-psixoloji iqlim ictimai mühitə də nüfuz edir. Bir məqamı nəzərdən qaçırmamalıyıq ki, ailə cəmiyyətlə, mövcud olduğu dövrlə daim sıx əlaqədə olan bir institutdur. Qloballaşma, informasiya texnologiyalarının sürətli inkişafı, internetin həyatın hər sahəsinə nüfuz etməsi bir sıra müsbət tendensiyalarla yanaşı, bəzən neqativ rol da oynayır. Yad, millətimizə xas olmayan ideyaların, davranış tərzlərinin təbliği böyüməkdə olan nəslə bəzən yanlış yol göstərir. Ailə münasibətlərində bəzən arzuolunmaz transformasiyalar baş verir. Cəmiyyət, hər bir vətəndaş bu yad meyillərin qarşısını qətiyyətlə almalı, milli dəyərlərin qorunması, itməməsi üçün güc sərf etməlidir.
Sonda şagirdlərin sualları cavablandırılmışdır.