Alternativ su mənbələrindən istifadə praktikasının genişləndirilməsi istiqamətində tədbir keçirilib
“Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Xocavənd rayonunda “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22.07.2022-ci il tarixli, 3378 nömrəli Sərəncamından irəli gələn tapşırıqların icrası çərçivəsində, Sərəncamın 1.1.16.2-ci bəndinə uyğun olaraq alternativ su mənbələrindən istifadə praktikasının genişləndirilməsi mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə su ehtiyatlarının məhdudluğu, mövcud su mənbələrinin qorunmasının vacibliyi, sudan israfçılıqla istifadənin yaratdığı fəsadlar və suya qənaət mədəniyyətinin formalaşdırılması istiqamətində görülməli işlər barədə ətraflı məlumat verilmişdir. Maarifləndirici tədbir çərçivəsində alternativ su mənbələrinin yaradılmasının əhəmiyyəti də diqqətə çatdırılmışdır. Xüsusilə yağış sularının toplanması və istifadəsi, yeraltı su ehtiyatlarından elmi əsaslarla və normativ tələblərə uyğun yararlanma, təmizlənmiş tullantı sularının təkrar istifadəsi, su anbarlarının və kiçik su toplama qurğularının yaradılması kimi imkanların genişləndirilməsinin vacibliyi vurğulanmışdır. Eyni zamanda kənd təsərrüfatında sudan istifadənin səmərəliliyinin artırılması, damcı və yağmurlama üsulu ilə suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi, suvarma kanallarında itkilərin azaldılması və müasir texnologiyalardan istifadə məsələləri müzakirə olunmuşdur. Qeyd edilmişdir ki, bu tədbirlər həm su ehtiyatlarına qənaət edilməsinə, həm də kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsinə mühüm töhfə verə bilər. Tədbirdə əhalinin ekoloji maarifləndirilməsinin, xüsusilə gənc nəslə su ehtiyatlarının qorunması ilə bağlı düzgün vərdişlərin aşılanmasının vacibliyi qeyd edilmişdir. Hər bir şəxsin gündəlik həyatında suya qənaət etməsi, su mənbələrinin çirkləndirilməsinə yol verməməsi və ətraf mühitin mühafizəsində fəal iştirak etməsi dayanıqlı su idarəçiliyinin əsas şərtlərindən biri kimi qiymətləndirilmişdir.Sonda vurğulanmışdır ki, su ehtiyatlarının qorunması və alternativ su mənbələrindən istifadənin genişləndirilməsi gələcək nəsillərin su təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə ardıcıl tədbirlərin həyata keçirilməsi, müasir texnologiyaların tətbiqi və ictimai maarifləndirmə işlərinin gücləndirilməsi su ehtiyatlarının davamlı idarə olunmasına və ekoloji tarazlığın qorunmasına xidmət edir.






