Ailədaxili mübahisələrin həlli ilə bağlı mediasiya xidmətlərinin tətbiqi
21 may 2024-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4059 nömrəli Sərəncamının 8.4.6 bəndində qeyd olunmuş ailədaxili mübahisələrin həlli ilə bağlı mediasiya xidmətlərinin tətbiqinin genişləndirilməsi üçün müvafiq tədbirlər görülməsi məqsədilə mediasiya haqqında maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, “Məişət zorakılığının qarşısının alınması haqqında” Xocavənd rayon Komissiyasının və “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq” üzrə monitorinq qrupunun üzvləri ölkəmizdə mediasiya prosesinin tətbiqi ilə bağlı geniş məlumat vermiş, mediasiya prosesinin əhəmiyyətindən danışmışlar. Sakinlər arasında təbliğat işlərinin aparılması, mediasiya ilə bağlı müraciət forması barədə əhalinin maarifləndirilməsi üçün kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrə aidiyyəti tövsiyələr verilmişdir. Tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır ki, mediasiya zamanı tərəflər mediatorun (vasitəçinin) köməyi ilə həm özlərinin, həm də qarşı tərəfin mövqeyini yenidən qiymətləndirmək imkanı əldə edirlər. Bu zaman tərəflər qarşı tərəfin sübutları və hüquqi əsasları ilə tanış olur, məhkəmə prosesinin gedişatı və nəticəsi barədə daha aydın mənzərə qazanırlar. Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyaya müraciət edənlər də mediasiya haqqında məlumatlandırılır.